“Elbit Systems UK” Britaniya Ordusuna təlim sistemləri tədarük edəcək
“Elbit Systems UK” şirkəti Böyük Britaniya Ordusuna “Ground Manoeuvre Synthetic Trainer” (GMST) təlim sistemləri tədarük edəcək.
“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bununla bağlı “Elbit Systems UK” və Böyük Britaniyanın Müdafiə Nazirliyi arasında 71 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.
Müqavilədə şirkət tərəfindən Britaniya Ordusuna tədarük ediləcək GMST təlim sistemlərinə 9 il müddətində texniki xidmətin göstərilməsi və sifariş üzrə bütün işlərin 3 il ərzində həyata keçirilməsi nəzərdə tutulub.
Bildirilib ki, bu təlim sistemi Britaniya Ordusunun inventarında yer alan “Boxer” zirehli maşınından və “Challenger 3” tankından istifadə edəcək şəxsi heyətin hazırlanmasına, onların öz bacarıqlarını təkmilləşdirməsinə xidmət edəcək.
Qeyd edək ki, “Elbit Systems UK” İsrailin “Elbit Systems” şirkətinin Böyük Britaniyada fəaliyyət göstərən törəməsidir.