Danimarka Ukraynaya tank əleyhinə qumbaraatan tədarük edib

Danimarka Ukraynaya tank əleyhinə qumbaraatan tədarük edib

Danimarka Ukrayna Silahlı Qüvvələrini açıqlanmayan sayda AT4-CS tipli daşınan tank əleyhinə qumbaraatanla təchiz edib.

“Poliqon” xəbər verir ki, bu barədə Danimarkanın “Risk Intelligence” şirkətinin baş direktoru Hans Tino Hansen rəsmi “Tvitter” hesabında bildirib.

Xatırladaq ki, fevralın 27-də Danimarka Ukraynaya 2700 ədəd M72 EC LAW tipli birdəfəlik tank əleyhinə qumbaraatan və 300 ədəd FIM-92 “Stinger” daşınan zenit-raket kompleksi tədarük edib.

Daha sonra, aprelin 21-də Danimarka Ukrayna Silahlı Qüvvələri üçün təxminən 90 milyon ABŞ dolları dəyərində növbəti hərbi yardım paketini təsdiqləyib.

AT4 İsveçin SAAB şirkəti tərəfindən hazırlanmış tək atışlı, hamar lüləli qumbaraatandır. O, ilk növbədə zirehli hədəflərlə mübarizə aparmaq üçün nəzərdə tutulub, lakin piyadalara qarşı da istifadə oluna bilər. Qumbaraatanın AT4 HEAT, AT4-CS, AT4-CS AST, AT4-CS ER, AT4-CS HE, AT4-CS HP, AT4-CS RS kimi variantları mövcuddur.

AT4-CS baza AT4 variantının eyni döyüş başlığı ilə təchiz edilmiş modelidir. Bu nəsil qumbaraatanlar insanların çoxluq təşkil etdiyi şəhər ərazilərində döyüş üçün nəzərdə tutulub.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS