“DragonFire” lazer silahı 2027-ci ildən Böyük Britaniyanın döyüş gəmilərinə quraşdırılacaq
“DragonFire” lazer yönümlü enerji silahı (LDEW – laser directed energy weapon) 2027-ci ildən etibarən Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş gəmilərində quraşdırılacaq.
Bu barədə “Poliqon” Böyük Britaniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.
Qeyd edilib ki, bundan əvvəl ilk dəfə 2032-ci ildə Böyük Britaniya HDQ-nin döyüş gəmilərinə quraşdırılması planlaşdırılan “DragonFire” lazer silahının ölkədə qüvvəyə minən yeni müdafiə satınalmaları modeli ilə çatdırılması və inteqrasiyası tezləşdirilib.
Çatdırılmanın tezləşdirilməsi ilə bağlı açıqlama verən Böyük Britaniya müdafiə naziri Qrant Şapps bildirib ki, Böyük Britaniya üzləşdiyi təhlükələrə qarşı çıxmaq üçün “DragonFire” silahını ölkənin Silahlı Qüvvələrinə təhvil verməkdə gecikməyəcək.
“DragonFire” lazer silahı Böyük Britaniya Müdafiə Nazirliyinin Müdafiə Elmi və Texnologiyası Laboratoriyasının (Dstl) rəhbərliyi ilə MBDA, “Leonardo” və “QinetiQ” şirkətləri tərəfindən birgə inkişaf etdirilir. Bu sistem Böyük Britaniya Müdafiə Nazirliyinin və konstruktor şirkətlərin 100 milyon funt sterlinqlik birgə investisiyasının nəticəsidir.
Mənzili gizli saxlanılan “DragonFire” lazer silahı görüş daxilindəki istənilən hava hədəfini məhv etmək imkanına malikdir. Lazer silahından tələb olunan dəqiqlik 1 kilometr məsafədən 1 funt sterlinqlik sikkəni vurmağa bərabərdir. Lazer yönümlü enerji silahları hədəflərə işıq sürəti ilə hücum edə və hədəfi kəsmək üçün intensiv işıq şüasından istifadə edə bilər. Beləliklə, bu, strukturun pozulmasına və ya döyüş başlığı hədəf alınarsa daha effektiv nəticələrə səbəb ola bilər.
Lazer silahının 10 saniyə çalışdırılması xərci adi qızdırıcının cəmi bir saatlıq istifadəsinə bərabərdir. Lazerin işlənməsinin dəyəri təxminən hər atış üçün 10 funt sterlinqlikdən azdır.
Hazırda sınaqları keçirilən “DragonFire” lazer silahı gələcəkdə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri ilə yanaşı, həm də Ordusu tərəfindən istismar olunacaq.