
DSX rəisi ilə Bilal Erdoğan arasında görüş keçirilib
İyun ayının 9-da İstanbulda təşkil olunan və beşinci dəfə keçirilən Etnospor Mədəniyyət Festivalının açılışı olub.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
Türkiyə, Azərbaycan, Qazaxıstan, İordaniya, Yaponiya, Paraqvay, Mərakeş, Moldova, Qırğızıstan, Tacikistan, Qambiya, Meksika, Liviya kimi ölkələrin təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanı Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə DSX-nin 60 nəfərlik heyətdən ibarət süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib.
Festival çərçivəsində onun təşkilatçısı Dünya Etnospor Konfederasiyasının Prezidenti Bilal Erdoğan və Azərbaycan Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev arasında görüş keçirilib, bu mədəniyyət festivalına dəvətə görə Türkiyə tərəfinə minnətdarlıq bildirilib, tanınmış heykəltaraş Hamlet Musayevin “Qarabağ ailəsi” adlı əsəri hədiyyə edilibdir.
Bilal Erdoğan Azərbaycan nümayəndə heyətinin festivala qatılmasından şərəf duyduğunu, təmsilçilərin bu tədbirlərdə artıq ənənəyə çevrilən möhtəşəm çıxışlarından çox məmnun olmasını, Qarabağ atlarının növbəti dəfə bütün izləyiciləri valeh etməsini qeyd edib. Görüş zamanı cari ilin sentyabr ayında Etnospor Mədəniyyət Festivalının Azərbaycan ərazisində keçirilməsi məsələsi müzakirə olunub.
Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin mühüm hissəsi olmaqla maddi-mədəni sərvət sayılan, ecazkar gözəlliyi və valehedici xüsusiyyətləri ilə seçilən Qarabağ atları üzərində təmsilçilərin festivalın açılış günündə nümayiş etdirdikləri xüsusi şou-kompozisiya tamaşaçılar tərəfindən böyük heyranlıqla və sürəkli alqışlarla qarşılanıb.
Festival çərçivəsində oxatma, yağlı güləş, at yarışları da daxil olmaqla 12 ənənəvi idman növü üzrə yarışlar keçiriləcək.
4 gün ərzində keçiriləcək bu tədbirlərdə bir milyondan artıq insanın iştirakı gözlənilir.