DSX-də ötən ilin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib
3 fevral tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Hesabat müşavirəsində DSX-nin hərbi birləşmə komandanlarının məruzələri dinlənilib, DSX-nin rəisi general-polkovnik Elçin Quliyev yekun hesabat məruzəsi ilə çıxış edib, hərbi birləşmələrin və digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2022-ci ildə DSX qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.
2021-ci ilin Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra DSX qarşısında qoyulmuş tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 km-lik sahəsində sərhəd mühafizə infrastrukturunun bərpası, Zəngilan, Qubadlı və Laçın rayonları ərazilərində Azərbaycan-Ermənistan dövlət sərhədinin müdafiə və mühafizəsi sisteminin yaradılması, işğaldan azad edilmiş ərazilərdə DSX-nin hərbi potensialının gücləndirilməsi, düşmənin təxribatlarının qarşısının alınması üzrə effektiv əks-tədbirlər sisteminin formalaşdırılması ilə əlamətdar olması qeyd olunub.
Bu nailiyyətlərin əldə olunmasının Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin gerçəkləşdirilməsi, dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olduğu xüsusi vurğulanıb.
2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin 26 aprel tarixində DSX-nin Cəbrayıl rayonunun Marallı kəndi, oktyabr 4-də Cəbrayıl rayonu, oktyabr 25-də Qubadlı rayonu ərazisindəki yeni hərbi hissələrinin açılışını etməsi, oktyabr 20-də Zəngilan rayonunda yeni hərbi hissəyə səfər etməsi, hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təşkili, hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətinin yüksəldilməsi üçün yaradılmış şəraitlə tanış olması, Vətən Müharibəsində göstərdikləri rəşadətə, igidliyə və şücaətə görə 12 nəfər DSX hərbi qulluqçusunu “Vətən müharibəsi qəhrəmanı” adına layiq görməsi, sərhədçiləri 176 orden, 5203 medalla təltifləndirməsinin, dekabr 23-də DSX-nin hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi barədə qərar verməsininin DSX-nin şəxsi heyəti üçün xüsusilə əhəmiyyətli olması və böyük ruh yüksəkliyi ilə qarşılanması qeyd edilib.
2021-ci ildə DSX tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunub:
– İşğaldan azad edilmiş ərazilərdə DSX-nin 19 yeni hərbi hissə kompleksi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları ərazisindən və Laçın rayonunun bir hissəsindən keçən sahəsində 104 sərhəd-döyüş məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlanıb;
– Azərbaycan-Ermənistan dövlət sərhədində “Eyvazlı” və “Qazançı” dövlət sərhədindən buraxılış məntəqələri fəaliyyətə başlayıb, “Füzuli” beynəlxalq hava limanında sərhəd nəzarətinin təşkili üzrə tədbirlər görülüb, İAMAS-ın stasionar və səyyar iş yerləri yaradılıb;
– İşğaldan asaz edilmiş ərazilərdə 73,8 km məsafədə yeni yol çəkilib, 121,4 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib;
– 386 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, nəticədə 947 ədəd piyada əleyhinə, 1195 ədəd tank əleyhinə mina, 186 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib;
– Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 km-lik hissəsi Azərbaycan sərhədçiləri tərəfindən nəzarət altına götürülüb, bu istiqamətdə sərhəd mühafizə infrastrukturunun bərpa olunması sayəsində əvvəlki dövrlərdə bu ərazilərdən keçən narkotrafikə ciddi zərbə endirilib;
– Azərbaycan-Rusiya dövlət sərhədində demarkasiya işləri davam etdirilib, hal-hazıradək 178 ədəd sərhəd nişanı quraşdırılıb;
– Azərbaycanın dəniz təhlükəsizliyi strategiyasına uyğun olaraq dənizdə neft-qaz infrastrukturunun mühafizəsi məqsədilə DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkanları gücləndirilib, gəmilərin idarəetmə heyətlərinin peşəkarlığı təkmilləşdirilib, dəniz yolu ilə narkotik qaçaqmalçılarına qarşı effektiv mübarizə aparılıb.
– Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 5 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib;
– terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 6 nəfər şəxs saxlanılıb, bu qəbildən olan daha 11 nəfər müəyyən edilib, narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, qaçaqmalçılıqla məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib, 71 nəfər sərhəd, 41 nəfər rejim pozucusu, 11 nəfər qeyri-leqal miqrant saxlanılıb;
– 2021-ci il ərzində 3 ton 57 kiloqram 111 qram narkotik vasitənin, 131 milyon 52 min 393 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 15 ton 408 kq narkotik xassəli bitki məhv edilib;
– 2021-ci ildə dövlət sərhədini pozduqlarına görə 456 nəfər, sərhəd rejimini pozduqlarına görə 4 545 nəfər, axtarışda olan 2154 nəfər, saxta sənədlərlə 227 nəfər, özgəsinə məxsus sənədlə 4 nəfər, gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən 3 nəfər saxlanılıb;
– sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 3 nəfər yaralanmış, 5 halda 5 nəfər sərhəd pozucusu məhv edilib.
Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarını daima şərəf və ləyaqətlə yerinə yetirəcəkləri, dövlət sərhədinin etibarlı mühafizəsini təmin edəcəkləri vurğulanıb.