DSX külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb – FOTO/VİDEO
Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, qaçaqmalçılıq və qanunsuz fəaliyyətə qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, oktyabr ayının 6-da DSX-nin Sahil Mühafizəsinin bölmələri və Dövlət Sərhədinin Mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonunun Niyazabad kəndində yerləşən sahil nəzarəti bölməsinin xidməti ərazisində ümumi çəkisi 205 kiloqram 135 qrammüxtəlif çeşitli narkotik vasitə və 13110 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar edilərək götürülüb.
Narkotik vasitələrin ölkə ərazisinə gətirilməsində şübhəli bilinən 3 (üç) nəfər Azərbaycan vətəndaşı sahilboyu ərazidə saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.