Döyüş yolu Murovdağdan başlayaraq Şuşayadək davam edən şəhid İsmayıl Qəsəbov
Hər bir dövlət və xalq üçün müharibə ağır sınaqdır. Hərbi təcavüzə qarşı səfərbər olmağı bacaran, öz gücünü toparlayaraq döyüş qabiliyyətini qoruyan, düşmən üzərində qələbə naminə qurbanlar verən, mənəvi dəyərlərinə, qəhrəmanlıq ənənələrinə sadiq qalan ölkə məğlubedilməz, onun vətəndaşları yenilməzdir. Fəxrlə qeyd etmək olar ki, Azərbaycan məhz belə ölkədir. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm hərbi zəfər bunu bir daha bütün dünyaya göstərdi. Azərbaycan xalqının bir də soyqırım, işğal, məcburi köçkünlük faciələrini yaşamaması, erməni işğalçılarının bizə qarşı törətdikləri vəhşiliklərin intiqamının alınması, ərazi bütövlüyün bərpası üçün şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların mərdlik və fədakarlıq nümunələri daim gəncləri rəşadətə ruhlandıracaq.
“Poliqon”un məlumatına görə, Vətən müharibəsi şəhidlərindən biri baş çavuş Qəsəbov İsmayıl Nəbi oğludur. O, 1991-ci il iyulun 6-da Qazax rayonunun Çaylı kəndində doğulub. Ailənin sonbeşiyi idi, özündən bir yaş böyük olan Nazim adlı qardaşı var. İsmayılın böyüyərək boya-başa çatdığı ailənin qayğıları, çətinlikləri az olmayıb. Cəmiyyət üçün layiqli övladlar yetişdirilməsində Kəmalə Carçıyeva əməyini əsirgəməyib.
Qeyd edim ki, İsmayılın anası Kəmalə xanımın babası İsgəndər Carçıyev II Dünya müharibəsində faşistlərə qarşı döyüşüb.
İsmayıl Çaylı kəndində yerləşən şəhid Elşən Cəfərov adına 2 saylı tam orta məktəbdə təhsil alıb. Onun vətənpərvər və mənəviyyatlı gənc kimi formalaşmasında müəllimlərinin verdikləri tərbiyə, aşıladıqları biliklər də vacib rol oynayıb. Ədalətli və dürüst olmaq məsələsinə o vaxtdan çox həssas yanaşıb. Attestatında “yaxşı” qiymət yazılan fənlərdən biri də insan və cəmiyyətdir. Orta məktəbdə oxuyarkən o, gələcəklə bağlı arzularından danışdıqda ya polis, ya da hərbçi olacağını deyib.
Yeniyetməlik yaşından İsmayıl fiziki hazırlığına diqqət yetirib, idmanın güləş və karate növləri ilə maraqlanıb, məşqlərə gedib.
2009-cu ilin oktyabr ayında İsmayıl müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci ilin aprel ayınadək Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin tərkibində xidmət keçib. Ön mövqedə torpaqların müdafiəsində dayanıb. Müddətli həqiqi hərbi xidmət zamanı ona “kiçik çavuş” hərbi rütbəsi verilib.
Azərbaycan Ordusu sıralarından ehtiyata buraxıldıqdan sonra ailəyə maddi köməklik göstərmək üçün bir müddət tikinti şirkətində fəhlə işləyib. İsmayıl doğmalarına və yoldaşlarına mülki sahədə işləmək istəmədiyini, rəğbətlə yanaşdığı hərbçi peşəsinə meyilləndiyini bildirib. Belə bir münasibəti onun dünyagörüşünə və xarakterinə tam uyğun idi. Beləliklə, müddətdən artıq həqiqi hərbi xidmətlə bağlı qərar verib. Hərbi xidmət keçmək üçün ictimai təhlükəsizliyin təmin edilməsində polislə birgə fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarını seçib. 2012-ci ilin dekabr ayının 21-də Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsinin komendant bölüyündə komendant taqımı komandirinin müavini vəzifəsinə təyin edilib. Sonrakı hərbi xidməti qoşunların Bərdə rayonunda və Bakının Biləcəri qəsəbəsində fəaliyyət göstərən hərbi hissələrində keçib. Xüsusi təyinatlı dəstədə xüsusi həmlə qrupunun yarımqrupunda atıcı-sanitar, qumbaraatan köməkçisi, qumbaraatan, xüsusi əməliyyat qrupunun yarımqrupunda atıcı-qumbaraatan vəzifələri İsmayıla həvalə olunub. Təyin edildiyi vəzifələrdə komandanlığın etimadını doğruldaraq “baş çavuş” hərbi rütbəsinədək yüksəlib, nümunəvi xidməti nəzərə alınaraq dəfələrlə mükafatlandırılıb. Xüsusi təyinatlı kimi qarşıya qoyulan tapşırıqları əzmkarlıqla yerinə yetirib, xidmət etdiyi qoşunun nüfuzunu həmişə uca tutub. Təlimlərdə çalışqanlıq göstərib, taktiki hazırlıq üzrə bilik və bacarıqlarını təkmilləşdirib, silah və xüsusi vasitələrin istifadə qaydalarını mükəmməl mənimsəyib, sərrast atəşaçma qabiliyyəti ilə seçilib. Peşə hazırlığında uğurlu nəticələrinə və məharətinə görə zoğalı beret daşımağa layiq görülüb. Harada xidmət edibsə, komandirlərinin və yoldaşlarının hörmətini qazanıb.
Xüsusi təyinatlı hərbi xidməti dövründə düşmən tapdağındakı yurdların azad olunması üçün döyüş əmrinin veriləcəyi günə hərtərəfli hazırlaşıb.
2020-ci ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsinin ilk günündən döyüşə atılan İsmayıl erməni işğalçılarına qarşı mətinliklə vuruşub. Xüsusi təyinatlının şərəfli döyüş yolu Murovdağdan başlayaraq Şuşayadək davam edib.
Vətən müharibəsi qazisi, II qrup əlil, istefada olan gizir Rasim Yaxin İsmayılla Biləcəridəki hərbi hissənin xüsusi təyinatlı dəstəsində eyni qrupda xidmət etdiklərini bildirdi. Rasim yarımqrup komandiri olub və eyni zamanda, qrup komandirinin vəzifəsinin icrası ona tapşırılıb. Silahdaşının yoldaşlıqda səmimiyyəti və etibarlılığını, kollektivdə etik davranışını, vəzifə borcuna vicdanla yanaşdığını, xidmətdə və təlimdə istənilən çətinliyin öhdəsindən gəldiyini xüsusi vurğuladı.
Qazi məlumat verdi ki, müharibədə İsmayılın necə cəsurluqla döyüşdüyünü görüb, o od-alovlu günlərdə silahdaşına hər an arxalanıb.
Müdafiə Nazirliyinin xüsusi təyinatlılarının daxil olduqları qrupların tərkibində Murovdağ silsiləsi, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı rayonları və Şuşa şəhəri istiqamətlərində döyüş əməliyyatlarında iştirak etdiklərini söyləyən Rasimin sözlərinə görə, 44 gün ərzində yalnız irəliləyiblər, erməni hərbçiləri onların qarşısında dayana bilməyiblər, təcavüzkar canlı qüvvə, texnika və silah-sursat sarıdan ciddi itkilərə məruz qalıb. İsmayıl avtomat silahı ilə erməni işğalçılarına tutarlı atəş zərbələri endirib, onların bir neçə postunun susdurulmasında şəxsi şücaət göstərib.
Həmsöhbətim dedi ki, döyüşlərarası məqamlarda İsmayılla söhbət edərkən o, övladları haqqında danışdıqda kədərlənirdi, onların gələcəyi ilə bağlı arzuları vardı.
Rasim noyabrın 6-da Şuşaya hücuma keçdiklərini, şəhərin yaxınlığında şiddətli döyüşlərin getdiyini, düşmənin mövqelərinin nəzarətə götürüldüyünü diqqətə çatdırdı. Noyabrın 7-də Şuşanın yaxınlığında mövqeləndikləri ərazini işğalçılar tanklardan və minaatanlardan atəşə tutublar, bu zaman Rasim ağır yaralanıb, onun yanında olan İsmayıl isə şəhadətə qovuşub.
Vətən müharibəsi iştirakçıları: Biləcəridə yerləşən “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin mühafizə yarımqrupunda mühafizəçi baş çavuş Dəyanət İsayev, atəş təminatı qrupunun iriçaplı pulemyot yarımqrupunda pulemyotçu baş çavuş Paşa İmanov və qoşunların Zaqatala rayonundakı “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun yarımqrupunda pulemyotçu çavuş Sənan Tanrıverdiyev silahdaşlarının müharibədə qorxmazlığı, dözüm və iradəsi ilə fərqləndiyini, hər bir vəziyyətdə ruh yüksəkliyini qoruyub saxladığını, yaralıları atəş altından çıxartmaq üçün özünü çevik onlara yetirdiyini, ilk yardım göstərməyi bacardığını, ərzaq ehtiyatı tükəndikdə təbiət nemətlərindən necə bəhrələnməyi bildiyini, ayıq-sayıqlığı nəticəsində bir sıra döyüşçülərin pusquya düşməsinin qarşısını aldığını, son döyüşədək dəfələrlə ölüm təhlükəsi ilə üzləşdiyini, Şuşaya bayrağımızı sancmağı arzuladığını bildirdilər.
15 noyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə İsmayılın 7 noyabr 2020-ci ildə Şuşada hərbi əməliyyat nəticəsində digər növ partlayışlar və ya qəlpələrlə törənmiş zədələnmələr səbəbindən şəhid olduğu barədə qeydlər öz əksini tapıb.
Şəhid hərbi qulluqçu noyabrın 12-də Çaylı kəndindəki Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq sərəncamlarla baş çavuş İ.Qəsəbov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Çaylı kəndindən 27 nəfər I Qarabağ müharibəsində, 6 nəfər Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Kənddə İsmayılın xatirəsinə dostlarının təşəbbüsü ilə abidə-bulaq kompleksi yaradılıb. Məzunu olduğu məktəbdə 4c sinfinə, bununla yanaşı, Bakıdakı 51 saylı tam orta məktəbdəki kitabxanaya, 129 saylı tam orta məktəbdəki 6e sinfinə, Qazax şəhərində küçələrdən birinə İsmayılın adı verilib. Qazax şəhərində yerləşən Şəhidlər parkında İsmayıla həsr olunan plakat quraşdırılıb, Çaylıda da plakat hazırlanıb.
Şəhidin Xırdalan şəhərində yaşayan ailəsinə baş çəkdim. Mənzildə səliqə ilə düzəldilən guşədə saxlanılan şəkillər və əşyalar İsmayılı xatırladır. İsmayıl 2017-ci ilin iyul ayında Lalə xanımla ailə qurub. Onların iki övladı dünyaya gəlib, adlarını Mərd və Uğur qoyublar. Mərd Heydər Əliyev Fondunun qayğısı sayəsində Ulu Öndərin adını daşıyan Müasir Təhsil Kompleksinin uşaq bağçasına qəbul olunub. Lalə xanım inanclı, xeyirxah, qayğıkeş, ailəcanlı olmuş İsmayılın yoxluğu ilə barışa bilmir. Həyat yoldaşı barədə xatirələrini bölüşdü. Söhbət zamanı Mərd və Uğuru İsmayılın adına layiq tərbiyə edərək böyüdəcəyini söylədi. O, şəhidlərlə bağlı təşkil olunan ictimai tədbirlərdə fəal iştirak edir. Hazırda Azərbaycan Kooperasiya Universitetində təhsil alır.
Qazax Rayon Polis Şöbəsinin post-patrul bölüyündə polis serjantı olan şəhidin qardaşı Nazim vətəndaşların əmin-amanlığı keşiyindədir.
Allah rəhmət eləsin!
Yalçın Abbasov
DİN-in Daxili Qoşunlarının
veteranı, tədqiqatçı-jurnalist