TəlimXəbərlər

EFES-2026 təlimində 50 silah və sistem ilk dəfə istifadə olunub

Türkiyə Quru Qoşunlarının Egey Ordusu Komandanlığının rəhbərliyi və idarəçiliyi altında 20 aprel – 21 may tarixləri arasında keçirilən EFES-2026 çoxmillətli təlimində 50 silah və sistem ilk dəfə olaraq istifadə edilib.

“Poliqon”un Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, təlimə müşahidəçilər, birliklər və müxtəlif elementlər daxil olmaqla 51 ölkədən 10 mindən çox şəxsi heyət cəlb edilib.

Təlim çərçivəsində Kartal hərbi düşərgə bölgəsində “Hava Hücum Hərəkatı və Qarışıq Birliklərin Keçid Açma Təlimləri”, eləcə də EFES-2026-nın rəmzi bayrağı və iştirakçı ölkələrin rəsmi bayraqları ilə “Bayraqla Atlayış Fəaliyyəti” icra olunub.

Eyni zamanda, “Panter” özüyeriyən artilleriya qurğusu, KARAOK tank əleyhinə raket sistemi, xüsusi məqsədli taktiki təkərli zirehli nəqliyyat vasitəsi və “Karayel” kateri daxil olmaqla, 50 silah və sistem təlimdə ilk dəfə tətbiq edilib.

Təlim çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin effektivliyini və çəkindiriciliyini artıran yerli, milli və müasir texnologiyalara malik müdafiə sənayesi məhsullarının nümayiş olunacağı “Müdafiə Sənayesi Sərgisi”nin açılması planlaşdırılır. Sərgi 16 may tarixində İzmirin Səfərihisar rayonundakı Doğanbəy Atış və Təlim Bölgəsində keçiriləcək və müdafiə sənayesi şirkətləri iştirak edəcək. Həmçinin sərgidə “EFES-2026 Müdafiə Elm və Texnologiyaları” mövzusunda universitetlərarası layihə müsabiqəsində seçilən işlər də nümayiş etdiriləcək.

Bundan əlavə, 20-21 may tarixlərində təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçiriləcək.

Təlimin yekun günündə isə – 21 may tarixində Türk Ulduzları Akrobatika Qrupu tərəfindən nümayiş uçuşu icra olunacaq.

Back to top button