DTX rəisi Azərbaycanda sabitliyi pozmağa çalışanlara xəbərdarlıq etdi

Azərbaycanın sülh çağırışlarına baxmayaraq, Vətən müharibəsindən sonra hələ də bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri müşahidə edilməkdədir.
“Poliqon”un məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimində deyib.
Tədbirdə çıxış edən DTX rəisi Əli Nağıyev tədbirin keçirilməsinin əhəmiyyətinə toxunaraq hazırkı dönəmdə Azərbaycanın təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı səylərin birləşdirilməsinin vacibliyindən bəhs edib, aidiyyəti qurumların koordinasiyalı şəkildə mümkün risklərlə səmərəli mübarizəsindən danışıb.
“Mövcud vəziyyəti qəbul edə bilməyən Ermənistandakı mənfur ünsürlər daima Azərbaycana qarşı əks-təbliğat aparır, Azərbaycanda yaşayan müxtəlif xalqların arasında nifaq toxumu səpməyə çalışır, qonşu dövlətlərlə Azərbaycan arasında olan münasibətlərin gərginləşməsinə çalışır”, – deyə DTX rəisi vuruğulayıb.
DTX rəisi bildirib ki, İlham Əliyevin rəhbərliyi altında aidiyyəti dövlət orqanları tərəfindən ermənilərin Azərbaycana qarşı mümkün təxribatları diqqətlə izlənilir və adekvat tədbirlər görülür.
Ə. Nağıyev ayrı-ayrı xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat verib, bəzi vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsinin də narahatlıq doğuran məsələlərdən biri olduğunu və həmin şəxslərin gələcəkdə ölkə ərazisində terror-təxribat əməlləri törətməyə cəhd etməsinin də daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırıb.
Çıxışında informasiya təhlükəsizliyi sahəsində baş verən cinayətlərin, koronavirus pandemiyasının yaratdığı problemlərin ümumi təhlükəsizlik arxitekturasına təsirlərindən də danışan DTX rəisi vurğulayıb ki, Azərbaycanda mövcud sabitliyin pozulmasına yönəlmiş bütün sadalanan hallara qarşı DTX tərəfindən bundan sonra da qətiyyətli tədbirlər görüləcəkdir.




