DSX-nin hərbi əməliyyatlarda fədakarlıq göstərmiş tibb heyəti təltif edilib – FOTOLAR
Dövlət Sərhəd Xidməti (DSX) aparatında Vətən Müharibəsi və 12-13 sentyabr 2022-ci il tarixlərində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatının qarşısının alınmasında Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpası zamanı fədakarlıq göstərmiş həkim heyəti və tibb personalının təltif edilməsi mərasimi keçirilib.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Mərasimdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Zəfər və qəhrəmanlıq simvolu olan İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında əldə olunan parlaq qələbədə ön cəbhədə, qızğın döyüşlər gedən ərazilərdə vəzifələrini böyük məsuliyyətlə yerinə yetirən həkim heyəti və tibb personalına öz minnətdarlığını bildirən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev onların fəaliyyətinə dövlət səviyyəsində daim dəstək göstərildiyini xüsusi qeyd edib.
Bildirilib ki, hər bir döyüşçü kimi həkimlər və tibb işçiləri də hərbi əməliyyatlarda işlərini şərəflə yerinə yetirib, döyüş meydanında yaralanmış və xəsarət almış hərbi qulluqçuların təxliyəsi zamanı onlarda ruh yüksəkliyi, psixoloji dözüm, qələbəyə inam əzmi formalaşdırıblar.
Təltif edilən heyət göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edib, bilik və bacarıqlarını daim inkişaf etdirərək hərbi qulluqçuların həyat və sağlamlığının qorunmasında əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Mərasimin sonunda həkimlər və tibb personalı qiymətli hədiyyələrlə təltifləndirilib, döyüşlərdə Dövlət Sərhəd Xidmətinin tibb heyətinin fəaliyyətindən bəhs edilən “Fədakar həkimlər” filminə baxılıb və “Siyasi repressiya qurbanları muzeyi” ziyarət olunub.