DSX Sərhəd Qoşunları Komandanı: Azərbaycanda müasir və güclü sərhəd mühafizə infrastrukturu yaradılıb
General-leytenant Əsgər XƏLİLOV: Sərhəd təhlükəsizliyinin texniki yolla təmin olunması istiqamətində işlər aparılır
Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilovun “Azeri Defence” jurnalının suallarını cavablandırıb.
Qeyd edək ki, general-leytenant Əsgər Xəlilov fevral ayının sonlarında Prezident İlham Əliyevin sərəncamı ilə hərbi xidmətdən istefaya buraxılıb.
Azeri Defence: Cənab general–leytenant, iki il əvvəl DSX–nin strukturunda dəyişiklik edilməsi nəticəsində Sərhəd Qoşunları Komandanlığı yaradıldı. Təbii ki, Sərhəd Qoşunlarımız bu dövrədək formalaşma mərhələsini keçib və özünün inkişaf dövründədir. Sizing fikirləriniz maraqlı olardı: geniş miqyasda yanaşsaq, bu dəyişiklik Azərbaycan Sərhəd Mühafizəsinə nə gətirdi?
General–leytenant Əsgər XƏLİLOV: Əvvəlcə məlumat vermək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2017-ci il 5 iyun tarixində Dövlət Sərhəd Xidmətinin tərkibində 4 hərbi birləşmənin yaradılması ilə bağlı qərarı Dövlət Sərhəd Xidmətində idarəetmə sisteminin təkmilləşdirilməsi, hərbi hissə və bölmələrin qarşısında duran vəzifələrin icrası üçün optimal şəraitin yaradılmasına yönəlib.
Struktur islahatları qarşıda duran vəzifələrin icrası üçün bütün güclərin səfərbər edilməsinə şərait yaradıb. Dövlət sərhədində baş verən və baş verə biləcək hallara qarşı dərhal reaksiya vermə imkanlarını təkmilləşdiririb
DSX strukturunda edilmiş dəyişikliklər əslində bu gün ölkəmizdə dövlət başçımız tərəfindən uğurla həyata keçirilən islahatlar və yeni idarəetmə sisteminə keçidin ilkin təzahürünün nəticəsi idi. Aparılmış dəyişklikliklər idarəetmədə çevikliyi, müasir dünya praktikasına müvafiq olaraq fərqli vəzifələr yerinə yetirən müxtəlif sərhəd mühafizə qurumlarının funksiyalarının ayrı-ayrı birləşmələrdə cəmləşdirilməsini təmin etdi. Böyük kontekstdən yanaşdıqda bütün bu dəyişikliklər Azərbaycan Sərhəd Mühafizəsində yeni bir dövrün başlanğıcı oldu.
Azeri Defence: Quru sərhədlərimizin mühafizəsinin gücləndirilməsi, infrastrukturun yaradılması və yeni ərazilərdə xidmətin qurulması istiqamətində görülən işlər barədə oxucularımıza məlumat verməyinizi xahiş edirik.
General–leytenant Əsgər XƏLİLOV: Dövlət sərhədinin mühafizəsinin təkmilləşdirilməsi, Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırlması Silahlı Qüvvələrin Ali Baş Komandanının daim diqqət və nəzarətindədir. Həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanda müasir tələblərə cavab verən güclü sərhəd mühafizə infrastrukturu yaradılıb. Dövlət sərhədlərinin etibarlı mühafizəsində mühüm nailiyyətlər əldə olunub. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları peşəkar kadrlarla, müasir silah və texnika ilə təmin edilərək qarşıya qoyulan tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan birləşmə səviyyəsinə yüksəlib.
Aparılan quruculuq işləri və yaradılan infrastruktur barədə məlumat verərkən bunları demək kifayətdir ki, Dövlət Sərhəd Xidmətinin cavabdehliyinə verilmiş yeni xidməti ərazilərdə – Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən küçən hissəsində təmas xəttində son bir il ərzində xidmətin tələblərinə cavab verən 84 sərhəd döyüş məntəqəsi, 3 hərbi hissə kompleksi inşa olunub.
Artıq bu gün qürur hissi ilə ilə qeyd etmək olar ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, istehkam avadanlığı və qoruyucu vasitələr alınır. Keçirilən təlimlərdə yeni silah və texnikanın şəxsi heyət tərəfindən tam mənimsənilməsinə şərait yaradılır, nəzəri biliklərin təcrübədə qüsursuz tətbiq edilməsi üçün vərdişlər mükəmməlləşdirilir.
Xidmətin bütün sahələrində ardıcıl həyata keçirilən islahatların səmərəliliyi ilk növbədə xid¬əti göstəricilərdə öz əksini tapır. Təkcə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları 2019-cu ildə “yaşıl sərhəd”də 211 nəfər sərhəd pozucusu, 118 nəfər rejim pozucusu saxlanılıb. Təxmini dəyəri 13,3 milyon manatdan artıq olan qaçaqmalın, o cümlədən 298,8 kq narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Sizin də bildiyiniz, müşahidə etdiyiniz kimi, quruculuq və inkişaf prosesləri uğurla davam etdirilir. Sərhədlərimizin mühafizəsinin səviyyəsi yüksəlir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının şəxsi heyəti bu görülən işlərdən ruhlanaraq Vətən sərhədlərinin toxunulmazlığını təmin etməklə, dövləti maraqlara sədaqətlə xidmət edir.
Azeri Defence: Cənab Komandan, 2018-ci ilin sonlarında dövlət başçısının sərəncamı ilə Qazax və Ağstafa rayonları istiqamətində – Ermənistan Respublikası ilə dövlət sərhədinin mühafizəsi və müdafiəsi DSX Sərhəd Qoşunlarına tapşırıldı. Bir il zaman keçib. Dövlət sərhədimizin sözügedən hissəsində vəziyyət necədir? Orada xidmətin təşkili üçün hansı işlər görülür?
General–leytenant Əsgər XƏLİLOV: Məlum olduğu kimi, 2018-ci ilin sonunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ermənistan ilə dövlət sərhədinin mühafizəsinin Azərbaycan sərhədçiləri tərəfindən mühafizə altına götürülməsi barədə qərarı Azərbaycan sərhəd mühafizəsi üçün tarixi əhəmiyyət kəsb edir. Çünki bu qərarla ölkə sərhədlərinin bütövlükdə mühafizə altına götürülməsinin əsası qoyulub. Bu gün fəxr edirik ki, hazırda Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində xidmət Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri tərəfindən təşkil olunub.
Məlumat vermək istərdim ki, ötən dövr ərzində şəxsi heyətin döyüş hazırlığı yüksəldilib, təmas xəttində müdafiə sistemi təkmilləşdirilib, strateji əhəmiyyətli bir sıra istiqamətlərdə sərhəd döyüş məntəqələrinin döyüş mövqelərinin irəli çəkilməsi təmin olunub. Ötən ilin sonunda həm səngər, həm sərhəd olan bu ərazidə xidmətə başlayan sərhədçilərimiz xidmətə uyğun tikililərdə xidmətə başlamışdılarsa, hazırda hərbi qulluqçularımız üçün ən müasir tələblərə cavab verən sərhəd döyüş məntəqələri inşa edilərək istifadəyə verilib və bu işlər davam etdirilir. Ötən müddət ərzində bu ərazidə görülmüş işlər inanılmaz həcmdədir. Statistik rəqəmlərlə ifadə etsək bu 191,3 min metr qrunt yol, 38,8 min metr val çəkilişi, 84 ədəd inzibati bina (tikili), 3 hərbi hissə kompleksi, böyük həcmli rabitə, komunikasiya işləri və s. deməkdir. Həmin istiqamətdə DSX tərəfindən görülmüş işlərə, xidməti döyüş fəaliyyətinin təşkilinə verilən ən böyük qiymət odur ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qərarı ilə DSX-nin Sərhəd Qoşunlarının tərkibində daha bir əlahiddə diviziya – “Qazax” Əlahiddə Sərhəd Diviziyası yaradılıb.
Qeyd etmək istəyirəm ki, dövlət başçısının məlum sərəncamı Dövlət Sərhəd Xidmətinə etimadının təzahürüdür və bu da hər bir sərhədçidə böyük məsuliyyət hissi yaradır. Dövlət sərhədinin qeyd edilən hissəsində hal-hazırda vəziyyət nəzarət altındadır, bölmələrimiz yüksək əhval-ruhiyyə və peşəkarlıqla döyüş tapşırıqlarını yerinə yetirir.
Azeri Defence: Yeri gəlmişkən, düşmən tərəfindən tez-tez Qazax rayonu istiqamətində atəşkəs rejiminin pozulması müşahidə olunur. Düşmən təxribatları ilə nəyə nail olmaq istəyir? Düşmən təxribatlarının qarşısının vaxtında alınması, şəxsi heyətin və sərhədə yaxın yaşayış məntəqələrimizin təhlükəsizliyinin təmin olunması üçün hansı addımlar atılır?
General–leytenant Əsgər XƏLİLOV: Son aylarda həmin ərazilərdə gərginlik müşahidə olunur. Açıq söyləmək istərdim. Bunun əsas səbəbi Ermənistan silahlı bölmələri tərəfindən sərhədboyu ərazidə təxribatlar törətmək cəhdlərinin davam etməsi, həmin bölmələrin dəfələrlə öz döyüş mövqelərini dövlət sərhədinə doğru irəli çəkməyə çalışması olub. Bu cəhdlər nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb. Düşmənin təxribat cəhdləri neytrallaşdırılıb və düşmən üzərində strateji üstünlük əldə olunub.
Cavab tədbirləri nəticəsində, dövlət sərhəd xəttinə 2000 metrə qədər məsafədə olan bir çox mövqelərimiz 1,5-1,7 km irəli çıxarılıb və bu da bizə yaxınlıqdakı yaşayış məntəqələrinin və magistral yolların, həmçinin şəxsi heyətin təhlükəsizliyini artırmağa imkan verib.
Bu mövqelərin tutulması Ermənistan silahlı bölmələrinin döyüş postlarını və postlara gələn yolları nəzarətdə saxlamaq üçün əlavə imkanlar yaradıb. Düşmən tərəfinin aramsız atəşi altında mühəndis işləri aparılıb. Bizim sərhəd döyüş məntəqələrinə şəxsi heyətin və nəqliyyatın təhlükəsiz hərəkət etməsi üçün yolların çəkilməsi tapşırıqları uğurla yerinə yetirilib. Bu müddətdə düşmən mövqelərindən mühəndis texnikamıza, yük maşınlarına, hətta hərbi tibb maşınlarına atəş açılıb. Nəticədə, bir müddətli həqiqi hərbi xidmət hərbi qulluqçumuz və bir nəfər mülki şəxs şəhid olub, iki hərbi qulluqçumuz yaralanıb. Düşmən bu hərəkətlərinə görə 5-6 qat artıq cavab almasına baxmayaraq bu cəhdlərə davam edir.
Təmas xəttinin Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına həvalə edilmiş hissəsində şəxsi heyətin, əhalinin və sərhədboyu yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin olunması üçün zəruri addımların atılması davam etdirilir, maarifləndirmə tədbirləri həyata keçirilir. Düşmən təxribatlarının qarşısının alınması üçün aidiyyəti qurumlar və güc strukturlarının yerli şöbə və bölmələri arasında bu istiqamətdə qarşılıqlı fəaliyyət planına uyğun tədbirlər ardıcıl olaraq icra olunur.
Azeri Defence: Cənab general-leytenant! Bu gün Azərbaycan sərhədləri üçün başlıca təhdidlər nələrdir? Sərhəd Qoşunlarımızın bu təhdidlərlə mübarizə imkanlarının yüksəldilməsi, yeni texnologiyalar, silah və hərbi texnikaların tətbiqi istiqamətində görülən işlər barədə məlumat verə bilərsinizmi?
General-leytenant Əsgər XƏLİLOV: Bir qədər keçmişə dönmək istərdim. “Sərhəd Qoşunları beynəlxalq terrorizmlə, təxribatçı qüvvələrlə mübarizədə ön sırada olmalıdır”, – deyən Ulu Öndərimiz Heydər Əliyev 6 fevral 2003-cü ildə Dövlət Sərhəd Xidmətinin xidməti-döyüş fəaliyyətinə dair illik hesabatı şəxsən qəbul edərək sərhədçilər qarşısında kütləvi qırğın silahlarının yayılmasına, narkotik maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə aparılması, şəxsi heyətin peşəkarlığının yüksəldilməsi kimi mühüm vəzifələr qoydu.
Zamanla Ermənistanla təmas xəttində dövlət sərhədinin mühafizəsi faktorunun doğurduğu reallıqlar, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna, siyasi sabitliyə və dinamik inkişafına yönəlmiş təhdidlər əlavə olunub.
Bu vəzifələrin icrasının təmin edilməsi üçün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, istehkam avadanlığı və qoruyucu vasitələr alınır. Keçirilən taktiki təlimlərdə yeni alınmış silah və texni-kanın şəxsi heyət tərəfindən tam mənimsənilməsinə, nəzəri biliklərin təcrübədə qüsursuz tətbiq edilməsinə nail olmaq üçün vərdişlər mükəmməlləşdirilir.
Elmi-texniki tərəqqi sərhəd təhlükəsizliyinin təminatında da insan faktorunun azalmasını qaçılmaz edir. Ölkəmizin sərhəd təhlükəsizliyinin texniki yolla təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sərhəd məntəqələrində bir neçə ildir ki, səyyar radiolokasiya sistemləri tətbiq olunur. Sərhəd zastavalarının daxili təhlükəsizliyi üçün texniki vasitələr komplekslərinin tətbiqi, sərhəd məntəqələrinin istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitələri ilə komplektləşdirilmiş elektron-optik vasitələrlə təchiz edilməsi, rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulmuş vahid elektron informasiya sisteminin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir.
Bir məsələni də diqqətə çatdırmaq istərdim. Bu gün ölkəmizin MDB regionunda telekommunikasiya peykinə sahib olan üç ölkədən birinə, Qafqaz regionunda isə yeganə dövlətə çevrilməsi, kosmik sənayenin yaradılması və milli peyklərimizin orbitə çıxarılması bir çox digər sahələrlə yanaşı, dövlət sərhədlərinin mühafizəsi istiqamətində də yeni imkanlar yaradır.
Yuxarıda qeyd etdiklərimlə bağlı ötən ilin avqust ayında Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi ilə ərəfəsində Dənizkənarı Milli Parkda keçirilən tədbirdə ictimaiyyətə geniş məlumat verilib. Dövlət Sərhəd Xidmətinin döyüş və zirehli texnikası, uçuş vasitələri, pilotsuz uçan aparatları, sərhəd gözətçi gəmiləri, ən müasir silah və sursatları, sərhəd mühafizə və digər xüsusi hərbi avadanlıqlar, dövlət sərhədinin mühafizəsində istifadə olunan mühəndis-texniki qurğular nümayiş etdirilib. Vətəndaşlara hərbi və döyüş texnikası ilə bilavasitə tanış olmaq üçün şərait yaradılıb.
Əminliklə deyə bilərəm ki, bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları ehtimal olunan bütün təhdidlərə qarşılıq verməyə qadir olan kifayət qədər müasir silah və texnikaya, həmçinin onları bacarıqla idarə edə bilən şəxsi heyətə malikdir.
Azeri Defence: DSX Sərhəd Qoşunları Azərbaycanda heyətin müqavilə əsasında, peşəkarlaşdırılmasına başlayan ilk hərbi qurum olub. Bu barədə nələri söyləyə bilərsiniz?
General-leytenant Əsgər XƏLİLOV: 2019-cu ildə qarşımızda duran prioritet vəzifələrdən biri DSX-nin zabitlərlə, xüsusilə gizir və müddətdən artıq çavuş heyəti ilə komplektləşdirilməsi işinin intensivləşdirilməsi, yeni hərbi hissələrin ixtisaslı zabit və gizir heyəti ilə komplektləşdirilməsi olub.
Qeyd etdiyiniz kimi, Sərhəd Qoşunları Azərbaycanda bu istiqamətdə fəaliyyətə başlayan ilk qurumlardan biridir. Hal-hazırda bu sahədə fəaliyyətlər davam etdirilir. Yeri gəlmişkən, burada xüsusi vurğulanmalı məqam odur ki, Dövlət Sərhəd Xidməti, onun birləşmələrində xidmət spesifik xüsusiyyətə malikdir və sərhəd mühafizə qurumlarında xidmət edən hərbi qulluqçular ənənəvi olaraq öz elitarlığı, peşəkarlığı ilə həmişə fərqləniblər. Onların hazırlığına, fərdi keyfiyyətlərinə olan tələblər hər zaman yüksək olub.
Eyni zamanda qeyd etmək istərdim ki, Dövlət Sərhəd Xidməti silahli birləşmə olmaqla bərabər həm kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti həyata keçirən bir qurum, həm də hüquq-mühafizə orqanıdır. Məhz bu səbəblərdən Dövlət Sərhəd Xidmətində vətəndaşlar daha diqqətli və hərtərəfli yoxlamalardan sonra xidmətə qəbul olunurlar. Yeni qəbul olunan hərbi qulluqçular təlim-tədris mərkəzlərində müvafiq proqramlar əsasında tədrisi bitirdikdən sonra ixtsasları üzrə hərbi xidmətə cəlb edilir və xidmət dövründə də mütəmadi olaraq təkmilləşdirmə kurslarında iştirak edərək öz peşəkar hazırlıqlarını artırırlar.
Azeri Defence: Cənab Komandan, dəyərli vaxtınızı ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik. Sonda əlavə etmək istədiyiniz fikirlər varmı?
General-leytenant Əsgər XƏLİLOV: Uzun illərdir Sərhəd Mühafizəsində xidmət edən bir zabit kimi fəxrlə deyə bilərəm ki, Azərbaycan sərhədçisi hər zaman dövlət sərhədinin etibarlı mühafizəsi, müdafiəsi, dövlətçiliyin qorunmasında Ali Baş Komandana sədaqəti ilə fərqlənib.
Fürsətdən istifadə edərək bu yolda sıralarımızda, bizimlə çiyin-çiyinə xidmət etmək istəyən vətənpərvər gənclərimizi sərhədçi adını daşımağa dəvət edirəm.
Əmin etmək istəyirəm ki, iIqlimindən, relyefindən, şəraitindən asılı olmayaraq Vətənimizin sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur.
Bu gün hər bir Azərbaycan sərhədçisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən qururludur və dövlət sərhədlərinin toxunulmazlığını naminə şərəflə xidmət edir. AD