SərgilərXəbərlər

DSA-2026: “Otokar” COBRA II və ARMA 6×6 zirehli texnikalarını Malayziyada sərgiləyir

Türkiyənin “Otokar” şirkəti Asiya-Sakit Okean regionunda strateji mövcudluğunu gücləndirmək məqsədi ilə Malayziyada keçirilən DSA-2026 sərgisində iştirak edir.

“Poliqon” “Otokar”a istinadən xəbər verir ki, sərgidə şirkət tərəfindən COBRA II zirehli nəqliyyat vasitəsi və ARMA 6×6 zirehli döyüş maşını nümayiş etdirilir.

Uzun illərdir NATO və Birləşmiş Millətlər Təşkilatının quru platforma təchizatçıları arasında yer alan “Otokar”ın 33 mindən çox hərbi texnikası təxminən 50 ölkədə 80-dən çox son istifadəçinin inventarında aktiv şəkildə xidmət göstərir. Müxtəlif coğrafiyalarda qazandığı təcrübəni nəqliyyat vasitələrinin inkişafına tətbiq edən şirkət Asiya-Sakit Okean regionunda mövcudluğunu artırmağı hədəfləyir.

Sərgi ilə bağlı fikirlərini bölüşən “Otokar” baş direktorunun Hərbi Nəqliyyat Vasitələri üzrə müavini Sedef Vehbi, Asiya-Sakit Okean regionuna strateji əhəmiyyət verdiklərini vurğulayıb: “Qlobal səviyyədə qazandığımız təcrübəni Malayziyanın müdafiə ehtiyaclarına ən uyğun şəkildə tətbiq etməyə hazırıq. Hərbi texnikalarımız hazırda dünyanın təxminən 50 ölkəsində istifadə olunur və bu təcrübəni regionun təhlükəsizliyinə dəyər qatacaq həllərə çevirməyə qərarlıyıq”.

Onun sözlərinə görə, “Otokar”ın modul struktura malik geniş məhsul çeşidi və güclü tədqiqat-inkişaf imkanları sözügedən regionunun tələblərinə cavab verə bilir.

“Yüksək texnologiyalı quru platformalarımız, sahədə sübut olunmuş təcrübəmizlə yanaşı, texnologiya transferi və lokallaşdırma bacarığımızla da regiondakı mövcudluğumuzu artırmağı hədəfləyirik. Yerli tərəfdaşımız “Boustead Holdings Berhad” ilə güclü sinerji yaradacağımıza inanırıq. Malayziya Silahlı Qüvvələrinin və təhlükəsizlik strukturlarının ehtiyaclarını qarşılamağa hazırıq”, – deyə Sedef Vehbi bildirib.

Türkiyədə və ixrac bazarlarında sərhəd təhlükəsizliyi, daxili təhlükəsizlik və sülhməramlı əməliyyatlar da daxil olmaqla, bir çox missiyada istifadə olunan COBRA II, 20-dən çox istifadəçi tərəfindən aktiv şəkildə istismar edilir. O, Yüksək qoruma səviyyəsi, üstün hərəkət qabiliyyəti, geniş daxili həcmi və yüksək daşıma qabiliyyəti ilə seçilir. COBRA II ballistik, mina və əldəqayırma partlayıcı qurğu təhdidlərinə qarşı yüksək səviyyədə müdafiə təmin edir. Çətin relyef və iqlim şəraitində yüksək performans göstərən zirehli maşın müxtəlif missiya tələblərinə uyğunlaşa bilir. Modul quruluşu sayəsində zirehli personal daşıyıcı, silah platforması, kəşfiyyat və müşahidə maşını, komanda-idarəetmə maşını, daxili təhlükəsizlik/patrul maşını və zirehli ambulans kimi müxtəlif variantlarda istifadə oluna bilir. Şirkət DSA-2026 sərgisində COBRA II-nin sağdan sükanlı versiyasını nümayiş etdirir.

Yüksək hərəkət qabiliyyətini, mina və ballistik qorumanı özündə birləşdirən “Otokar”ın ARMA 6×6 zirehli döyüş maşını, orta və yüksək kalibrli silah sistemlərinin inteqrasiyasına imkan verən modul platformadır. Ən çətin relyef və iqlim şəraitində effektiv şəkildə fəaliyyət göstərə bilən ARMA əməliyyat ehtiyaclarına uyğun olaraq müxtəlif silah sistemləri ilə konfiqurasiya edilə bilir. Maşın zirehli personal daşıyıcı, zirehli döyüş maşını, komanda-idarəetmə və KBRN kəşfiyyat maşını kimi müxtəlif missiyalarda istifadə olunur.

Back to top button