DSX Akademiyasının yaradılmasının 15-ci ildönümü münasibətilə tədbir keçirilib
İyunun 11-də Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının yaradılmasının 15-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbriki kursant və müəllim heyətinə çatdırılıb.
Tədbirdə çıxış edənlər tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılmış DSX Akademiyasının ali təhsilli, dövlətçiliyə sadiq peşəkar sərhədçi zabitlərin yetişdirilməsində əhəmiyyətli rolu qeyd edilib. Müasir elmi-tədris bazasına, yüksək ixtisaslı hərbi-pedaqoji heyətə malik Akademiyanın uğurlu inkişaf yolu keçərək hazırda beynəlxalq səviyyəli tədris mərkəzinə çevrildiyi vurğulanıb.
DSX Akademiyasının yaradılmasının 15-ci ildönümünün Azərbaycan Sərhəd Mühafizəsi tarixinin şanlı dövrünə təsadüf etdiyi xüsusi qeyd edilib, Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində ölkənin ərazi bütövlüyünün bərpa olunduğu, müqəddəs savaşda DSX-nin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş sərhədçilər sırasında 4 hərbi qulluqçunun DSX Akademiyasının məzunu olması vurğulanıb. Tədbirdə Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladların əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Çıxışda dövlətin ərazi bütövlüyü təmin edildikdən, Ermənistanla dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə dövlət sərhədlərinin mühafizəsinə DSX Akademiyasının məzunu olan sərhədçi-zabitlərin öz önəmli töhfələrini verəcəklərinə, milli maraqların təmin edilməsi üzrə bütün tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunub.