Dr. Mehmet Akif Nacar: Azərbaycanın gəmilərində ADVENT SYS istifadə etməsi çox faydalı olacaq
Türkiyənin ən böyük texnologiya şirkətlərindən sayılan HAVELSAN öz təcrübəsi, mütəxəssis işçiləri, yüksək texnologiyaya əsaslanan proqram təminatı tələb edən orijinal həllər və məhsulları ilə beynəlxalq bazarda lider brendə çevrilib. HAVELSAN şirkəti, öz bünyəsində hazırlanan yüksək texnologiya və proqram təminatı ilə yanaşı müdafiə, təhlükəsizlik və informasiya sektorlarında texnologiya istehsal edən və biznes ekosistemində yer alan şirkətlərin həll və məhsullarını bir araya gətirərək müştərilərinə açar təslim həllər təklif edən bir şirkətdir. HAVELSAN-ın baş direktoru Dr. Mehmet Akif Nacar Poliqon jurnalına müsahibəsində rəhbərlik etdiyi şirkətin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və perspektiv planlarından danışıb.
Poliqon: Mehmet Akif bəy, ilk öncə HAVELSAN şirkətinin fəaliyyəti və məhsul qrupları haqqında məlumat verməyinizi istərdik.
Mehmet Akif: HAVELSAN, öz təcrübəsindən güc alan; öz sahəsində ən yaxşı mütəxəssisləri ilə təhlükəsiz gələcək üçün vahid müdafiə sistemləri hazırlayan transformasiya şirkətidir. Türkiyə müdafiə sənayesinin ən əhəmiyyətli oyunçularından biri olaraq orijinal həllər hazırlayır və məhsul/həll müxtəlifliyimizlə fərqimizi ortaya qoyuruq. Simulyasiya, avtonom və platforma idarəetmə texnologiyaları, komanda nəzarət və müdafiə texnologiyaları, informasiya və kommunikasiya texnologiyaları, ölkə təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrində həllər təklif edirik. Qeyd etdiyim fəaliyyət sahələrində orijinal məhsul və sistemlərdən ibarət həllərimizi beynəlxalq dost və müttəfiq ölkələrin silahlı qüvvələrinin, dövlət qurum və təşkilatlarının və özəl sektorun xidmətinə təklif edirik. Texnologiyada keyfiyyətimizi, dünyanın müxtəlif coğrafiyalarında istifadə olunan məhsul və həllərimizlə təsdiq edirik. Komanda Nəzarət və Müdafiə Texnologiyalarımız (KNMT-KKST) haqqında məlumat verməyə bu bölümümüzün tez-tez istifadə etdiyi bir şüarla başlamaq istərdim. “Biz platformalara ağıl əlavə edirik”.
Komanda Nəzarət Sistemləri, bütün silahların və ya sensorların mərkəzində, həm onların bir-biri ilə inteqrasiya edilməsini, həm də hamısını birlikdə bir döyüş sistemi olaraq davranmasını təmin edən ağıldır. Türkiyənin ən böyük proqram təminatı mərkəzi olaraq bu ağılı, hazırladığımız proqram təminatı və bu proqram təminatının üzərində işlədiyi niş aparatlar ilə təmin edirik. Türkiyə Silahlı Qüvvələrinin tərkibindəki 50-yə yaxın suüstü və sualtı platformada, Barış Qartalı, Dəniz Kəşfiyyat Patrul / Müşahidə kimi bir çox hava elementlərində, komanda nəzarət iyerarxiyasının bütün səviyyələrində ehtiyaclara cavab verən və qüvvələri rəqəmsallaşdıran quru, dəniz və hava komanda nəzarət və informasiya sistemlərində, bir çox hava, quru və sualtı simulyatorlarda HAVELSAN-ın barmaq izlərini görə bilərsiniz.
