Elçin Quliyev: Qazax Əlahiddə Sərhəd Diviziyası qısa müddət ərzində yüksək nəticələr əldə edib

Elçin Quliyev: Qazax Əlahiddə Sərhəd Diviziyası qısa müddət ərzində yüksək nəticələr əldə edib

2016-cı ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında ən müasir silah və texnika ilə təchizatlanmış Silahlı Qüvvələrimiz tərəfindən düşmənin təxribatına cavab olaraq onun alınmaz hesab etdiyi mövqeləri, dislokasiya yerləri, komanda-dayaq məntəqələri, qərargahları dəqiq zərbələrlə darmadağın edilib, bununla da Azərbaycanın hərbi qüdrəti bütün dünyaya nümayiş etdirilib!

Azeri Defence saytının məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev deyib.

“Prezident İlham Əliyev Azərbaycan Sərhəd Mühafizəsinin potensialını, hərbi qulluqçularının peşəkarlığını, Azərbaycan dövlətçiliyinə sadiqliyini nəzərə alaraq Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan – Ermənistan dövlət sərhədinin mühafizəsini sərhədçilərə həvalə etməklə bizim üçün ciddi tapşırıqlar müəyyən edib. Azərbaycan sərhədçisinə ali inamın ifadəsi olan bu tapşırıqların icrası şərəf borcumuz, fərəh və qürur mənbəyimizdir!

Səngərdə və sərhəddə Ermənistanla dövlət sərhədlərinin mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyası fəaliyyət göstərdiyi dövr ərzində formalaşaraq hərbi intizamı və döyüş qabiliyyətinin yüksək olması ilə fərqlənən hərbi birləşməyə çevrilib, qısa müddət ərzində dövlət sərhədinin mühafizəsində və müdafiəsində yüksək nəticələr əldə edib”, – deyə general-polkovnik Elçin Quliyev vurğulayıb.

DSX rəisi bildirib ki, Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan – Ermənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldükdən sonra qısa müddət ərzində bilavasitə düşmənlə təmas xəttində sərhədçilərimiz üçün 89 ədəd ən müasir tələblərə cavab verən sərhəd məntəqəsi, 4 hərbi hissə kompleksi tikilərək istifadəyə verilib, bir hərbi hissə kompleksi və 3 sərhəd məntəqəsində isə tamamlama işləri aparılır.

“Xidməti ərazilərdə düşmən tərəfindən törədiləcək istənilən təxribatın qarşısını almağa imkan verən əlverişli xidmət şəraitinin yaradılması, təhlükəsiz xidmətin təşkili, bütün cəbhəboyu ərazidə üstünlük əldə edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilib, sərhəd-döyüş məntəqələrinin döyüş qabiliyyətinin yüksəldilməsi, sərhədçilərimizin ən müasir silahlarla, aşkaretmə cihazları və digər texniki vasitələrlə təmin edilməsi, mühəndis təchizatının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

Bu tədbirlər sırasında bütün xidməti ərazi boyu döyüş postlarına aparan və onlar arasında yolların, həmçinin təhlükəsizliyin təmin edilməsi üçün yol boyu qoruyucu sədlərin çəkilməsi, bütün sərhəd döyüş məntəqələrinin xüsusi radiorabitə vasitələri ilə təmin edilməsi, xətti rabitə sisteminin yenilənməsi, sərhəd döyüş məntəqələrində yüzlərlə videomüşahidə kameralarının və günəş paneli sistemlərinin quraşdırılması xüsusi qeyd edilməlidir”, – deyə DSX rəisi Elçin Quliyev bildirib.

CATEGORIES
TAGS