“Ejder Yalçın”ın macar davamçısı “Gidran” – FOTOLAR

“Ejder Yalçın”ın macar davamçısı “Gidran” – FOTOLAR

Türkiyə son vaxtlar beynəlxalq silah bazarındakı imkanlarını əhəmiyyətli dərəcədə artıraraq, getdikcə daha çox yeni bazarlara ayaq basır və ixracat baxımından inkişaf etməkdə davam edir. Türkiyənin təklif etdiyi silahların keyfiyyəti, digər ölkələrdən ibarət alıcılar sırasında NATO ölkələrinin olması ilə də sübut olunur.

“Poliqon” xəbər verir ki, bu barədə Macarıstan mətbuatı məlumat yayıb.

Xatırladaq ki, bu yaxınlarda Polşa, Türkiyə istehsalı olan məşhur “Bayraktar” TB2 pilotsuz uçuş aparatlarının (PUA) alındığını elan edən ilk NATO ölkəsi olub. Daha əvvəl isə Macarıstan Türkiyənin “Nurol Makina” şirkətinin istehsalı olan “Ejder Yalçın” zirehli transportyorları (ZTR) almaq qərarına gəlib.

Belə ki, 2020-ci ilin ilk yarısında Macarıstan mətbuatı, rəsmi Budapeştin Türkiyənin “Nurol Makina” müdafiə sənayesi şirkəti tərəfindən istehsal edilən 300-ə qədər yeni 4×4 təkər formullu “Ejder Yalçın” (macar adı “Gidran”) və “Yörük” taktiki təkərli ZTR-lərini almaq planları haqqında məlumat yayıb.

Qeyd edək ki, Macarıstan sözügedən alqı-satqını həyata keçirməklə, Türkiyə, Tunis, Özbəkistan, Qətər və Seneqaldan sonra “Ejder Yalçın” 4×4 ZTR-lərini alan altıncı ölkə və bu maşınların silahlanmasında yer alacağı ilk NATO ölkəsi olacaq.

“Yörük” 4×4 yüngül ZTR-inə gəlincə isə, Macarıstan bu yeni konstruksiyanın Qətərdən sonra ikinci müştərisi olacaq.

15 dekabr 2020-ci il tarixində Düsseldorfda Almaniyanın “Rheinmetall” konserni ilə Macarıstanda kütləvi istehsalı, həmçinin ixrac edilməsi planlaşdırılan yeni 4×4 təkər formullu “Gidran” ZTR-in seriyalı istehsalı barədə müqavilə imzalanıb.

Yeni birgə müəssisəsi tərəfindən “Gidran” platformasının inkişafı barədə ilk dəfə 21 dekabr 2020-ci il tarixində Budapeştdə elan edilib. Yeni şirkət, Almaniyanın “Rheinmetall Defense” konserni ilə Macarıstan hökuməti arasında ortaq bir müəssisə olan Macarıstanın “HT Division Zrt.” şirkəti tərəfindən qurulub. “Rheinmetall Defense” konserninin Macarıstandakı filialı “Rheinmetall Hungary Zrt.” şirkətidir.

İlk 40 ədəd zirehli maşın Türkiyə istehsalı olacaq, qalanları isə Macarıstanda Almaniyanın “Rheinmetall” konserninin Kapoşvardakı yeni zavodunda istehsal ediləcək. Ekspert hesablamalarına görə, yeni zavodda maşın yığmaq üçün xəttin gücü ildə 100 maşın olacaq. Layihənin dəyəri 30-50 milyard forint (təqribən 100-166 milyon ABŞ dolları) olaraq qiymətləndirilir.

Müqavilə əsasında tədarük edilən ilk 10 ədəd yeni “Gidran” 4×4 ZTR-ləri 11 fevral 2021-ci il tarixində Macarıstan Müdafiə Nazirliyinə təhvil verilib.

MRAP (Mine Resistant Ambush Protected) sinifə aid olan “Gidran” təkərli taktiki ZTR ən son döyüş təcrübəsinə əsaslanaraq və Macarıstan ordu mənsublarının tələblərinə uyğun olaraq “Nurol Makina” şirkətinin konstruktorlar tərəfindən hazırlanmışdır. Macarıstana çatdırıldıqdan sonra maşınlar əlavə olaraq müasir telekommunikasiya avadanlığı ilə təchiz olunub. Bu avadanlığın quraşdırılması işlərini Macarıstanın “HM ArmCom Kommunikációtechnikai Zrt.” şirkəti həyata keçirir.

“Gidran” ZTR gövdəsi, atıcı silahların güllələrinə və mərmi qəlpələrinə qarşı ballistik qorumanı təmin edən tamamilə qaynaqlanmış polad zirehli V formalı quruluşa malikdir. Maşının zireh mühafizəsi NATO STANAG-4569 standartının 4-cü səviyyəsinə uyğundur. Konstruksiyada mina və partlayıcı qurğulardan qorunmaq üçün quraşdırılmış üzən döşəmə örtükləri və enerjini udma xassəli oturacaqlar nəzərdə tutulub. Maşın, müxtəlif atış modullarının, sensorların, rabitə sistemlərinin və başqa digər avadanlığın inteqrasiyasına imkan verən modul konstruksiyaya malikdir.

