
DSX Akademiyasının məzunları “Sərhədçi zabit andı”nı qəbul ediblər
May ayının 10-da Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının 11-ci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.
DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, mərasim iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Dahi Öndər Heydər Əliyevin məzarını ziyarət edərək Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Dövlət Bayrağı Meydanında təşkil edilmiş təntənəli mərasimdə Azərbaycan Dövlət Himninin ifasından və Döyüş Bayrağının meydana gətirilməsindən sonra gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul ediblər.
Diplomlar təqdim olunduqdan sonra məzunlar adından çıxış edən leytenant Ramal Əsədov Azərbaycanın sərhədçi zabitləri olaraq müqəddəs sərhədlərin keşiyində şərəflə dayanacaqlarından qürurlandıqlarını ifadə edib, sərhədçi peşəsinin sirrlərinə dərindən yiyələnməkdə, Akademiyanı uğurla başa vurmaqda əməyini əsirgəməyən zabit və müəllim heyətinə dərin minnətdarlığını bildirib. Daha sonra DSX Akademiyasının rəisi polkovnik Aqil Babayev çıxış edərək tədbir iştirakçılarını təbrik edib.
DSX-nin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycanın sərhədçi zabiti adına layiq görülmələri münasibətilə məzunları təbrik edib, gənc leytenantların DSX-nin zabitləri sırasına daxil olduqları dövrün Azərbaycan Sərhəd Mühafizəsi tarixinin şanlı dövrünə təsadüf etdiyini xüsusi vurğulayıb.
Xalqın Ümummilli Lideri Heydər Əliyevin təməlini qoyduğu və uzaqgörənliklə müəyyənləşdirdiyi milli sərhəd mühafizəsinin inkişafı strategiyasının hazırda Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirildiyi vurğulanıb, DSX Akademiyasının artıq 11-ci buraxılışının məzunlarının ölkənin hüdudlarında dövləti maraqların müdafiəsi üzrə fəaliyyətlərinə başlayacaqları qeyd olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində ölkənin ərazi bütövlüyünün bərpa olunduğu, müqəddəs savaşda DSX-nin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, Azərbaycan sərhədçilərinin igidlik dastanı yazdıqları vurğulanıb, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş sərhədçilər sırasında 4 hərbi qulluqçunun DSX Akademiyasının məzunu olması xüsusi qeyd edilib. Tədbirdə Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Milli dövlətçiliyə, Azərbaycan Prezidentinə sadiqliyi ilə seçilən sərhədçi zabitlərin yetişdirilməsi və tərbiyələndirilməsində DSX Akademiyasının komandir və pedaqoji heyətinin xüsusi rolu qeyd edilib.
Çıxışda dövlətin ərazi bütövlüyü təmin edildikdən, Ermənistan ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə görülən kompleks tədbirlər, o cümlədən son bir il ərzində 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd döyüş məntəqəsinin fəaliyyətə başlaması barədə məlumat verilib, dövlət sərhədlərinin mühafizəsinə gənc sərhədçi-zabitlərin öz önəmli töhfələrini verəcəklərinə, milli maraqların təmin edilməsi üzrə bütün tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunub.
Mərasim başa çatdıqdan sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyev məzunların valideynləri ilə görüşərək onları təbrik edib, sonra gənc sərhədçi-zabitlərlə xatirə fotoşəkli çəkdirilib.