Xəbərlər

DSX-nin iki hərbçisini şəhid edərək qaçan İran vətəndaşlarından biri zərərsizləşdirilib

Mayın 15-də Azərbaycan dövlət sərhədini pozaraq Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbçisini qətlə yetirən İran vətəndaşlarından biri zərərsizləşdirilib.

“Poliqon” APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının və DSX-nin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu ərazisində dağlarda gizlənən İran vətəndaşlarından birinin yeri müəyyən edilib.

“O, təslim olmayaraq hərbi qulluqçulara silahlı müqavimət göstərib. Bu səbəbdən həmin şəxs zərərsizləşdirib”, – deyə DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

Qeyd edək ki, mayın 15-də DSX Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs Azərbaycanın mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açıb və nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olublar.

Keçirilən əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, saxlanılan şəxsin İran İslan Respublikasının vətəndaşı Bərgi Həsənəli Novruz oğlu olması müəyyən edilib.

Poliqon.az

Back to top button