Əli Nağıyev ilə BQXK-nin vitse-prezidenti arasında görüş keçirilib

Əli Nağıyev ilə BQXK-nin vitse-prezidenti arasında görüş keçirilib

Oktyabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Jil Karbonyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Poliqon” Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat mərkəzinə istinadən xəbər verir ki, görüşdə BQXK ilə Azərbaycan arasında mövcud əlaqələr, təşkilatın humanitar missiyasının həyata keçirilməsi ilə bağlı qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.

General-polkovnik Əli Nağıyev Birinci və İkinci Qarabağ müharibələrində itkin düşən vətəndaşların tapılması məsələsinə toxunaraq BQXK-nin bu istiqamətdə bundan sonra da fəal rol oynayacağına və mühüm töhfələr verəcəyinə ümidvar olduğunu bildirib. Həmçinin regionda hökm sürən yeni reallıqlar nəzərə alınmaqla BQXK-nin nümayəndələrinin Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan bölgələrə səfərlərinin Ermənistanın deyil, yalnız Azərbaycanın ərazisindən istifadə edilməklə mümkünlüyü nəzərə çatdırıb.

Bundan əlavə, Yaxın Şərq bölgəsindən, xüsusən də Suriya və İraqdan Azərbaycan əsilli vətəndaşların və onların ailə üzvlərinin ölkəyə qaytarılması mövzusu da geniş müzakirə olunub.

BQXK-nin vitse-prezidenti Jil Karbonye Azərbaycan hökuməti ilə faydalı əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə etmiş, qeyd olunan məsələlərin həlli istiqamətində birgə səmərəli fəaliyyətin davam edəcəyinə əminliyini bildirib.

Poliqon.az

CATEGORIES
TAGS