
DSX-də gənc əsgərlərin and içmə mərasimi keçirilib – FOTO
Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində və Yevlax rayonunda yerləşən hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Çıxış edənlər gənc əsgərlərin Dövlət Sərhəd Xidmətinin heyəti sırasına daxil olmalarının sərhəd mühafizəsinin 103-cü ildönümünə təsadüf etdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin müqəddəs Azərbaycanın torpaqlarında dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini vurğulayıblar.
Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik ifadə olunaraq onlara müvəffəqiyyətlər arzulanıb.
Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.