
DSX-də Anım Günü münasibətilə tədbir keçirilib
Sentyabr ayının 27-də Dövlət Sərhəd Xidmətində (DSX) müqəddəs torpaqların düşmən tapdağından azad olunması uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli zəfər bayrağını azad edilən torpaqlarda dalğalandırmış, Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə əbədi ehtiramın ifadəsi olan Anım Günü münasibətilə tədbir keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanda Anım Gününün təsis edilməsi haqqında Prezidentin Sərəncamı şəxsi heyətə çatdırılıb.
Saat 12:00-da Vətən Müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
DSX-nın rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında DƏMİR YUMRUQ əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq ərazi bütövlüyünün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığını, Tarixi Zəfərin təmin edildiyini vurğulayıb.
Vətən müharibəsi zamanı DSX-nın qarşısında Ali Baş Komandan tərəfindən qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət göstərmələri qeyd olunub.
Torpaqların azad edilməsi uğrunda haqq savaşında Silahlı Qüvvələrin, o cümlədən DSX-nın heyəti arasında şəhadət zirvəsinə ucalan, yaralananların olması qeyd edilmiş, bizlərə qələbə sevincini yaşatmış şəhidlərin fədakarlığının yaddaşlardan heç bir zaman silinməyəcəyi, axıtdıqları qanları ilə müqəddəs torpaqları Vətənə qovuşduran qəhrəmanların əziz xatirələrinin hər zaman rəhmətlə və ehtiramla yad ediləcəyi, onların gələcək nəsillərə qoyduğu qəhrəmanlıq mirasını qədirbilən xalqın daima uca tutacağı vurğulanıb.
Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin və qazilərin sosial müdafiəsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğu bildirilmiş, Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə Anım və Zəfər günlərinin, xüsusi orden, medal və fəxri adların təsis edildiyi qeyd edilib.
Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən sərhədçilərin bu gündə səngərdə və sərhəddə böyük əzmlə xidmət apardıqları, ərazi bütövlüyü bərpa edilmiş Azərbaycanın bütün hüdudları boyunca dövlət sərhədlərinin toxunulmazlığının qətiyyətlə təmin olunacağı, milli maraqların ən yüksək səviyyədə müdafiə ediləcəyi ifadə olunub.
Tədbirin sonunda DSX-nın şəxsi heyəti Vətən Müharibəsinə həsr olunmuş “44 gün 44 an” sənədli filmini izləyib.