Simulyasiya, Avtonom və Platforma Texnologiyaları (SAPT-SOPT) sahəsində isə, HAVELSAN olaraq 30 ildən çox təcrübəmiz ilə; başda Türkiyə Silahlı Qüvvələri olmaqla dünya miqyasında istifadəçilərin hərbi və mülki sahədə ehtiyaclarını ödəmək üçün hava, quru, sualtı və suüstü platformaları üçün yüksək texnologiyaya əsaslanan çeşidli təlim həllərimiz, simulyator texnologiyaları, avtonom və platforma idarəetmə sistemləri təklif edirik. Habelə, Milli Döyüş Təyyarəsi (MMU) Layihəsinə də öz töhfəmizi veririk.
Bununla bərabər HAVELSAN uzun illərdir ki, “Robotexnika və Avtonom Texnologiyalar” sahəsində dərin Ar-Ge (Araşdırma-İnkişaf) fəaliyyətləri həyata keçirir. Müvafiq tədqiqatlar nəticəsində əldə edilən məlumat bazası sayəsində hazırlanan sistemlər təkbaşına avtonom işləyə bilər, eyni zamanda sürü halında xidmət göstərərək HAVELSAN tərəfindən inkişaf etdirilən “Rəqəmsal Birlik” konsepsiyasının əsasını təşkil edir. Bu çərçivədə HAVELSAN müxtəlif xüsusiyyətləri ilə rəqiblərindən fərqlənən B30 və M6 pilotsuz uçuş aparatı və BARKAN insansız quru vasitəsini hazırlayıb. İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT-BİT) sahəsində qurumların elektron transformasiya proseslərində etibarlı və lider şirkət olaraq; informasiya texnologiyaları sistemləri, müştəri ehtiyaclarına uyğun xüsusi tətbiqlər, proseslərin sürətləndirilməsi, funksionallığın, səmərəliliyin və etibarlılığın artırılması, sistemlərarası inteqrasiya və birlikdə fəaliyyət göstərməyi təmin edən açar təslim həllər istehsal edirik. Kibertəhlükəsizlik, Kritik Təsis / Sərhəd Təhlükəsizliyi Həlləri, Görüntü / Video Emalı və Elektron Hökumət Həlləri HAVELSAN-ın BİT sahəsində təcrübəsini təsdiq etdiyi mövzulardan yalnız bir neçəsidir.
HAVELSAN-ın tamamlanmış, davam edən və yeni layihələri haqqında məlumat verə bilərsinizmi?
Mehmet Akif: Qlobal pandemiyanın gətirdiyi çətinliklərə baxmayaraq, HAVELSAN olaraq bir çox mühüm layihələri qrafikə uyğun şəkildə tamamlaya bildik. Hərbi Dəniz Qüvvələri Araşdırma Mərkəzi Komandanlığı (ARMERKOM) ilə HAVELSAN-ın birgə hazırladığı yeni nəsil şəbəkə dəstəkli döyüşün Komanda Nəzarət Sisteminin əsas çatısını təşkil edən ADVENT Komanda Nəzarət / Döyüş İdarəetmə Sisteminin (DİS-SYS) (ADVENT KALYON), suüstü gəmilər üçün patrul gəmilərindən (OPV) korvetə, freqatlardan tutmuş helikopter gəmilərinə (LHD) qədər bir çox müxtəlif ölçülü platformalara verilməsi üçün müqavilələr imzalanmış və bəziləri Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının xidmətinə verilmişdir.
Yeni Tip Sualtı Layihəsi (YTDP) müqaviləsinə əsasən REIS sinifli sualtı qayıqlarımız (6 ədəd) üçün HAVELSAN tərəfindən hazırlanan orijinal və bütün Sualtı Məlumat Paylama Sistemimiz (SMPS-DBDS) üçün hazırlanmış orijinal SYS proqramı daxil olmaqla, sualtı komanda nəzarət sisteminin 5-cisinin və sualtı qayığın məlumat paylama sistemi olan sualtı məlumat paylama sistemi məhsulumuzun hamısının (6+1 ədəd) zavod qəbul sınaqları uğurla tamamlanmışdır.
“Preveze” sinif sualtı qayıqların modernləşdirilməsi çərçivəsində; İlk sualtı qayığın (DBDS) və ADVENT SYS-in sualtı platformalarda ilk tətbiqi olan və Taktiki Data Linklər (TDL) başda olmaq üzərə akustik olmayan sistem inteqrasiyasının təmin edildiyi AKOS layihəsində ilk proqram və ya aparat tədarükləri tamamlanmışdır.
Müşahidə və əməliyyat səmərəliliyini artıracaq Sahil Müşahidə Radar Sistemi (SGRS) Layihəsi çərçivəsində situasiya haqqında məlumatlandırma imkanlarını təmin edəcək proqram təminatı Türkiyə Sahil Mühafizəsi Komandanlığının istifadəsinə təqdim edilmişdir. Türkiyə Boğazlarında Gəmi Trafik Xidmətləri (TBGTH) Layihəsi çərçivəsində HAVELSAN tərəfindən hazırlanan Gəmi Trafik Xidmətləri (VTS) proqramı Sahil Təhlükəsizliyi Baş İdarəsinin istifadəsinə təqdim edilib. HAVELSAN VTS, HAVELSAN-ın gələcəyə baxışı olan e-Dənizçilik sahəsində təklif etdiyi, Boğazlardan keçidi daha da təhlükəsiz edəcək veb əsaslı əsas sistemdir.
DOOB (Defence-Out-Of-Box) Komanda Nəzarət Sistemi 8 ildir ki, NATO-nun CWIX təlimlərində istifadə olunur və bütün sınaqlardan uğurla keçmişdir. Bu sistem hələ də Oman Müdafiə Nazirliyi tərəfindən Birgə Komanda Nəzarət Sistemi kimi fəal şəkildə istifadə olunur. İnteqrasiya edilmiş KBRN (Kimyəvi, Bioloji, Radioloji, Nüvə) Müdafiə Komanda Nəzarət Sistemi olan və əlaqədar bütün prosesləri avtomatlaşdıracaq CBRN MENTOR sistemi istifadəyə hazır vəziyyətə gətirilmişdi.
HAVELSAN tərəfindən hazırlanan və 2009-cu ildən etibarən Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığında istifadə edilən Hərbi Hava Qüvvələri Məlumat İdarəetmə Sisteminin (HVBS) texniki xidməti və texniki xidmət göstərilməsi, cari ehtiyaclara uyğun proqram təminatının yenilənməsi və modernləşdirilməsi istiqamətində işlərimizi davam etdiririk. ADVENT infrastrukturundan istifadə edərək, Dəniz Patrul və Müşahidə təyyarələri başda olmaqla oxşar platformalarda xidmət göstərəcək ADVENT MARTI Təyyarə Missiya Sistemi (Hava Komanda Nəzarət Sistemi – HKNS-HKKS) hazırlanmış və sistem Hərbi Dəniz Qüvvələri Komandanlığının bir təyyarəsinə inteqrasiya edilərək istifadəyə verilmişdir.
SOPT sahəsində isə simulyasiya və təlim texnologiyalarında davam edən mövcud layihələrimizə əlavə olaraq, robototexnika və avtonom sistemlər, real vaxt əlaqə sistemi və platforma idarəetmə sistemləri kimi yeni fəaliyyət sahələri də qarşıdakı dövrdə layihələrimizi formalaşdıracaq. Bu sahələrə qoyduğumuz investisiyalarla məhsul portfelimizi genişləndirməyi hədəfləyirik. Avtonom sistemlərdə və pilotsuz quru və hava nəqliyyatında etdiyimiz təşəbbüsün bir hissəsi olaraq, 2021-ci ildə konsepsiya və dizayn araşdırmalarımızı tamamlayaraq, fərdi və sürü/komanda halında xidmət edən “İnsansız Sistemlər” hazırladıq. 2022-ci ildə yeni texnologiyalar hazırlamaq və mövcud layihələrimizə yeni imkanlar qazandırmaq üçün işlərimizi davam etdirəcəyik.
Təhlükəsizlik Sistemləri həlləri çərçivəsində HAVELSAN tərəfindən hazırlanan Barmaq İzi Tanıma Sistemi ilə Türkiyə öz imkanları ilə biometrik məlumat sistemini hazırlayan dünyada 7-ci ölkə olma uğurunu əldə etmişdi. IoT (Internet of Things – əşyaların interneti) platforması və görüntü idarəetmə sistemləri üçün proqram təminatının hazırlanması ilə Kritik Obyektlərin Təhlükəsizliyi, Sərhəd Təhlükəsizliyi və Şəhər Təhlükəsizliyi sahələrində mərkəzləşdirilmiş, asanlıqla izlənilən və idarə olunan həllər tətbiq edilmişdir.
Rəqəmsal Transformasiya Həlləri çərçivəsində informasiya cəmiyyətinə çevrilmə məqsədinə nail olmaq üçün iri “Elektron Hökumət” layihələri həyata keçirilib, hazırlanmış sistemlər uğurla tətbiq edilərək ölkə ərazisində geniş yayılmışdı. İnfrastruktur sistem həlləri çərçivəsində korporativ prosesləri daha effektiv, keyfiyyətli, izlənilə bilən, fasiləsiz və təhlükəsiz şəkildə idarə etmək üçün yerli və milli həllər tətbiq edilmişdir.
Poliqon: GENESIS ilə başlayan və ADVENT ilə davam edən Döyüş İdarəetmə Sistemi (SYS) məhsul ailənizin son vəziyyəti haqqında məlumat verə bilərsinizmi? İxrac fəaliyyətləri çərçivəsində yeni irəliləyişlər varmı?
Mehmet Akif: GENESIS ilə başlayan SYS hazırlama və inteqrasiya fəaliyyətləri ADVENT SYS-i gəmilərə quraşdıraraq artan intensivliklə davam edir. Bir tərəfdən GENESIS SYS-li gəmilərə texniki xidmət müqavilələrimiz çərçivəsində dəstək veririk, digər tərəfdən də bu platformaların bəzilərini gücləndirmələr tətbiq edərək ADVENT SYS-yə çevirmək üçün işlər davam edir. Qardaş ölkə Pakistan Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək MİLGEM sinifli gəmilər, Ukrayna Hərbi Dəniz Qüvvələri üçün imzalanan MİLGEM layihəsi və İndoneziya Hərbi Dəniz Qüvvələri üçün İndoneziya tərsanələrində inşa ediləcək müxtəlif suüstü platformalarına quraşdırılacaq ADVENT SYS və Döyüş Sistemi İnteqrator müqavilələrinə yönəlik fəaliyyətlər həyata keçirilir.
Bu dost və müttəfiq ölkələrlə paylaşdığımız Şəbəkə Dəstəkləmə qabiliyyətinə malik ADVENT SYS sayəsində dəniz qüvvələrinin ortaq bir infrastruktur üzərində bir-biri ilə tam koordinasiyada işləməsi mümkün olmuşdur. Azərbaycanlı qardaşlarımızın da gəmilərində ADVENT SYS istifadə etməsinin həm Türkiyə Hərbi Dəniz Qüvvələrinin sahədə istifadə etdiyi bir SYS ilə işləmək baxımından, həm də “Bir millət, iki dövlət” şüarı ilə gətirilmiş tam koordinasiyada işləmək üçün infrastruktur imkanı baxımından çox faydalı olacağı düşünülür.
Poliqon: HAVELSAN kibermüdafiə və kibertəhlükəsizlik sahəsində geniş spektrli fəaliyyətlər həyata keçirir. Kiber visionunuzla bağlı əsas məqamları oxucularımızla bölüşə bilərsinizmi?
Mehmet Akif: HAVELSAN olaraq kibertəhlükəsizlik sahəsində diqqət mərkəzində saxladığımız məsələləri texnologiyanın istiqamətləndirildiyi sahələrdən müstəqil saxlamadan idarə edirik. Bu kontekstdə bütün dünyanın diqqət mərkəzində olan kiber-fiziki sistemlər, kvant hesablama və kriptoqrafiya, kritik infrastrukturların təhlükəsizliyi, süni intellekt, makina öyrənməsi, Əşyaların İnterneti, Ağıllı Şəhərlər, Bulud Hesablamaları (Cloud Computing) kimi inkişafları yaxından izləyirik.
Yuxarıda qeyd olunan texnologiya sahələrində yaranan mülki və hərbi platforma sistemlərinin kiberhücumlar nəticəsində yaranan əməliyyat fasilələrindən təsirlənməməsi üçün hər səviyyədə təhlükəsizlik həlləri təqdim edirik. Bu sistemlərin dizayn fəlsəfəsinin mərkəzinə aşkarlamaqdan daha çox qarşısının alınması nöqteyi-nəzərindən yerləşdiririk. Sıfır inam (Zero-trust) prinsipini həm HAVELSAN daxilində, həm də paydaşlarımıza təklif etdiyimiz həllərdə qəbul edirik. Türkiyə silahlı qüvvələrinin kiber ehtiyacları üçün həyata keçirdiyimiz Kiber Müdafiə Mərkəzi – SİSAMER layihəmiz zamanı ekosistem şirkətlərimizin və HAVELSAN BARİER məhsulumuzun təqdim edəcəyi dərinləməsinə təhlükəsizlik ilə 5 əsas fəaliyyət sahəsində dünya standartlarında rəqabət apara biləcək məhsullar hazırlamaq üçün istiqamət vermək missiyamızı yerinə yetiririk. Onu da vurğulamaq istərdim ki, bu layihənin nəticələrinin təkcə ölkə daxili kritik qurumlarımızın deyil, həm də dost ölkələrin ehtiyaclarını birbaşa və ən yüksək səviyyədə ödəyəcəkdir.
Poliqon: HAVELSAN-ın mövcud durumu haqqında qiymətləndirmələrinizi bilmək istərdik. 2021-ci il HAVELSAN üçün necə bir il oldu? 2022-ci il üçün hədəfləriniz, planlarınız və gözləntiləriniz nədən ibarətdir?
Mehmet Akif: Covid-19 pandemiyasının davam edən bütün mənfi təsirlərinə baxmayaraq, HAVELSAN-ın 2021-ci ildə xaricdə uğurlu və istiqrarlı bir performans nümayiş etdirdiyini düşünürük. HAVELSAN üçün 2021-ci il xaricdə, xüsusilə Azərbaycan, Qətər və İndoneziya ilə müdafiə layihələrində çox mühüm və uzunmüddətli əməkdaşlığa səbəb olacaq yeni müqavilələrin həyata keçirildiyi bir il oldu. Hazırda bu müqavilələr çərçivəsində istehsalı davam edən layihələrimizin ixracını qarşıdakı illərdə gerçəkləşdirəcəyik. Başqa sözlə, deyə bilərəm ki, qarşıdakı illərdə komanda nəzarət texnologiyalarına aid məhsul və həllərimiz ilə təlim və simulyasiya sistemləri sahəsindəki informasiya və kommunikasiya sistemləri proqram təminatının satışları birdən çox ölkəyə həyata keçiriləcək. Bu günə qədər Qətər, Oman, Küveyt, Malayziya və Pakistandakı ofislərimiz; İndoneziya və Banqladeşdə yerli işçilərimiz var. Bu ölkələrlə yanaşı, 2021-ci ildə xarici mövcudluğumuzu qurduğumuz ölkə Azərbaycan olub. Ölkə menecerimiz Bakıda məskunlaşıb və 2022-ci il ərzində Azərbaycan ofisimiz fəaliyyətə başlayacaq.
Əvvəlki illərdə olduğu kimi, 2022-ci ili də mövcud və yeni bazarlarımızda yeni əməkdaşlıqlar, bazarın inkişafı və biznesin inkişafı fəaliyyətlərinə diqqət yetirəcəyimiz bir il olacaq. Bu mənada digər mühüm bazarlarda, xüsusən də Azərbaycanda mövcudluğumuzu genişləndirməyə və şaxələndirməyə davam edəcəyik. Bu mənada deyə bilərəm ki, 2022-ci ildə bizim xarici bazar və biznesin inkişafı fəaliyyətimiz xeyli dərəcədə Azərbaycanda cəmləşəcək.
Ar-Ge fəaliyyətlərimizə baxıldığında, 434 milyon TL-lik Ar-Ge xərcləri ilə HAVELSAN güclü bir performans göstərdi. 2021-ci ildə 4 Ar-Ge Mərkəzimizdə həyata keçirilən 80-dən çox layihə çərçivəsində 440 milyon TL-dən çox sərmayə qoyulmuşdur və şirkət tarixinin ən böyük Ar-Ge xərclərinə çatmaq yolundadır. Ar-Ge xərclərimizin təxminən üçdə birini səhmdarlığın AR-GE xərcləri təşkil edir; bu, son illərdə dövriyyəmizin 7%-nə uyğundur. Cari Ar-Ge personalımızın sayı da 1400-ü keçib.
Şirkətimizin texnologiya yönümlü strategiyalarına uyğun olaraq; xüsusilə, Süni İntellekt, Avtonom Platformalar, Bulud Hesablamaları, Əşyaların İnterneti, Görüntü Emalı, Artırılmış Reallıq, Rəqəmsal Əkizlər, Blok Zəncir, Platforma Təhlükəsizliyi, Yeni Nəsil Rabitə, Ağıllı Qərar Dəstəkləri Texnologiyalarına investisiyalarımız artaraq davam edəcək.
Poliqon: Mehmet Akif bəy, Azərbaycanla bağlı planlarınız və təklifləriniz barədə məlumat verə bilərsinizmi? Azərbaycanda həyata keçirdiyiniz layihələr haqqında nələri deyə bilərsiniz?
Mehmet Akif: HAVELSAN Azərbaycan Quru Qoşunları üçün Artilleriya Mütərəqqi Müşahidə Təlim Simulyatorunu istehsal edib və təhvil verib. Hazırda sistem Təlim Tədris Mərkəzində fəal şəkildə istifadə olunur. HAVELSAN tərəfindən hazırlanmış və 2009-cu ildən Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığında istifadə edilən Hərbi Hava Qüvvələri Məlumat İdarəetmə Sisteminin əməliyyat və kəşfiyyat hissələri də daxil olmaqla bir çox modulların Azərbaycan Hərbi Hava Qüvvələrinə çatdırılması üçün müqavilə imzalanıb. Türkiyənin silahlı qüvvələrinə qazandırdığımız yaşayış massivində terrorçular ilə mübarizə təlim mərkəzi kimi təlim texnologiyaları ilə Azərbaycan Silahlı Qüvvələrini də təmin etmək üçün səylərimizi davam etdiririk. Silahlı qüvvələrimizə illərdir təqdim etdiyimiz yüksək texnologiyalı məhsul və həllərimizi dost və qardaş ölkə Azərbaycanın müvafiq qurumlarının da xidmətinə təqdim etmək istəyirik.
Bu kontekstdə modulyar, müasir texnologiyadan istifadə edərək yüksək standartlara uyğun hazırlanmış sistemlərimizi təqdim edərkən dövlətlərarası razılaşmalara və icazələrə uyğun olaraq texnologiyamızı da Azərbaycanla paylaşacağıq. Çünki Azərbaycanın dövlətimiz və şirkətimiz nəzdində çox xüsusi yeri var.
Poliqon: Dəyərli vaxtınızı ayırdığınız üçün təşəkkür edirik.
Mehmet Demirkol
POLİQON jurnalının Türkiyə bürosu