DSX-nin Göytəpədəki hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
May ayının 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Çıxış edənlər gənc əsgərlərin DSX-nin heyəti sırasına daxil olmalarının sərhəd mühafizəsi tarixinin şanlı dövrünə təsadüf etdiyini vurğulayıb, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini bildiriblər.
Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədləri şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik ifadə olunaraq onlara müvəffəqiyyətlər arzulanıb.
Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra əsgərlərin valideynləri ilə görüşməsi üçün şərait yaradılıb.