“Elbit Systems” 120-ci “Hermes 900” sifarişini alıb

“Elbit Systems” 120-ci “Hermes 900” sifarişini alıb

İsrailin “Elbit Systems” şirkəti adı açıqlanmayan ölkədən “Hermes 900” pilotsuz uçuş aparatının (PUA) tədarükünə dair sifariş alıb.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bununla birlikdə indiyə kimi şirkətə edilən “Hermes 900” sifarişlərinin sayı 120 ədədə çatıb.

MALE (orta hündürlük və uzaq məsafə) sinifinə aid olan “Hermes 900” “Elbit Systems”in ən böyük pilotsuz uçuş aparatıdır. O, ISTAR (Intelligence, surveillance, target, acquisition and reconnaissance), yerüstü dəstək və dəniz patrul missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub.

“Hermes-900” PUA-nın faydalı yükünə elektro-optik/infraqırmızı sensorlar, SAR radarı, radioelektron kəşfiyyat vasitələri, həmçinin radioelektron mübarizə və hiperspektral sensorlar daxildir. 9100 metr yüksəkliyə qalxa və havada 30 saata qədər fasiləsiz uçuş apara bilən PUA-nın faydalı yük daşımaq bacarığı 450 kq, qanad açıqlığı 15 metr, uzunluğu isə 8.3 metr təşkil edir.

Qeyd edək ki, “Elbit Systems” “Hermes 900” PUA-nın tədarükünə dair ilk sifarişi 2011-ci ildə alıb. Həmin vaxtdan bugünə kimi “Hermes 900” 20-dən çox ölkəyə tədarük edilib. Onların siyahısına İsrail, Azərbaycan, İsveçrə, Kanada, Braziliya, Çili, Meksika, İsveçrə, Filippin, Tailand və digər ölkələr daxildir.

Hazırda “Elbit Systems” şirkəti sifarişçilərə təhvil verdiyi 1000 ədəddən artıq pilotsuz uçuş aparatı ilə bu sektorda fəaliyyət göstərən əsas PUA istehsalçılarındandır.

Poliqon.az

CATEGORIES
TAGS