Dövlət Komissiyası itkin düşmüş 6 nəfər hərbçi ilə bağlı axtarış işlərini davam etdirir

Dövlət Komissiyası itkin düşmüş 6 nəfər hərbçi ilə bağlı axtarış işlərini davam etdirir

Hazırda 6 nəfər Azərbaycan hərbçisi II Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınıb və onlarla bağlı zəruri axtarış işləri davam etdirilir.

“Poliqon”un məlumatına görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

“Burada bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, ilk baxışdan statistik görünən bu rəqəmlərin hər birinin arxasında insan taleyi, ailələrin övlad itkisi və göz yaşı dayanır. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə bütün dövlət qurumları bu məsələyə çox həssas yanaşıb. Təbii ki, burada aidiyyəti dövlət qurumları qarşısında qoyulmuş vəzifələrlə yanaşı, həm də hər bir vəzifəli şəxsin məsələyə vicdanlı münasibəti vacib amildir. Qeyd etməliyəm ki, əksər halda bu sahə üzrə mütəxəssislər istirahət etmədən, gecə-gündüz axtarış və eyniləşdirmə tədbirlərini həyata keçiriblər. Xüsusilə məhkəmə-tibbi ekspertlər, genetiklər, patoloq-anatomlar, eyni zamanda Hərbi Prokurorluğun, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, həmçinin yerli icra hakimiyyəti orqanlarının işçiləri fasiləsiz olaraq bu işlərin icra edilməsinə çalışıblar. Bu qurumlar Dövlət Komissiyası ilə sıx əməkdaşlıq şəraitində işləyib”, – deyə İ. Axundov vurğulayıb.

İşçi qrupunun rəhbəri qeyd edib ki, bununla yanaşı, 6 nəfər hərbçinin taleyinin aydınlaşdırılmaması təəssüfedicidir: “Bu hal Dövlət Komissiyası olaraq bizi çox məyus və narahat edir. Böyük ümid hissi ilə bildirmək istəyirəm ki, Dövlət Komissiyası bu həssas vəzifənin öhdəsindən gələcək, gözü yolda qalan ailələrin əzab və iztirablarına son qoymağa nail olacaq. Hazırda bu bizim ən müqəddəs vəzifəmizdir”.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş