Ermənistan Hindistana MArG 155-BR ÖAQ sifariş verib

Ermənistan Hindistana MArG 155-BR ÖAQ sifariş verib

Ermənistan Hindistana MArG 155-BR özüyeriyən artilleriya qurğusu sifariş (ÖAQ) verib.

“Poliqon” “Indian Defence Research Wing” nəşrinə istinadən xəbər verir ki, ötən il Hindistana gedən Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti “Kalyani Strategic Systems Limited” (KSSL) şirkəti tərəfindən hazırlanmış 155 mm-lik MArG (Multi-terrain Artilleriy Gun) özüyeriyən artilleriya qurğularının (ÖAQ) bir sıra sınaqlarını keçirib.

KSSL şirkətinin nümayəndələrinin sözlərinə görə, özüyeriyən haubitsa 8 ay (!!!) ərzində hazırlanıb, sınaqlardan keçib və Azərbaycanla davam edən münaqişə kontekstində yüksək dağlıq ərazilərdə tətbiq oluna bilən oxşar silah sistemi axtaran Ermənistana təklif edilib.

Qeyd olunur ki, Ermənistan nümayəndə heyətinin iştirakı ilə keçirilən sınaqlar təxminən 40 gün davam edib. Silah erməni hərbiçilər tərəfindən qoyulmuş bütün meyarlarına uyğun olduğunu göstərib. Müqavilənin özü isə müdafiə sərgisində bağlanıb.

Xatırladaq ki, 2022-ci ilin noyabrında Hindistan mediası Hindistanın Ermənistana öz istehsalı olan 155 millimetrlik ATAGS yedəkli haubitsalarını tədarük edəcəyini yazmışdı (daha ətraflı: Ermənistan Hindistandan 155 mm çaplı haubitsalar alır).

Qlobal tendensiyalardan geri qalmaq istəməyən hindlilər avtomobil şassisindəki haubitsalara istiqamət götürüblər. Çox təəccüblüdür ki, KSSL şirkətinin 2015-ci ildən (!!!) uzanan və öz layihəsi olan 39 çap uzunluqlu lüləyə malik 155 mm-lik Mountain Artillery Gun (MArG, dağ artilleriya silahı) haubitsasının yük maşınına quraşdırılması işi 2021-ci ildə qəflətən “uğurla” tamamlanıb. Nəticədə MArG TC-20 və ya MArG 155-BR məmulatı yaradılıb.

Atış məsafəsinin 24,7 km (aktiv-reaktiv mərmilərlə 30 km-ə qədər) olması prinsipcə “bütün ordu İstəkləri siyahısına” uyğun gəlməyi təmin edir.

Hərəkətlilik, hidravlikalı dayaq tavası, zirehli kabina və kifayətedici döyüş dəsti, “bir əldən” layiqli atəş basqını icra etməyə və sonra cavab gələnə qədər cəld atəş mövqeyini tərk etməyə imkan verir.

Haubitsa Hindistan istehsalı olan Ashok Leyland Mk 4 hərbi yük maşınının şassisinə yerləşdirilib, zirehli kabina 5 nəfər üçün nəzərdə tutulub.

Daşınan döyüş dəsti 18 dəst atəş yığımından ibarətdir. Özüyeriyən haubitsanın ümumi kütləsi 18 tondur. ÖAQ-ın atəş mövqeyində yürüş vəziyyətindən döyüş vəziyyətinə keçirilmə müddəti gündüz 1,5 dəqiqə, gecə isə 2 dəqiqə təşkil edir.

Onun 2022-ci ilin sonuna qədər soyuq şəraitdə işləməyə uyğunluq üçün “şimal rayonlarında” sınaqdan keçirilməsinə görə bu qərarın Hindistanın Çinlə bir mübahisəsi olan Himalay dağlarına yönəldiyini güman etmək olar. Qeyd etmək yerinə düşər ki, hazırda Çin də yüksək dağlıq ərazilərdə əməliyyatlar üçün texnikalarını fəal şəkildə inkişaf etdirir.

İstehsalçı MArG 155-BR ÖAQ-ı “4×4 təkər formullu avtomobilə quraşdırılmış dünyada yeganə 155 mm-lik 39 çap lülə uzunluqlu artilleriya sistemi” kimi reklam edir.

MArG 155-BR özüyeriyən haubitsasının əsas xassələri:

  • çapı – 155 mm
  • lüləsinin uzunluğu – 39 çap (6050 mm)
  • qabarit ölçüləri (UxExH) – 9391x2650x3160 mm
  • şassi növü – 4×4 təkər formullu yolsuzluq avtomobili
  • ümumi kütləsi – 18 ton
  • döyüş sursatı növü – tam NATO standartı və silahlanmada olan sursatları atmaq qabiliyyətinə malikdir
  • daşınan döyüş dəsti – 18 dəst atəş yığımı
  • yürüş vəziyyətindən döyüş vəziyyətinə gətirmə müddəti – gündüz 1,5 dəqiqə, gecə isə 2 dəqiqə
  • tuşlama bucaqları – qalxma: -2°…+72°, dönmə: ±25° (sağa və sola)

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS