
İsrailin “Elbit Systems” şirkəti adı açıqlanmayan beynəlxalq müştəri ilə əsas döyüş tanklarının modernləşdirilməsi üçün müqavilə imzalayıb.
“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, müqavilənin icrası dörd il ərzində həyata keçiriləcək.
Müqaviləyə əsasən, şirkət tankların xidmət müddətini uzatmaq və döyüş hazırlığını artırmaq məqsədilə onların sistemlərini modernləşdirəcək. Modernləşdirmə proqramı əsas bort sistemlərinin dəyişdirilməsi və təkmilləşdirilməsini nəzərdə tutur. Buraya gündüz və gecə müşahidəsi, həmçinin qabaqcıl hədəf aşkarlama və izləmə imkanları təmin edən süni intellekt (AI) dəstəkli, yüngül və yüksək performanslı elektro-optik nişangahlar daxildir.
Müqavilə həmçinin uzunmüddətli əməliyyat hazırlığını təmin etmək üçün ehtiyat hissələrinin tədarükünü, texniki xidmət və texniki dəstək göstərilməsini əhatə edir. Bundan əlavə, layihə təhlükəsiz və yüksək ötürmə qabiliyyətli səsli rabitə sisteminin inteqrasiyasını da nəzərdə tutur.




