
DSX-da Vətən müharibəsinə həsr olunmuş abidənin açılışı olub
Dövlət Sərhəd Xidmətinin (DSX) Aviasiya Qüvvələrində “Vətən Müharibəsi”ndə şəhid olmuş hərbi qulluqçuların xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidənin açılış mərasimi keçirilib.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat verib.
Abidənin önünə gül çələnginin qoyulması və Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə DSX-nın rəisinin müavini general-leytenant Əfqan Nağıyev çıxış edərək DSX-nın rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramını şəxsi heyətə çatdırmış, mərasimin Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümünə təsadüf etməsi ilə əlamətdar olmasını, sərhədçilərin bu ilki peşə bayramını müzəffər ölkənin qalib əsgərləri olaraq ən yüksək əhval-ruhiyyə ilə qarşıladıqlarını vurğulanıb.
Çıxışda Prezident İlham Əliyevin rəhbərliyi altında DƏMİR YUMRUQ əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğu, Vətən müharibəsində Ali Baş Komandan tərəfindən qoyulmuş bütün döyüş tapşırıqlarının sərhədçilər tərəfindən uğurla icra edildiyi, ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirmələri qeyd olunub.
Torpaqlarımın azad olunması uğrunda gedən döyüş əməliyyatlarında DSX-nın həlak olmuş 47 hərbi qulluqçusu arasında pilot zabitlər – mayor Qasımov Abbas Rza oğlu və baş leytenant Gözəlov Xalid Həsən oğlunun da olmaları, DSX-nin Aviasiya Qüvvələrində şəhidlərin xatirəsinə və Vətən Müharibəsinin əfsanəsinə çevrilmiş AN-2 təyyarəsinə abidələrin ucaldılmasının şəhidlərin rəşadət və qəhrəmanlıq salnaməsinə yüksək ehtiramın ifadəsi, döyüş qüdrətinin təcəssümü olduğu bildirilib.
Tədbir zamanı Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərdiklərinə, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonları və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Prezidenti İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub.