
DSX-də gənc əsgərlərin andiçmə mərasimi keçirilib – VİDEO
Fevral ayının 24-də Dövlət Sərhəd Xidmətinin Sərhəd (DSX) Qoşunlarının “Şəmkir” sərhəd dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, mərasimdə əvvəlcə torpaqların işğaldan azad olunması uğrunda aparılan Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Təntənəli mərasimdə çıxış edənlər gənc əsgərlərə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin müqəddəs torpaqlarda dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini bildirib, onlara sərhədçi peşəsini dərindən mənimsəməyi, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və tapşırıqlarını dəqiq, vaxtında yerinə yetirmələrini tövsiyə ediblər.
Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədləri şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik ifadə olunub, onlara müvəffəqiyyətlər arzulanıb.
Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.