TəlimXəbərlər

EFES-2026 çərçivəsində media nümayəndələri üçün brifinq keçirilib

EFES-2026 çoxmillətli təlimi çərçivəsində Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən xarici media nümayəndələri üçün brifinq təşkil olunub.

“Poliqon” xəbər verir ki, brifinq zamanı Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndələri EFES-2026 təliminin ümumi məqsədi, qarşıya qoyulan əsas hədəflər və təlimin icra mərhələləri barədə ətraflı məlumat təqdim ediblər.

Bildirilib ki, Türkiyə Quru Qoşunlarının Egey Ordusu Komandanlığının rəhbərliyi və idarəçiliyi altında keçirlən EFES-2026 təliminin əsas məqsədi birgə və müştərək əməliyyatlar üzrə imkan və qabiliyyətləri artırmaq, müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, həmçinin döyüş hazırlığını daha da gücləndirməkdir. Bununla yanaşı, təlim çərçivəsində komanda-idarəetmə prosedurlarının, elektron taktika və üsulların, hava məkanına nəzarət və idarəetmə proseslərinin sınaqdan keçirildiyi vurğulanıb.

Brifinqdə qeyd olunub ki, əvvəlki illərdə keçirilən təlimlərdən fərqli olaraq EFES-2026-da bir sıra yeni texnologiyalar və idarəetmə sistemlərindən istifadə edilir. Xüsusilə, KOCATEPE əməliyyat idarəetmə sisteminin tətbiqi ilə komanda-idarəetmə və əməliyyat mənzərəsinin inkişaf etdirildiyi bildirilib. Həmçinin hərbi qərarvermə prosesi (MDMP) çərçivəsində süni intellekt dəstəkli analitik tətbiqlərin istifadə olunduğu, bu sistemlərin fəaliyyət variantlarının hazırlanması, müqayisəsi və qərarvermə proseslərinə dəstək məqsədilə tətbiq edildiyi diqqətə çatdırılıb.

Bununla yanaşı, kibermüdafiə sahəsində məlumatlılığın artırılması, kibertəhlükəsizlik insidentlərinə qarşı cavab prosedurlarının yoxlanılması, asimmetrik təhdidlərə qarşı mübarizə və hibrid əməliyyat bacarıqlarının inkişaf etdirilməsinin də təlimin əsas prioritet istiqamətlərindən olduğu vurğulanıb.

Nazirlik rəsmiləri tərəfindən EFES-2026 təlimində ilk dəfə istifadə olunan silah sistemləri və avadanlıqlar, iştirakçı ölkələr, təlimin keçirildiyi ərazi və əməliyyat ssenariləri barədə də məlumat verilib.

Brifinq çərçivəsində Türkiyənin ASELSAN, “Roketsan”, MKE, ASFAT və HAVELSAN şirkətlərinin nümayəndələri də media təmsilçiləri qarşısında təqdimatlarla çıxış ediblər. Şirkət rəsmiləri tərəfindən EFES-2026 təlimində nümayiş etdirilən və istifadə olunan müasir silah sistemləri, döyüş idarəetmə həlləri, raket kompleksləri, elektron müharibə vasitələri, simulyasiya və komanda-idarəetmə texnologiyaları barədə geniş məlumat təqdim olunub.

Şirkət təmsilçiləri təqdimatlardan sonra jurnalistlərin suallarını cavablandırıb, məhsulların texniki xüsusiyyətləri, ixrac perspektivləri və gələcək inkişaf proqramları ilə bağlı açıqlamalar veriblər.

Back to top button