Daxili Qoşunlar: “TEKNOFEST Azərbaycan” Festivalının keçirilməsi zamanı ictimai təhlükəsizlik yüksək səviyyədə təmin olunub

Daxili Qoşunlar: “TEKNOFEST Azərbaycan” Festivalının keçirilməsi zamanı ictimai təhlükəsizlik yüksək səviyyədə təmin olunub

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının keçirilməsi zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, ərazinin mühafizəsi və nəzarət-buraxılış tədbirlərinə polis əməkdaşları ilə birlikdə cəlb olunan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti qarşıya qoyulmuş tapşırıqların icrasına tam məsuliyyətlə yanaşmaqla öhdəsindən gəlib.

Bu barədə “Poliqon”a Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Tədbirin təşkil olunacağı ərazi və obyektlərə baxış keçirilərək xidmətin təşkili baxımından təhlil olunub, aidiyyəti üzrə komandir heyəti xidmətaparma yerləri ilə əyani tanış edilib. Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunacaq şəxsi heyətə tədbirin əhəmiyyəti, qanunçuluğun qorunması prinsipləri izah edilərək, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşılması tələb olunub. Festival zamanı tapşırıqların icrasına cəlb ediləcək hərbi qulluqçuların lazımi sayda radiostansiya, əl metal detektorları və digər vasitələrlə təchiz edilməsi, onların sazlığının yoxlanılması müəyyən olunub. “Bakı Kristal Zalı”nda perimetr üzrə xidmətə cəlb ediləcək bölmənin müəyyən edilməsi, döyüş hesabatının dəqiqləşdirilməsi, orada fəaliyyət göstərəcək nəqliyyat-yoxlanış sahələrinə yerləşdiriləcək şəxsi heyətin seçilməsi, xidmətaparma yerləri üzrə bölüşdürülməsi təmin olunub.

“Bakı Kristal Zalı”nın ərazisində müayinə tədbirlərinin keçirilməsi tapşırılacaq istehkamçı qrupun şəxsi heyətinin təyin olunması da nəzərdən qaçmayan məsələlərdən olub. Festival keçirilən müddətdə xidmətin təşkili üçün bütün tədbirlər görülüb, şəxsi heyətin daşınması, onların qidalanması, hərbi qulluqçulara tibbi xidmətin göstərilməsi, asudə vaxtın səmərəli təşkili xüsusi diqqət mərkəzində saxlanılıb.

“İstər idmanın müxtəlif növləri üzrə dünya və qitəmiqyaslı çempionatların, istərsə də beynəlxalq turnirlərin və festivalların məhz paytaxt Bakı şəhərində keçirilməsi xüsusilə qürurvericidir. Artıq neçə ildir ki, ölkəmizin evsahibliyi etdiyi mötəbər yarışmalar zamanı xarici ölkələrdən gələn vətəndaşların xalqımızın mədəniyyəti, incəsənəti ilə yaxından tanışlığı dünya çapında əhəmiyyətli dövlətlərdən biri kimi tarixə düşməyimizə zəmin yaradır”, – deyə Daxili Qoşunlardan bildirilib.

Göründüyü kimi, mötəbər tədbir zamanı ictimai təhlükəsizliyin təmin olunmasında kifayət qədər təcrübəyə malik olan Daxili Qoşunların şəxsi heyəti bu dəfə də qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.

Qeyd edək ki, TEKNOFEST Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Tədbir “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyənin Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. Azərbaycan ilk dəfə 2021-ci ildə TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalında iştirak edib. TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür.

d1 d2 d3 d4

Poliqon.az

CATEGORIES
TAGS