DSX İran rəsmilərini yalan və böhtan xarakterli məlumatları yaymamağa çağırıb

Son günlərdə İranın kütləvi informasiya vasitələrində dərc edilmiş müsahibəsində İranın Nizam İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanı general-mayor Əli Qüdərzi tərəfindən həqiqətə uyğun olmayan açıqlamalar verilib.
“Poliqon”un Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, DSX rəsmi olaraq bildirir ki, Azərbaycanın dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmayıb, hazırda da yoxdur və bundan sonra da olmayacaqdır.
“Azərbaycan ərazisində xaricdən gəlmiş təfriqçilərin fəaliyyət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddialar yalandır və həqiqəti əks etdirmir.
Azərbaycanın dövlət sərhədlərində, sərhəd mühafizə qurumlarında hər hansı xarici dövlətin qüvvələri, mütəxəssisləri yoxdur, Azərbaycanın dövlət sərhədlərinin etibarlı müdafiəsi və mühafizəsi üçün ən müasir imkanlara malik olan DSX-nın xarici qüvvələrin dəstəyinə ehtiyacı yoxdur.
Ermənistan ilə dövlət sərhədində Görus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində sərhəd və gömrük nəzarətinin tətbiq olunması Azərbaycanın suveren hüququdur.
Azərbaycan və İran sərhədçiləri arasında mütəmadi olaraq müxtəlif səviyyələrdə işçi görüşlərin keçirilməsinə və məlumat mübadiləsinin aparılmasına baxmayaraq bu günədək Azərbaycan tərəfinə müsahibədə səsləndirilənlər haqqında ümumiyyətlə heç bir məlumat verilməmiş, hər hansı fakt təqdim olunmayıb.
Hazırda İran ilə dövlət sərhədində əməliyyat şəraiti stabildir və Azərbaycan sərhəd mühafizə orqanlarının tam nəzarəti altındadır. Dövlət sərhədində Azərbaycanın dövlət maraqlarına qarşı yönələn istənilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Qeyd edilənləri nəzərə alaraq, İran rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq”.




