“EagleEye” əlavə reallıq dəbilqəsi – TƏHLİL

“EagleEye” əlavə reallıq dəbilqəsi – TƏHLİL

ABŞ-ın hərbi sənaye kompleksinə daxil olan “Anduril Industries” hərbi texnologiya şirkəti, yerli “Meta Platforms, Inc.” transmilli holdinq şirkəti ilə ortaqlıqda hazırladıqdları ilk qurğunun anonsunu verib.

“Poliqon”un məlumatına görə, süni intellektlə təchiz edilmiş “EagleEye” (“Qartal gözü”) əlavə reallıq dəbilqəsi istifadəçilərə sensorlar, pilotsuz uçuş aparatları (PUA) və kameralar sistemindən istifadə edərək divarların arxasını görməyə imkan verəcək.

Bu qurğu rabitəni təmin etməli, məlumatları toplamalı və emal etməli, həmçinin döyüşçüyə öz tapşırıqlarını yerinə yetirməkdə kömək etməlidir.

Özəl xüsusiyyətləri olan “EagleEye” dəbilqəsinin inkişafı ilk 2025-ci ilin iyununda məlum olub. O zaman ABŞ hərbi-texniki sərgilərinin birində “Anduril Industries” şirkətinin rəhbərliyi bu layihənin mövcudluğunu və bəzi planları da açıqlamışdır. Bildirilib ki, yeni dəbilqə üzərində işlərə 2024-cü ildən başlanıb.

2025-ci ilin iyun ayında tərtibatçı şirkətlər yeni layihənin inkişafı və onun bəzi xüsusiyyətlərini açıqlamağı mümkün hesab etdikləri üçün, cari ilin oktyabr ayında “Anduril Industries” şirkəti illik Amerika Birləşmiş Ştatlar Ordusu Assosiasiyası (Association of the United States Army – AUSA-2025) konfransında iştirak etmiş və ilk dəfə tamamlanmış “EagleEye” dəbilqəsini nümayiş etdirmişdir.

Qeyd edək ki, “EagleEye” layihəsi könüllü təşəbbüsdür və Pentaqonun və ya digər dövlət qurumlarının sifarişi olmadan hazırlanır. Hazırda o ilkin prototiplərin inkişafı və sınaq mərhələsindədir. Buna görə də yeni dəbilqənin tamamlanma tarixi və gələcək perspektivləri qeyri-müəyyən olaraq qalır.

“Anduril Industries” şirkətinin məlumatına görə, modul qurğu “sistemlər ailəsidir” və özündə baş üstü proyeksiya displeyini, məkan səsini və radiotezliklərin aşkarlanmasını cəmləşdirir. O, döyüş zamanı tapşırığın yerinə yetirilməsi təlimatlarını və əmrlərini, üst-üstə düşən xəritələri və digər məlumatları göstərə, PUA və hərbi robot texnikasını idarə edə bilər.

“EagleEye” 3D mühitində döyüş tapşırıqlarını idarə etməyə imkan verir. Belə ki, operatorlar döyüş tapşırıqlarını məşq edə, hərəkətləri koordinasiya edə və real vaxt rejimində, əraziyə bağlı videogörüntüləri inteqrasiya edə bilərlər.

“EagleEye” qurğusunun əsas xüsusiyyəti onun inteqrasiya olunmuş arxitekturasıdır. Digər oxşar layihələrdən fərqli olaraq, elektronika əlavə avadanlıq deyil, dəbilqəyə inteqrasiya olunub. Bu konstruksiya ümumi xüsusiyyətləri və istifadə rahatlığını yaxşılaşdırmalıdır.

“EagleEye” layihəsi artırılmış reallıq gözlükləri və əlaqəli elektronika ilə qoruyucu dəbilqə yaratmaq məqsədi daşıyır. Bu qurğu döyüşçüləri güllə və qəlpələrdən qorumaq, həmçinin onları müxtəlif informasiya, rabitə və s. ilə təmin etmək üçün nəzərdə tutulub.

567962740 1364935155131759 4176021615078413196 nDəbilqə həm aydın gündüz, həm də rəqəmsal gecə görmə rejimlərini dəstəkləyir. Döyüşçülər komanda yoldaşlarının dəqiq yerini izləyə bilərlər. Paylanmış “Anduril Lattice” sensor şəbəkəsi sayəsində sistem döyüş meydanından real vaxt rejimində məlumatları birləşdirir və operatorlara hətta ərazi və ya tikililərin onların görmə xəttini bağladıqda belə təhlükələri aşkar etməyə və izləməyə imkan verir. Bu arada qeyd etmək lazımdır ki, “Anduril Lattice”, vahid əməliyyat görüntüsü yaratmaq və tapşırıqları avtomatlaşdırmaq üçün müxtəlif sensorlardan gələn məlumatları birləşdirən süni intellektlə işləyən proqram platformasıdır. O, “Anduril” sistemləri üçün “əməliyyat sistemi” kimi xidmət edir və onlara müşahidə, PUA əleyhinə müdafiə və avtonom tapşırıqlar kimi hərbi və ictimai təhlükəsizlik tətbiqləri üçün vahid şəbəkə kimi çıxış etməyə imkan verir.

“EagleEye” yalnız tam ballistik müdafiəni deyil, həm də partlayış dalğasının yumsaldılmasını təmin edir. Arxa və yan tərəfə baxan sensorlar diqqəti yayındırmadan baxış sahəsini genişləndirir. Məkan audio və radiotezlik aşkarlanması operatorları gizli təhlükələr barədə xəbərdar edərək qorunma səviyyələri əlavə edir.

“EagleEye” döyüşçünün şəbəkə imkanlarını və idarəetmə alətlərini geyilə bilən sistemə inteqrasiya edir. Operatorlar PUA-ları idarə edə, atəşi çağıra və s. fəaliyyətləri həyata keçirə bilər. Onun konfiqurasiyalarına dəbilqə, sipər (visor) və gözlük ilə müxtəlif variantlar daxildir. Yeni sistem bu sinifdə olan standart məhsullara bənzər “ballistik” dəbilqə üzərində qurulub. O, istifadəçinin başını qəlpələrdən və digər oxşar təhlükələrdən qorumaq üçün nəzərdə tutulub. Konstruksiya xüsusiyyətləri və istifadə olunan materiallar hələ açıqlanmır. Bununla belə, qeyd etmək lazımdır ki, dəbilqə analoji sistemlərdən daha hündür olması və müxtəlif konturlara malik olması ilə fərqlənir ki, bu da əlavə qurğuların quraşdırılması zərurəti ilə bağlıdır.

Sistem çəkini balanslaşdırır, ənənəvi gecə görmə eynəklərinin (NVGs) həcmini azaldır və sensorları döyüşçünün ağırlıq mərkəzinə uyğunlaşdırır. Bu xüsusiyyətlərin cəmi “EagleEye” qurğusunu hərbi əməliyyatların tələblərini yerinə yetirmək üçün nəzərdə tutulmuş standart təyin edən texnologiyaya çevirir.

Dəbilqənin ön hissəsində videokameralar və gecə görmə cihazı olan optik-elektronik qurğu yerləşir. Müştərinin istəyi ilə dəbilqəyə termal görüntü cihazı inteqrasiya oluna bilər. Bu blokun üstündə digər qurğular üçün də yer var. Əlavə sensorlar dəbilqənin üstündə bir cüt fərqli gövdədə yerləşdirilib. Səs-küyü susduran qulaqlıqlar yan tərəfdə, günbəzdə müvafiq kəsiklərdə yerləşir. Dəbilqə informasiyanın nümayişi üçün bir cüt şəffaf ekranı olan eynək şəklində inteqrasiya olunmuş ekrana malikdir.

Dəbilqədə xüsusi süni intellekt proqramı olan kompüter var. O, həmçinin öz naviqasiya və rabitə sistemlərinə, bir neçə aşkaretmə sisteminə və digər avadanlıqlara qoşulmaq üçün interfeyslərə malikdir. “EagleEye” qurğusu bütün şəbəkələri yaradan və müxtəlif səviyyələrdə məlumat mübadiləsini asanlaşdıran “Anduril Lattice” məlumat və idarəetmə şəbəkəsi daxilində işləmək üçün nəzərdə tutulub.

568322133 1364935748465033 4679174120170579308 n“EagleEye”, “Anduril Industries” şirkətinin hər bir döyüşçünü döyüş meydanında əlaqəli bir şəbəkə halına gətirmək ideyasını həyata keçirmək üçün atılan vacib addımdır. O, müdafiə səviyyəsini yüksəltməklə tapşırığın planlaşdırılmasını, qavranılmasını və pilotsuz vasitələrin idarə edilməsini çəki və koqnitiv yükü azaldan yüngül sistemdə birləşdirir.

Bildirilir ki, “Anduril Industries” şirkəti artıq Ordunun “Army’s Soldier Borne Mission Command” (SBMC) (SBMC) və “Soldier Borne Mission Command–Architecture” (SBMC-A) proqramlarını təqdim edir. SBMC və SBMC-A birlikdə ABŞ Ordusu hərbi qulluqçularını qərar qəbuletmə və hərəkətliliyi təkmilləşdirmək üçün inteqrasiya olunmuş situasiya məlumatlılığı, tapşırıq planlaşdırması və təlim alətləri ilə təchiz edən qarışıq reallıq platforması təşkil edir. “EagleEye” balans, qorunma və döyüş meydanında effektivlik üçün missiya komanda proqram təminatını alın şüşəsinə (Heads-Up Display – HUD) və aparat təminatını dəbilqəyə inteqrasiya edərək bu irəliləyişlərə inkişaf etdirir.

Qeyd olunur ki, işləmə zamanı “EagleEye” dəbilqəsi avtomatik olaraq müxtəlif məlumatları toplayır. Optik, akustik və radioelektron avadanlıq ərazini tədqiq edir və potensial təhlükələri müəyyən edir. Onun istənilən istiqamətdə şübhəli fəaliyyəti aşkar edə bildiyini iddia olunur. Dəbilqə həmçinin naviqasiya, digər döyüşçülərələ ünsiyyəti və s. təmin edir.

Əlavə reallıq eynəkləri müxtəlif məlumatları göstərə bilər. Buraya vəziyyət, təhdidlər və hədəflər haqqında məlumatlar və ya standart kameralar və ya gecə görmə cihazlarından alınan videogörüntü daxil ola bilər. Onlar digər sistemlərlə də qarşılıqlı əlaqədə ola bilərlər. Məsələn, dəbilqə kəşfiyyat PUA-sının videogörüntüsünü göstərə bilər. Onu həmçinin müxtəlif növ “ağıllı nişangahlarla” inteqrasiya etmək mümkündür.

“EagleEye” qurğusunun üstünlüklərinə onun ümumi innovasiyası və müasir komponentlərdən istifadəsi aiddir. Qurğuda geniş funksionallığı olan yeni proqram təminatı da istifadə olunur. Maksimum imkanlara malik bir qurğu şəklində inteqrasiya edilmiş dizayn da böyük əhəmiyyət kəsb edir.

Eyni zamanda, çatışmazlıqlar da var. Əsas odur ki, radio rabitəsindən geniş istifadə olunur. EagleEye dəbilqələri bir-biri ilə və digər qurğularla daim əlaqə saxlamalıdır. Rabitə kanallarının susdurulması dəbilqələrin düzgün işləməsinə mane olacaq, döyüşçülərin və onların bölmələrinin fəaliyyətlərini, eləcə də digər bölmələrlə qarşılıqlı əlaqəsini pozacaq. “Anduril Industries” şirkəti susdurmalara qarşı yüksək dayanıqlığın olduğunu iddia edir, lakin bu cür real imkanlar şübhə doğurur.

Bundan başqa, dəbilqə istifadəçini müxtəlif əlavə məlumatlarla təmin etməlidir. Müəyyən vəziyyətlərdə məlumat axını həddən artıq çox ola bilər və döyüşçünün fəaliyyətlərinə mane ola bilər. Məlumatların əvvəlcədən emal edilməsi və yalnız ən vacib məlumatların təqdim edilməsi bu problemi həll edir, lakin bu, elektronika və proqram təminatına yüksək tələblər qoyur. Dəbilqə ilə risklərin səhv qiymətləndirilməsi fəlakətli nəticələrə səbəb ola bilər.

567968241 1364935231798418 2721650125618386585 nQeyd etdiyimiz kimi, “EagleEye” layihəsi proaktiv təşəbbüsdür. Bununla belə, seriya istehsalı və çatdırılması üçün müqavilələrə səbəb ola biləcək səylər davam edir. Məsələn, “Anduril Industries” şirkəti bu yaxınlarda Pentaqonun döyüşçülərin təchizatını inkişaf etdirmək məqsədi daşıyan “Soldier Borne Mission Command” proqramına qoşulub. Sentyabrın əvvəlində şirkət əlavə reallıq sistemlərinin inkişafı üçün 159 milyon ABŞ dolları dəyərində müqavilə alıb. Bu müqavilə çərçivəsində yaxın gələcəkdə mövcud layihələr üzrə işlər davam etdiriləcək. Yaxın gələcəkdə şirkət Pentaqona tamamlanmış əlavə reallıq sistemləri təqdim edəcək. Bu, çox güman ki, dəyişdirilmiş və təkmilləşdirilmiş “EagleEye” dəbilqəsi olacaq. İnkişaf, sınaq və Pentaqon tərəfindən qiymətləndirmənin tamamlanması bir az vaxt aparacaq. Hər şey yaxşı olarsa, “EagleEye” sistemi bir neçə il ərzində istehsala hazır olacaq.

Xatırladaq ki, “Anduril Industries” şirkəti həmçinin sərhəd nəzarəti sistemləri; “Altius (Agile Launched, Tactically-Integrated Unmanned System) PUA ailəsini; “Anvil” PUA tutma platformasını; süni intellekt elementləri olan “Bolt/Bolt-M” hərbi PUA-ları; müxtəlif dərinliklərdə fəaliyyət göstərə bilən “Dive-LD” və “Ghost Shark” avtonom pilotsuz sualtı vasitələrini; həm statik, həm də hərəkət edən hədəfləri vura bilən səsəqədər sürətli “Barracuda” qanadlı raketlərini; “Fury”, “Ghost”, “Roadrunner” hərbi PUA-ları və süzən sursatları; məhdud görmə xətti olan ərazilərdə insanları və obyektləri aşkar etmək üçün nəzərdə tutulmuş “Dust” yerüstü sensorunu və digər avadanlıqları istehsal edir. Şirkət əsas diqqəti avtonom döyüş sistemlərinin yaradılması, robot texnikası, kibertəhlükəsizlik, süni intellekt, eləcə də müdafiə üçün proqram və texniki vasitələrin hazırlanmasına yönəldir. O, artıq “Microsoft HoloLens” avadanlığı əsasında mövcud hərbi qarışıq reallıq eynəkləri üçün proqram təminatı təmin edir. “Microsoft Corporation” və “Anduril Industries” bu yaxınlarda tərəfdaşlıqlarını genişləndirildiyini elan ediblər. Sonuncu, “HoloLens 2” qarışıq reallıq eynəkləri də daxil olmaqla, hərbi proqram üçün avadanlıq və proqram təminatının istehsalını və gələcək inkişafını öz üzərinə götürüb.

“Biz hərbi qulluqçulara yeni bir alət vermək istəmirik – biz onlara yeni komanda yoldaşı vermək istəyirik. Ekranınıza quraşdırılmış süni intellekt tərəfdaşı ideyası onilliklərdir ki, mövcuddur. “EagleEye” bunun ilk dəfə reallığa çevrildiyi haldır”, deyə, “Anduril Industries” şirkəti qeyd edib.

Ümumilikdə, “EagleEye” sistemi hazırkı formada potensial müştərilər üçün müəyyən maraq doğurur, lakin onlar onun bütün xüsusiyyətlərini sınaqdan keçirməli və potensial riskləri qiymətləndirməlidirlər. “Anduril Industries” şirkəti, öz növbəsində, layihənin uğurunu təmin etmək üçün mümkün olan hər şeyi edəcəyini bildirir.

Nəticə olaraq qeyd etmək olar ki, əlavə reallıq sistemlərini və qabaqcıl elektronikanı döyüşçü təchizatına daxil etmək ideyası uzun müddətdir ki, mövcuddur. Bu günə qədər müxtəlif ölkələrdə hər birinin özünəməxsus xüsusiyyətləri olan bir sıra oxşar layihələr hazırlanmışdır. “Anduril Industries” və “Meta Platforms, Inc.” şirkətləri də bu prosesə qoşularaq aşkar üstünlükləri olan maraqlı layihə təqdim ediblər. Yeni dəbilqənin gələcəyi isə hələlik qeyri-müəyyəndir. Və bu, bir neçə ildən sonra müəyyən ediləcək. Bununla belə, EagleEye məmulatı artıq müasir texnologiyaların və sistemlərin potensialını nümayiş etdirir. Onun tətbiq edilib-edilməyəcəyi və yeni inkişafın tamhüquqlu istismar vəziyyətinə gətiriləcəyi hələ naməlumdur.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS