
DSX-nin hərbi hissəsində gənc əsgərlər and içiblər – FOTO
Noyabrın 12-də Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.
Tədbirdə çıxış edənlər gənc əsgərlərin DSX-nin heyəti sırasına daxil olduqları günün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunun birinci ildönümünün qeyd olunduğu dövrə və milli dövlətçilik tarixi üçün önəmli olan Konstitusiya gününə təsadüf etdiyini vurğulayıblar.
Hazırda işğaldan azad edilmiş ərazilərdə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması istiqamətində işlərin intensiv davam etdirildiyi, işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin bu torpaqlarda dövlət sərhədlərinin toxunulmazlığını, milli maraqların müdafiəsini ən yüksək səviyyədə təmin etdikləri bildirilib.
Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədləri şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik bildirilərək onlara müvəffəqiyyətlər arzulanıb.
Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.