Bildirək ki, Macarıstanın yeni “Gidran” ZTR-i, Türkiyənin “Nurol Makina” şirkəti tərəfindən istehsal olunan “Ejder Yalçın” zirehli maşınlarına əsaslanan yeni taktiki platformalar ailəsinin nümayəndəsidir. Maşının uzunluğu 5421 mm, eni 2486 mm, hündürlüyü 2300 mm-dir. Təchizatdan asılı olaraq boş kütləsi 12-14 tona, döyüş vəziyyətindəki kütləsi isə 18 ton-a qədərdir. Maşın 9+2 sxeminə əsasən sürücü və maşın komandiri olmaqla, ümumilikdə 11 döyüşçünü daşıya bilir. Yəni söhbət ştat silahlanmaya və texnikaya malik döyüşçülərin bir manqasının daşınmasının mümkünlüyündən gedir.

Zirehli maşın, 279,6 kVt gücü malik 6 silindrli “Cummins” turbopüskürməli dizel mühərriki ilə təchiz edilib. Şossedə maksimal sürəti saatda 110 km və yanacaq üzrə gediş ehtiyatı 600 km təşkil edir. Təkərlər güllə keçirməzdir. Maşın yüksək keçidlik qabiliyyətinə malikdir, çətin ərazilərdə təbii və süni maneələri dəf edə bilir, 30%-ə qədər yamaca qalxır və 0,7 m dərinliyə qədər su maneələrini keçə bilir

Silahlanmasına Türkiyənin “Aselsan” şirkəti tərəfindən istehsal edilən SEDA-V akustik atəş detektoru olan 12.7 mm sabitləşdirilmiş pulemyotla təchiz edilmiş uzaqdan idarə olunan SARP (Stabilized Advanced Remote Weapon Platform) modulu daxildir.

Atəş modulunda həm gündüz, həm də gecə atəş açmağa imkan verən daxili optoelektron müşahidə sistemi quraşdırılıb. Maşın, həmçinin tüstü qumbaraları atmaq üçün qurğularla təchiz edilib. “Gidran” 4×4 ZTR-lərinin Macarıstandakı sonrakı seriyalı istehsalı zamanı Kapoşvarda yerləşən yeni zavodda lisenziyalar əsasında buraxılacaq silahlarla təchiz edilməsi planlaşdırılır.

Qeyd edək ki, yeni zavod Almaniyanın “Rheinmetall Defense” konserni ilə birlikdə qurulur. “Gidran” zirehli maşınlarına uzunmüddətli perspektivdə “Rheinmetall” şirkətinin Macarıstanda istehsal olunacaq qabaqcıl döyüş modulları da quraşdırıla bilər.

“Gidran” proqramı ilə əlaqədar istehsal və elmi-texniki inkişaflar gələcəkdə türk mütəxəssislərin də qatılacağı ehtimal olunan ikitərəfli Macarıstan-Almaniya hərbi-texniki əməkdaşlığı çərçivəsində davam etdiriləcək.

“Gidran” 4×4 zirehli maşınlarının idarəetmə avtomobilləri, həmçinin raket silahları daxil olmaqla müxtəlif silah daşıyıcıları kimi bir neçə variantda istehsal edilməsi planlaşdırılır. Beləliklə, “Gidran” proqramı vasitəsi ilə, Türkiyəli istehsalçı potensial ixrac üçün Almaniyanın “Rheinmetal” konserni ilə birlikdə Macarıstan üzərindən yeni nəsil təkərli zirehli maşınların perspektivli inkişaflarına başlayırlar.

“Gidran” zirehli maşını xüsusi təyinatlı bölmələri, mexanikləşdirilmiş piyadaları normal və asimmetrik döyüşdə təchiz etmək üçün təyin edilib. Platforma, ağır və tank əleyhinə silahları olmayan nizamsız (irrequlyar) qüvvələrə qarşı polis əməliyyatlarında iştirak etmək üçün də əlverişlidir. Bundan başqa, “Gidran” zirehli transportyorunun “Ejder Yalçın” prototipinin ümumi təriflərindən biri də “ön müşahidə vasitəsi” olmasıdır.

Ekspert proqnozlarına görə, Macarıstan tərəfi briqadaların tərkibindəki kəşfiyyat taburlarını yeni zirehli maşınlarla təchiz etməyi planlaşdırır.

Gidran1

Macarıstan Ordusunun yeni kamuflyaj rəngli “Gidran” 4×4 zirehli transportyoru (öndən soldan görünüşü)

Gidran2

“Gidran” 4×4 zirehli transportyoru (arxadan soldan görünüşü)

Gidran3

Zirehli transportyorun damının arxa hissəsində yerləşdirilmiş SEDA-V akustik atəş detektorunun görünüşü

Gidran4

12,7 mm-lik pulemyotlu döyüş modulunun görünüşü

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS