
Birləşmiş Ərəb Əmirliklərinin EDGE şirkəti Mərakeş Milli Müdafiə Administrasiyası ilə DESERT STING 16 (DS-16) dəqiq idarə olunan döyüş sursatının və THUNDER P-31 tuşlama dəstinin tədarükünə dair müqavilə imzalayıb.
EDGE-dən “Poliqon”a bildirilib ki, “Marrakech Air Show 2026” sərgisində imzalanan müqavilə hər iki silah sisteminin tədarükünü və onların Mərakəş Hərbi Hava Qüvvələrinin (HHQ) pilotsuz uçuş aparatlarına (PUA) inteqrasiyasını əhatə edir.
Bu müqavilə EDGE şirkətinin Mərakeşə və prioritet inkişaf bazarlarından biri olan Afrika qitəsinə uzunmüddətli sadiqliyini əks etdirir. EDGE tərəfdaşları ilə çevik və açıq biznes modelləri əsasında əməkdaşlıq edir, hər bir proqramı müştərinin əməliyyat tələblərinə uyğun formalaşdırır və sistemlərini onların artıq istismar etdikləri platformalara inteqrasiya edir.
EDGE şirkətinin Raketlər və Silahlar bölməsinin prezidenti Seyf Əl-Dahbaşi bildirib ki, bu müqavilə Mərakeş Hərbi Hava Qüvvələrinin qarşıya qoyulan əməliyyat tapşırıqlarını yerinə yetirməsi üçün tələb olunan imkanların təmin edilməsini nəzərdə tutur: “Biz tərəfdaşlarımızın ehtiyac duyduğu sürətlə fəaliyyət göstəririk və tədarük etdiyimiz hər bir sistem etibarlı təchizat və uzunmüddətli texniki dəstək ilə təmin olunur. Mərakeş Hərbi Hava Qüvvələrini tapşırıqların icrasına hazır olan dəqiq zərbə imkanları ilə təmin etməklə, EDGE şirkətinin bu ölkənin etibarlı tərəfdaşı kimi mövqeyini möhkəmləndirir və uzunmüddətli əməkdaşlığın əsasını qoyuruq”.
DS-16-nın kütləsi 23 kq, uçuş məsafəsi isə 15 km-ə qədərdir. THUNDER P-31 isə MK 81 ümumi təyinatlı aviasiya bombasını dəqiq idarə olunan sursata çevirir. Bu sursat pilotsuz uçuş aparatlarından buraxıldıqda 10 km-ə qədər, yüksək sürətli və yüksək hündürlükdə uçan platformalardan buraxıldıqda isə 20 km-ə qədər məsafədəki hədəfləri vura bilir. Hər iki sistem peyk naviqasiyasının (GNSS) köməyi ilə dəstəklənən inersial naviqasiya sistemini və əlavə seçim kimi yarımaktiv lazer tuşlama başlığını özündə birləşdirir. Hər iki silah Birləşmiş Ərəb Əmirliklərində hazırlanır və istehsal olunur.
Müqaviləyə əsasən, EDGE hər iki silahı Mərakeş HHQ-nin pilotsuz uçuş aparatları parkına inteqrasiya edəcək. Bu prosesə silahların daşınması və əməliyyat şəraitində tətbiqi üçün zəruri olan hava vasitələrinin modifikasiyası və proqram təminatı işləri daxildir.
Bu müqavilə EDGE şirkətinin Afrika tərəfdaşlarına sərhədlərini, sahil xətlərini və ərazi sularını qorumaq istiqamətində dəstək göstərməsi üzrə atdığı növbəti addımdır. Anqolada EDGE üç BR71 MK II “Combattante” korveti və altı HT-100 NAVAL pilotsuz helikopterindən ibarət, dəyəri 1 milyard avro olan Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsi proqramını həyata keçirir. Şirkət, həmçinin Anqolanın Daxili İşlər Nazirliyi ilə çoxillik sərhəd təhlükəsizliyi proqramına dair niyyət məktubu imzalayıb.





