Dünya hərbi sənayesi Suriya poliqonunda – ANALİZ

2011-ci ilin başlanğıcında hakim BƏƏS partiyasına sadiq qüvvələr və müxalifət arasında yaşanan qarşıdurmalara az keçməmiş “Əl Nüsra”, İŞİD, kürd, türkmən, “Hizbullah” və digər qrupların, Rusiya, İran, ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail, Fransa və digər dövlətlərin də qatılması ilə Suriyada vəziyyət daha da kəskinləşdi. Altı ildir davam edən Suriya müharibəsi həm Əsəd, həm də müxalifəti dəstəkləyən xarici ölkələrin silah sənayesinin özünün yeni məmulatlarını sınaqdan keçirməsi üçün böyük imkanlar yaratmışdır.

Yuxarıda qeyd etdiyimiz kimi, başda Rusiya olmaqla bir sıra ölkələr Suriya əməliyyatlarında öz hərbi potensiallarını nümayiş etdirməklə bərabər, ölkənin sənaye müəssisələrində yaradılan, istehsal edilən silah və texnika nümunələrini test etmək, döyüş tətbiqinin nəticələri əsasında təkmilləşdirmək imkanı qazanıb.

Rusiya

Qərblə Şərqin döyüş meydanına çevrilən Suriyada birbaşa döyüş əməliyyatlarına 2015-ci ildə qatılan Rusiya Silahlı Qüvvələri çox sayda yeni hərbi texnikasını və silah sistemlərini sınaqdan keçirib. İŞİD terror qruplaşmasını və mərkəzi hakimiyyətə qarşı döyüşən qüvvələri zərərsizləşdirmək adı altında Rusiya Ordusu “Suriya poliqonunda” robot texnikalardan uzaq mənzilli qanadlı raketlərədək bütün növ silah və texnikalardan istifadə edib. Rusiya mediasında yer alan məlumatlara görə, 2017-ci ilin yanvar ayınadək Suriyada təxminən 162 adda silah, sursat və hərbi texnikadan istifadə olunub.

su35

Su-35

2015-ci ilin oktyabr ayında Xəzər Flotiliyasının gəmilərindən Suriyadakı İŞİD mövqelərinə “Kalibr-NK” qanadlı raketlərin buraxılışını həyata keçirən Rusiya bununla dünyanın diqqətini yenidən özünə yönəltdi və bununla “zəif rus silahı” fikrini dəyişməyə nail oldu. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, ilk atışda Xəzər dənizindəki 4 gəmidən Suriya ərazisinə 26 raket buraxılışı həyata keçirilib və 11 hədəf vurularaq məhv edilib. Qeyd edək ki, “Kalibr” raket kompleksi 2600 km məsafədə yerləşən hədəfləri vura bilir.

2015-ci ilin sonunda Türkiyə-Suriya sərhədində Su-24 təyyarəsinin vurulması və iki rus pilotunun ölümü ilə başlayan Rusiya-Türkiyə böhranından bir neçə gün sonra Suriyanın Lazkiyə əyalətinə S-400 “Triumf” zenit-raket kompleksini yerləşdirən Rusiya Əsədin əsas tərəfdarlarının cəmləşdiyi rayonların hava hücumundan müdafiəsinə nail oldu. Eyni zamanda Suriyanın hava məkanında şəriksiz üstünlüyünü təmin elədi. Qeyd edək ki, “Almaz-Antey” şirkətinin istehsalı olan S-400 “Triumf” ZRK 2007-ci ildə silahlanmaya qəbul olunub. Kompleks həm təyyarə, həm də ballistik raketlərin hücumundan müdafiə və onların məhv edilməsi üçün hazırlanıb. S-400 ZRK 600 km-ə qədər radiusda təyyarələri aşkarlayır, 400 km məsafədə hədəfi məhv edə bilir. Komplekslər hava hədəfləri ilə yanaşı yerüstü hədəfləri də vura bilir.

s400

S-400

Suriya döyüşlərində rus ordusu həmçinin “Kornet” idarə olunan TƏİR-lərin yeni modifikasiyalarını (“Tiqr” zirehli maşınlarının üzərində), “Pantsir-S1” zenit-raket top kompleksini, BMPT-72 “Terminator 2” atəş dəstəyi maşınını, T-90 tanklarını, BTR-82A zirehli transportyorlarını, TOS-1A “Solntsepyok” ağır odaatanını, 1L260 “Zoopark-1M” atəş idarəetmə radarını, 2017-ci ilin avqust ayında isə “Verba” daşınan zenit-raket kompleksini tətbiq edib.

Döyüşlərdə ilk dəfə tətbiq olunan məhsullar arasında 152 mm-lik “Krasnopol” lazer idarəetməli mərmilər də yer alıb. Bu mərmilərin hədəfi vurma ehtimalı 90% təşkil edir. Modernizə edildikdən sonra “Krasnopol”un atış məsafəsi 30 km-ə çatdırılıb.

Rusiya Hava Kosmik Qoşunları isə Suriyada dördüncü nəsil “Su-30SM” təyyarələrini ilk döyüş tətbiqini reallaşdırıb. 2015-ci ilin noyabr ayında bu modeldən Suriyaya 12 təyyarə göndərilib. Bundan əlavə, “Su-34” və “Su-35” təyyarələri də Suriyada istifadə olunan ən müasir aviasiya vasitələrindəndir. Dördüncü və beşinci nəsil təyyarələr arasında özünəməxsus şəkildə körpü rolunu oynayan Su-35 müasir PAK-FA T-50 təyyarələrində istifadə olunan mühərriklə təchiz edilib və 2015-ci ildə Rusiyanın silahlanmasına daxil olub. 2016-cı ilin yanvar ayının sonunda Suriyaya 4 ədəd Su-35 təyyarəsi göndərilib.

pzrk verba 0

Verba DZRK

Döyüş effektivliyinə görə, Su-35 Rusiyanın Suriyada istifadə etdiyi ən öldürücü silah və texnikanın “Top-5”nə daxil edilib. HHQ həmçinin əməliyyatlarda Mi-28N, Ka-52 “Alliqator” helikopterlərindən də geniş istifadə edib. İstehsalçı “Vertolyot Rossii” şirkətinin mütəxəssisləri Suriya əməliyyatlarından əldə edilən təcrübə əsasında Mi-28 helikopterlərinin təkmilləşdirilməsi ilə bağlı layihənin hazırlandığını ifadə ediblər.

Yeni hərbi aviasiya vasitələri ilə yanaşı Suriyada son illərdə yaradılmış bir sıra aviasiya bombalarını və idarə olunan raketlərini də praktiki olaraq sınaqdan keçirən Rusiya HHQ açıqlanan rəsmi məlumatlara görə, ilk dəfə olaraq Suriyada lazer idarəetməli X-29L, X-101 raketlərinin döyüş tətbiqini reallaşdırıb. Atış məsafəsi 5500 km-ə qədər olan X-101 qanadlı raketlərinin nüvə başlıqlı X-102 modifikasiyası da mövcuddur. Bu raketlər Rusiya HHQ-nə məxsus Tu-95 təyyarələrindən buraxılıb.

uran9 doyus

Uran-9 döyüş robotu

Suriya əməliyyatlarında Rusiyanın diqqət çəkən yenilikləri arasında döyüş və kəşfiyyat robotlarının tətbiqi xüsusi yer tutur. Rusiyanın Müdafiə Nazirliyinin saytında və ordu KİV-də yer alan məlumatlara görə, hərbi əməliyyatlarda “Uran-9”, “Platforma-M”, “Arqo” və digər robot sistemlərindən geniş istifadə edilib. “NİTİ Proqress” müəssisəsi tərəfindən hazırlanmış “Platforma-M” kompleksi dörd ədəd qumbaraatan və “Kalaşnikov” pulemyotu ilə silahlandırılıb. Kompleksin əsas təyinatı stasionar və hərəkət edən hədəflərə zərbələrin endirilməsidir. Bundan başqa, “Platforma-M” kəşfiyyat və patrul xidməti həyata keçirir. Kəşfiyyat məlumatlarının əldə edilməsi, həmçinin rəqibin texnikası və canlı qüvvəsinin məhv edilməsi üçün nəzərdə tutulan “Arqo” robot kompleksinin çəkisi 1 ton, uzunluğu 3,4 metr, eni 1,85 metr, hündürlüyü isə 1,65 metrdir. “Arqo”dan həmçinin dağlıq ərazilərdə yüklərin çatdırılması üçün istifadə etmək olar. Quruda saatda 20, suda 4,6 kilometr sürətlə hərəkət edən “Arqo” 20 saat fasiləsiz işləyə bilir. Avtomatlaşdırılan kompleks PKT pulemyotu, tank əleyhinə 3 ədəd RPQ-26 qumbaraatanı və iki ədəd RŞQ-2 ilə qumbaraatanla təchiz edilib.

“Uralvaqonzavod” Elmi-İstehsalat Şirkətinin hazırladığı “Uran-9” robotunun ağırlığı 10 ton təşkil edir. Döyüş robotu 30 mm-lik top, iri çaplı pulemyot, tank əleyhinə mərmilər və “İqla” raket əleyhinə komplekslə təchiz olunub. “Uran-9”un əsas vəzifəsi distans kəşfiyyat aparmaq və döyüş zamanı hərbi bölmələrə dəstəkdir. Robot xüsusi mobil idarəetmə məntəqəsindən idarə olunur. Döyüş robotu T-14 “Armata” tankının şassisi üzərində yaradılıb. Maşın 260 at gücünə malik dizel KaMAZ mühərriki ilə təchiz edilib. Mütəxəssislərin fikrincə, “Uran-9” modernləşmədən sonra 8 km məsafədə hədəfi məhv etmək imkanına malik olacaq. Bundan başqa Rusiya Silahlı Qüvvələrində robotlaşdırılmış daha bir neçə kompleks mövcuddur.

Suriyada qoşunların idarəedilməsi bir neçə il əvvəl istifadəyə verilən “Andromeda-D” avtomatlaşdırılmış döyüş idarəetmə sisteminin tətbiqi ilə həyata keçirilib. Ordu rəsmilərinin çıxışlarından məlum olduğu qədər Rusiya bu sistem vasitəsilə Suriyada qarşı tərəfin bütün yerdəyişmə proseslərinə nəzarət edə bilib. Belə ki, döyüş robotları və pilotsuz təyyarələr “Andromeda-D”nin avtomatlaşdırılmış idarə sisteminə bağlanıb. Pilotsuz təyyarələr öz növbəsində rəqibin bütün yerdəyişmələrinə nəzarət edib. Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, Hələb şəhəri ətrafında sistemin tətbiqi ilə aşkar edilmiş hədəflərə artilleriya zərbələri endirilib və döyüş robotlarının hücumunun başlanmasından 20 dəqiqə sonra rəqib təxminən 70 nəfər döyüşçüsünün cəsədini döyüş meydanında qoyaraq geri çəkilib. Suriya ordusu bir nəfər olsun belə itki verməyib, yaralıların sayı isə dörd nəfərdən çox olmayıb.

“Ratnik” gələcəyin əsgəri təchizatının da Suriyada döyüş şəraitində istismarının müvəffəqiyyətli keçdiyini deyən Dəqiq Maşınqayırma üzrə Mərkəzi Elmi Tədqiqat İnstitunun baş direktoru Dmitri Semizorovun sözlərinə görə, təchizatın bütün elementləri döyüş şəraitində sınaqlardan uğurla keçib və problemlər yaşanmayıb. Xüsusilə müdafiə elementlərinə heç bir zərər dəyməyib. Ikinci nəsil döyüş təchizat dəsti sayılan “Ratnik” özündə müasir atıcı silahları, effektiv müdafiə dəstlərini, kəşfiyyat və rabitə cihazları daxil olmaqla 10 müxtəlif sistemi birləşdirir. Dəst müxtəlif iqlim şəraitində istifadə üçün nəzərdə tutulub.

Rusiyanın döyüş şəraitində tətbiq etdiyi yeni texnikalar arasında “Krasuxa-4” radio-elektron mübarizə kompleksi də yer alıb. 300 km təsirli mənzili olan bu sistem 2012-ci ildə silahlanmaya qəbul edilib. Sistemin xarakteristikası demək olar ki, tam məxfi saxlanılır.

Ruslar Suriya ərazisində İŞİD terror qruplaşması və digər yaraqlıları zərərsizləşdirmək və həmçinin onlara nəzarət etmək üçün 10 kəşfiyyat peykindən istifadə ediblər. Əməliyyatlarda peyklərdən istifadə olunmasını açıqlasa da Müdafiə Nazirliyi rəsmi məlumatlarda onların adları göstərməyib. Ekpsertlərin fikrincə, Suriya ərazisində gedən döyüşlərdə Rus ordusu əsasən “Bars-M”, “Harpun” kəşfiyyat, “Lotos – S”  radio və radiotexniki kəşfiyyat, “Persona” fotokəşfiyyat peyki və “Resurs-P2” peyklərindən istifadə edib.

Rusiyanın Müdafiə Nazirliyi Suriya əməliyyatlarında PUA-lardan istifadə ilə bağlı hər hansı məlumat açıqlamasa da, 2015-ci ildə Hələb şəhəri yaxınlığında Rus ordusuna aid vurulmuş iki – “Eleron-3” və “Orlan-10” PUA-nın görüntüləri yayılıb. Bundan başqa, həmin ərəfələrdə Türkiyənin hava məkanına daxil olan ruslara aid iki PUA vurulub. Ayrı-ayrı hərbi nəşrlərdə yer alan məlumatlara görə, Rusiya Ordusu Suriyada 10-a yaxın PUA itirib.

Türkiyə

İŞİD-ə qarşı əməliyyatlara 2013-cü ildə başlayan Türkiyə eyni zamanda Suriya ilə sərhəddə, Suriya qüvvələri ilə də bir çox döyüşlərə girmişdir. 24 avqust 2016-cı il tarixində başlayan “Fərat Qalxanı” əməliyyatı da daxil olmaqla, Türkiyə Silahlı Qüvvələri də Rusiya kimi öz inventarına daxil olan yerli istehsal olan silah və hərbi texnikaların mühüm hissəsini Suriyada real döyüş sahəsində sınaqdan keçirmək imkanı qazanmışdır.

qorqud

Qorqud zenit-top kompleksi

2015-ci ildə Suriya ordusunun və sərhəddəki İŞİD silahlılarının Türkiyə ərazisinə açdığı artilleriya atəşləri zamanı mülki əhali arasında itkilər yaşanmış, belə olan təqdirdə Türk Ordusu sərhədyanı ərazidə qarşı tərəfin atış yerinin təsbit edilməsi üçün ASELSAN tərəfindən istehsal edilən “Sərhəd” minaatan təsbit radarlarından ilk dəfə istifadə etmişdir. T-155 “Fırtına” haubitsaları ilə əlaqəli şəkildə praktiki yoxlanılan radarın sayəsində Suriya ərazisindəki atış nöqtələri qıs zamanda zaşkarlanaraq susdurulmuş, qarşı tərəf ağır tələfata uğradılmışdı.

Praktiki tətbiq nəticəsində əldə olunan təcrübə tətbiq edilməklə radarın imkanları artırılıb və yeni Silah Təsbit Radarının yaradılmasına başlanılıb. Bu proses çərçivəsində, sərhədyanı ərazilərin düşmənin gözlənilıməz artilleriya və raket atəşındən müdafiəsi məqsədi ilə Kilis və Hatay bölgələrində yenə ASELSAN-ın istehsalı olan, proqramlaşdırılmış mərmilərlə atəş açan “Qorqud” zenit-top komplekslərinin yerləşdirilməsi təmin olunub. Adıçəkilən kompleks həmin rayonların bir növ “dəmir qalxanı”nı yaradaraq təhdidləri aradan qaldırmağa imkan yaradıb.

SERHAT2

Sərhəd minaatan atəş təsbit radarı

Rusiya ilə yaşanan Su-24 təyyarə böhranından sonra Moskvanın Suriya ərazisində S-400 ZRK-lər yerləşirməsi başlanğıcda Türkiyə Silahlı Qüvvələrinin bölgədə fəaliyyətinə ciddi təhdid yaratsa da, 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində Türkiyə sərhədə ASELSAN şirkətinin KORAL radioelektron mübarizə komplekslərini yerləşdirməklə bu təhdidi zərərsizləşdirməyi bacardı. ASELSAN şirkətinin baş direktorunun müavini Yavuz Bayızın sözlərinə görə, “KORAL lazımi məsafədə, problemsiz şəkildə əməliyyatları icra etməyə imkan verib”. Sistemin texniki imkanları hətta rusiyalı mütəxəssislər tərəfindən də yüksək qiymətləndirilib. KORAL ilə yanaşı Türk Ordusu ərazidə ASELSAN istehsalı olan PUHU penelqasiya cihazları, habelə dinləmə, kəsdirmə sistemlərindən, uzun mənzilli elektro-optik cihazlardan, zirehli maşınların silahlanmasında yer alan döyüş modullarından da geniş istifadə etmişdir.

Türkiyənin Suriya əməliyyatları sırasında ROKETSAN şirkətinin istehsalı olan “Cirit” idarə olunan aviasiya raketindən, PUA-ların silahlanmasında yer alan MAM-L lazer başlıqlı döyüş sursatlarından, 122 və 300 mm çaplı reaktiv yaylım sistemlərindən, MKE şirkətinin istehsalı olan NEB betondələn bombalardan, “Zıpkın” zenit-raket kompleksindən, TÜBİTAK və ASELSAN istehsalı olan aviabombalar üçün qanadlı və lazerli yönləndirmə dəstlərindən geniş istifadə etməsinə dair faktlar mövcuddur.

ASELSAN MGEO 02 2015 IMG 4332

ASELSAN-ən lazer yönləndirmə dəsti ilə inteqrasiya olunmuş aviasiya bombası

Döyüş əməliyyatlarının gedişində Türk ordusu tərədfindən yerli istehsal olan “Bayraktar TB2”, “Karayel” və “Anka” PUA-ların zərbə və kəşfiyyat konfiqurasiyalarından geniş istifadə olunub. Türkiyə müdafiə sənayesinin son 10 ildə ortaya çıxardığı bu yeni silah və texnikalar döyüş tətbiqi keçərək özünü doğruldub.

Atıcı silahlardan da MPT-76 avtomatı özünün ilk döyüş sınağını məhz Suriyada “Fərat Qalxanı” əməliyyatında keçmişdir.

Türkiyənin aparıcı müdafiə şirkətlərindən “Nurol Makina”nın istehsalı olan 4×4 təkər formullu “Əjdər Yalçın”, “Otokar” şirkətinin istehsalı olan “Cobra” və “Cobra II” zirehli transportyorları, BMC şirkətinin “Kirpi” MRAP-ları, habelə ASELSAN tərəfindən modernizə edilmiş “Leopard” tankları da Suriya ərazisində aparılan hərbi əməliyyatlarda yer alıb. İŞİD ilə Əl-Bab döyüşündə Türkiyə Ordusu bir neçə ədəd “Leopard” tankını itirib.

İŞİD-in möhkəmləndirilmiş mövqelərinin vurulmasında geniş istifadə olunan NEB bombalarının uzunluğu 2600 mm, çəkisi 870 kiloqramdır. MKE şirkəti tərəfindən istehsal olunan bomba 2.1-3 metr qalınlığında ən yüksək markada (35MPa bərkidilmiş) betondan olan sığınacaqları dəlmə qabiliyyətinə sahibdir. Türk aviasiyası bu üstünlüklərinə görə, İŞİD-in silah depolarının məhv edilməsində NEB-dən istifadə edib.

İsrail

Suriyada daxili müharibədən istifadə edən İsrail ayrı-ayrı vaxtlarda ümumilikdə 5 dəfə bu ölkənin aviabazalarını və hərbi hissələrini qəfil zərbələrlə bombardman edib. Bombardmanlarda İsrail aviasiyası ilə bərabər PUA-lar, o cümlədən kəşfiyyat və nəzarət məqsədi ilə “Eros-B” casus peyklərindən istifadə olunub. Suriya Ordusunun mövqelərinin vurulmasında İsrail aviasiyası JDAM yönləndirmə dəsti ilə təchiz edilmiş İMİ şirkətinin istehsalı olan MPR-500 bunkerlərə qarşı aviasiya bombalarından daha çox istifadə edib. İsrailin əməliyyatları yüksək radiotexniki mühafizə mühitində reallaşdırıldığını qeyd edən ekspertlər bu bombardmanlara Rusiyanın Suriyada yerləşdirdiyi sistemlərin reaksiya verə bilmədiyini, Suriyanın əlində olan Rusiya və Çin istehsalı olan HHM sistemlərinin maneələrlə dayandırıldığını söyləyirlər. Bundan başqa, Suriyanın İsrail təyyarələrinə qarşı tətbiq etdiyi hava hücumundan müdafiə sistemi “Arrow 3” raket hücumundan müdafiə sistemi vasitəsi ilə sıradan çıxarılıb.

mpr500

MPR-500

İsrailin tətbiq etdiyi daha bir yenilik isə ABŞ-dan alınan F-35 təyyarəsinin Suriya bombardmanlarına cəlb edilməsidir. Fransız kəşfiyyat məlumatlarına görə, artıq İsrail bu təyyarələrdən Suriya əməliyyatlarında istifadə edib. “Le Figaro” qəzetində yer alan məlumata görə, yanvarın 12-də İsrail F-35-ləri Suriya prezidentinin Şamdakı sarayının ətrafında rus istehsalı olan S-300 hava müdafiə sistemini və “Pantsir-S1” zenit-top-raket kompleksini vurmağı bacarıb.

Xarici hərbi nəşrlərdə yer alan məlumatlara görə, İsrail Ordusu Suriya əməliyyatlarında “Arrow” raketdən müdafiə sistemindən də praktiki olaraq istifadə edib. Suriya istiqamətindən atılan raketlərin və döyüş təyyarələrinin zərərsizləşdiriılməsində “Barak-8” raketlərindən və hədəflərin aşkarlanmasında EL/M-2080 “Gren Pine” RLS-dən istifadə olunduğu bildirilir.

İran

Suriyanın İŞİD-lə mübarizəsində əsas müttəfiqi olan İran da öz hərbi sənayesinin bir sıra yeniliklərini Suriya “poliqonunda” real döyüş şərtlərində sınaqdan keçirməkdədir.

ABŞ ordu komandanlığının iyunun 20-də yaydığı məlumatda Suriya səmasında Suriya ordusuna dəstək verən İrana məxsus “Şahid -129” (Shahid-129) taktik PUA-nın F-15E təyyarəsinin pilotu tərəfindən vurulduğu bəyan edilib. İran xəbər portallarında yer alan videolardan göründüyü qədər İŞİD mövqelərinin vurulması “Şahid-129” PUA-dan “Sadid” idarəolunan raketlər vasitəsi ilə həyata keçirilib. 34 kq çəkiyə malik “Sadid” raketinin uzunluğu 1630 mm, çapı 152 mm, təsir radiusu 30 metr, mənzili 6000 metrdir. Raket infraqırmızı görüntüləyici başlığa və lazerlə yönləndirmə funksiyasına sahibdir.

1254646 original

“Tariq” yerüstü müşahidə radarı

İran hərbçiləri isə KİV-ə müsahibələrində Suriyada “Yassir”, AB-3, “Mohajer-4” PUA-larının aktiv istifadə edildiyini açıqlayıblar. Suriya Ordusunun döyüş videolarında İran hərbi sənayesinin istehsalı olan “Rayan Roşd” termal kameralarına rastlaşılır.

İyun ayının 19-da İran mediası Kirmanşahdakı bazadan Deyr-əz Zordakı İŞİD mövqelərinə “Zülfüqar”, “Şahab-3” və “Kiam-1” operativ taktiki raketlərlə zərbələrin endirildiyini açıqlayıb. Bu raketlərin atış mənzili 800 km-in üzərindədir.

Hələbin azad edilməsi əməliyyatında Suriya qüvvələri İran istehsalı olan 122 mm-lik HM20 yaylım atəşli reaktiv sistemlərdən geniş istifadə etmişdir. “Mercedes-Benz NG 2626” şassisi üzərində yerləşdirilmiş HM20 versiyası ötən ilin sonlarında Suriya Ordusuna çatdırılıb. Bundan başqa, İran istehsalı olan “Tariq” yerüstü müşahidə radarı hökumət qüvvələrinin istifadə prosesində görüntülənib. Bir neçə il əvvəl prototipi nümayiş etdirilən “Tariq”in çəkisi 30 kq təşkil edir. Radarın insanı 4.5 km, nəqliyyat vasitələrini isə 8 km məsafədən, maksimum 50 metr koordinat fərqi ilə aşkarlaya bildiyi qeyd olunur.

Çin və digərləri

Hazırda Suriya qüvvələri Çin istehsalı olan reaktiv yaylım sistemləri və hava hücumundan müdafiə komplekslərindən, xüsusilə də JY-27 radiolokasiya stansiyalarından istifadə edir.

Suriyada döyüşlərin gedişatında həm hökumət, həm də müxalif qüvvələrin istifadəsində Çin və Şimali Koreya istehsalı olan FN-6 daşınan ZRK-ləri görüntülənib. Adıçəkilən ZRK-lərin Suriyaya 2013-2014-cü illərdə gətirildiyi məlumatlar arasında yer alır. “The New York Times” qəzetinin araşdırmalarına görə, bu sistemlər 2013-cü ildə böyük ehtimalla Qətərdən gətirilib. 2014-cü ilin payızında FN-6 ZRK ilə İraqda Mi-35M helikopteri vurulub.

Cck EUg WWIAAN PY jpg large

FN-6 DZRK

Hərbi bloqlarda Suriyada Şimali Koreya istehsalı olan HT-16PGJ daşınan ZRK-nin istifadəsini təsdiqləyən fotolarla da rastlaşılır. “İqla-1” DZRK-nin inkişaf etdirilmiş versiyası olan bu silah lisenziya əsasında Şimali Koreyada istehsal olunur. Suriyanın Müdafiə Nazirliyi bu raketləri 2004-cü ildə satın alıb. 2013-cü ildə həmin raketlər Hələb yaxınlığında müxaliflər Suriya Ərəb Ordusunun 80-ci briqadasının bazasından ələ keçirilib.

2014-cü ilin payızından Suriya ərazisini bombardman edən ABŞ və müttəfiqləri (11 ölkə) 2017-ci ilin may ayının 10-dək Suriyada hökumət və silahlı qrupların mövqelərinə 8648 zərbə endirib. Bu zərbələrdən 8256-sı ABŞ aviasiyasının payına düşüb. Suriyadakı mövqelərin bombalanmasında F/A-18E/F qırıcı-bombardmançı, EA-18G, E-2C radioelektron mübarizə və radiotexniki kəşfiyyat təyyarələrindən, MH-60S/R helikopterlərindən istifadə edilib. Habelə bombardmanlarda JDAM bombaları və “Tomohavk” qanadlı raketləri tətbiq olunub. 2015-ci ildən Suriya ərazisində İŞİD mövqelərini bombardman edən Fransa HHQ isə “Rafale” döyüş təyyarələrindən istifadə edib.

Rəşad Süleymanov, Orxan Aslanlı

Yazı AZERİ DEFENCE jurnalının 4 (30) 2017-ci il tarixli sayında dərc olunub

CATEGORIES