Ermənistan Fransadan GM200 radarları alır

Ermənistan Fransadan GM200 radarları alır

Ermənistan Fransadan üç ədəd “Ground Master 200” (GM200) radarı alır.

“Poliqon” “Reuters”ə istinadən xəbər verir ki, GM200 radarlarının tədarükünə dair tərəflər arasında alqı-satqı müqaviləsi imzalanıb.

Bundan başqa, Ermənistan və Fransa “Mistral” zenit-raket komplekslərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumu da imzalayıb.

Orta mənzilli radar olan GM200 Fransanın “Thales” şirkəti tərəfindən istehsal edilir. GM200 radarı sahib olduğu dizayn və texnologiya sayəsində istənilən mühit şəraitində aşağıdan yüksək hündürlüyə kimi bütün hava hədəfləri eyni vaxtda aşkar edə və izləyə bilir.

Bu radar həm çox qısa (VSHORAD – Very Short Range Air Defence), həm də qısa mənzilli hava hücumundan müdafiə (SHORAD – Short Range Air Defence) sistemləri ilə birgə tətbiq olunur. 3D texnologiyalı GM200 aşkarlanan hava hədəflərini 250 kilometrə kimi məsafədə müşahidə etmək imkanına sahibdir. Yük maşınında daşına bilən “Ground Master 200” radarını 15 dəqiqə ərzində istifadə üçün hazır vəziyyətə gətirmək mümkündür.

Qeyd edək ki, sözügedən radar Cənubi Qafqaz regionu üçün heç də yad sistem deyil. 2015-ci ildə Gürcstan Fransadan GM200 radarlarını alan ilk region ölkəsi olub. Hazırda isə bu radarlar Rusiya-Ukrayna müharibəsində Ukrayna Silahlı Qüvvələri tərəfindən aktiv şəkildə istifadə edilməkdədir.

CATEGORIES
TAGS