Daxili Qoşunların poliqonları MSN tərəfindən müxtəlif avadanlıq və müasir hədəfqaldırıcılarla təchiz olunur

Daxili Qoşunların poliqonları MSN tərəfindən müxtəlif avadanlıq və müasir hədəfqaldırıcılarla təchiz olunur

Daxili Qoşunların Bakı şəhərində yerləşən Təlim Mərkəzində müasir hədəflər və idarəetmə sistemləri mövcuddur.

Daxili Qoşunların Baş İdarəsinin Qərargahında əməliyyat və döyüş hazırlığı idarəsinin rəisi polkovnik Zəfər Əliyev POLİQON jurnalına müsahibəsində bildirib ki, Təlim Mərkəzinin ərazisində müxtəlif çaplı silahlardan atışların keçirilməsi üçün atış meydanları, təlim şəhərcikləri, xüsusi silah və qurğulardan praktiki atışların keçirilməsi üçün atış meydanı və digər təlimlərin keçirilməsi üçün xüsusi təlim sahələri yaradılıb.

Eyni zamanda Daxili Qoşunların Təlim Mərkəzində səhra təlimlərinə cəlb olunan şəxsi heyətin qalması üçün 300 nəfərlik kazarma-yaşayış fondu və digər zəruri şərait yaradılıb.

“Xızı rayonu ərazisində yerləşən Təlim Mərkəzi hazırkı dövrdə əsas etibarilə xüsusi təyinatlı bölmələrin hazırlığının təmin edilməsi üçün istifadə olunur. Bu Təlim Mərkəzinin dağlıq və meşəlik ərazidə olması xüsusi təyinatlı bölmələrin hazırlanmasında xüsusi əhəmiyyətə malikdir. Bununla yanaşı, Təlim Mərkəzində müasir hədəfqaldırıcılarla təmin olunmuş xüsusi atış zolaqları, atıcılıq tiri, maneələr zolağı, təlim yaşayış məntəqələri və digər təlim obyektləri mövcuddur. Xızı rayonunda yerləşən Təlim Mərkəzində eyni zamanda 100 nəfərədək şəxsi heyəti yerləşdirimək üçün kazarma-yaşayış fondu və digər zəruri şərait yaradılıb”, – deyə polkovnik Z.Əliyev vurğulayıb.

Z.Əliyev bildirib ki, bundan əlavə, Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən hərbi hissəsinin balansında olan təlim-sınaq məntəqəsində də atıcılıq tiri və atış meydanı, sürücülərin hazırlanması üçün xüsusi təlim zolağı və digər təlimlərin keçirilməsi üçün xüsusi təlim sahələri mövcuddur və şəxsi heyətin istifadəsindədir: “Qeyd etdiyim təlim-sınaq məntəqəsinin ərazisi eyni zamanda bir neçə hərbi hissənin birgə təlimlərinin keçirilməsi üçün kifayət qədər imkana malikdir.

Bölgələrdə yerləşən hərbi hissələr şəxsi heyətlə atıcılıq təlimlərinin daha da səmərəli keçirilməsi üçün daşına bilən hədəfqaldırıcı kompleksləri ilə təmin olunub. Hərbi hissələrdə tabel silahlarından praktiki atışların daha da keyfiyyətli keçirilməsi məqsədilə atıcılıq tirləri şəxsi heyətin istifadəsinə verilib.

Hərbi təlim-tədris prosesinin vacib elementlərindən biri də poliqonlardır. Ümumiyyətlə, Daxili Qoşunların maddi-tədris bazası döyüş təliminin yaxşılaşdırılması və inkişafı üçün mühüm yer tutur. Sözsüz ki, poliqonlar, təlim mərkəzləri maddi-tədris bazası elementlərindən biri olaraq hər il planlı şəkildə təkmilləşdirilir. Son illər Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin strukturları tərəfindən poliqonlar, xüsusilə də atış meydanları müxtəlif avadanlıqlarla və müasir hədəfqaldırıcılarla təchiz olunur”.

Poliqon.az

CATEGORIES
TAGS