DTX-də Zəfər Gününə həsr olunan tədbirlər keçirilib

DTX-də Zəfər Gününə həsr olunan tədbirlər keçirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında və Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbirlər keçirilib.

“Poliqon” Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinə istinadən xəbər verir ki, tədbirlərdə DTX əməkdaşları, Vətən müharibəsi qaziləri və Akademiyanın kursantları iştirak edib.

İlk olaraq tədbir iştirakçıları DTX-nin Heydər Əliyev adına Akademiyasında Ulu Öndərin təhsil ocağının ərazisində ucaldılan abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyublar. “Şöhrət” muzeyində qonaqlara Heydər Əliyevin adını daşıyan Akademiyanın yaranma tarixi və fəaliyyəti, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbərinin bu mühüm dövlət təsisatında keçdiyi şərəfli yol barədə məlumat verilib. Ziyarətçilər muzeydə Ümummilli Liderin mənalı ömür yolunu əks etdirən fotostendlərlə və digər eksponatlarla yaxından tanış olmuş, Vətən müharibəsindəki şanlı Qələbəyə həsr olunan sənədli filmə tamaşa ediblər. Sonra kursantlarla Vətən müharibəsi qazilərinin görüşü baş tutub, qonaqlara hədiyyələr təqdim olunub.

Bunun ardınca DTX-nin Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirə qatılan qonaqlar əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Dövlət himni səsləndirildikdən sonra DTX-nin Mədəniyyət Mərkəzinin hazırladığı İkinci Qarabağ müharibəsindən bəhs edən film nümayiş olunub.

Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı polkovnik Füzuli İmrəliyev çıxış edərək Ali Baş Komandan İlham Əliyevin əzmi, qətiyyəti və yüksək sərkərdəlik bacarığı ilə aparılan 44 günlük haqq savaşında keçdiyi döyüş yolundan, çiyin-çiyinə vuruşduğu hərbçi yoldaşlarının igidliyindən və şücaətindən söz açıb. Müharibə iştirakçılarına və şəhid ailələrinə Azərbaycan dövləti tərəfindən göstərilən diqqət və qayğıdan da danışan qəhrəman zabit F.İmrəliyev DTX əməkdaşlarının Silahlı Qüvvələrin Ali Baş Komandanının əmr və göstərişlərini bundan sonra da layiqincə icra etməyə hazır olduğunu bildirib.

 

Poliqon.az

CATEGORIES
TAGS