Ehtiyatda olan general-mayor Aleksandr Vasyak vəfat edib

Ehtiyatda olan general-mayor Aleksandr Vasyak vəfat edib

Uzun illər Azərbaycan Silahlı Qüvvələri sıralarında müxtəlif vəzifələrdə xidmət keçmiş ehtiyatda olan general-mayor Aleksandr Petroviç Vasyak uzun sürən xəstəlikdən sonra vəfat edib.

“Poliqon” xəbər verir ki, bu barədə ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeir Cəfərov özünün “Facebook” hesabında məlumat paylaşıb.

Ü. Cəfərov bildirib ki, general A. Vasyak Qarabağ savaşının ilk illərində ön cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mənfur erməni-rus birləşmələrinə qarşı döyüşlərində yuxarı komandanlığın nümayəndəsi kimi döyüş əməliyyatlarının idarə olunmasında çox aktiv iştirak etmişdi.

“1992-ci ildə A. Vasyak Ağdərə istiqamətində ermənilərə qarşı çox uğurlu əməliyyatlarda şəxsən iştirak etmişdi. Daha sonra general A. Vasyak Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin rəisi, Hərbi Elmi Mərkəzdə məsul vəzifədə çalışıb. Ordudan tərxis olunduqdan sonra Vasyak Ukraynada yaşayıb. İndiki müdafiə naziri general-polkovnik Zakir Həsənov onu Bakıya çağıraraq Nazirliyin Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifəsinə təyin etmişdi.

Bir müddət bundan öncə isə Vasyak yenidən ordu sıralarından tərxis olunaraq bu dəfə Rusiya Federasiyasının Kaluqa şəhərinə ailə üzvlərinin yanına getmişdi. Noyabrın 21-də isə o ağır xəstəlikdən dünyasını dəyişib. General A. Vasyakın həyat yoldaşı da onun vəfatı xəbərini təsdiqləyib”, – deyə hərbi ekspert Üzeir Cəfərov bildirib.

Ü. Cəfərovun sözlərinə görə, A. Vasyakın nəşi Bakıya gətiriləcək və o Müdafiə Nazirliyi tərəfindən təntənəli şəkildə son mənzilə yola salınacaq: “Dəfn mərasimi 23 noyabr tarixinə planlaşdırılıb. Müdafiə Nazirliyinin rəsmilərindən olan general E. Xəlilovun rəhbərliyi altında dəfn komissiyası yaradılıb”.

Poliqon.az

CATEGORIES
TAGS