
DTX: Azərbaycan daha 8 ermənini qarşı tərəfə təhvil verib
Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, 2022-ci ilin fevralın 7-də 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb.
Bu barədə “Poliqon” Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinə istinadən məlumat verib.
Bildirilib ki, həmin şəxslərin bir qismi 2021-ci ilin noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.
Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.
Qeyd olunmalıdır ki, cari ilin fevralın 4-də Fransa Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdə Azərbaycan Prezidenti birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşların kütləvi məzarlıqlarının yerləşmə yerləri barədə məlumatın Azərbaycan tərəfinə verilməsinə dair məsələ qaldırıb, Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə dair öhdəlik götürüb. Qeyd olunan məsələ Fransa Prezidenti Emmanuel Makron tərəfindən dəstəklənib.