Ermənistan silahlı qüvvələri Sədərək rayonu istiqamətində təxribata əl atıb
Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində təxribata əl ataraq yanğınlar törətməyə cəhd edib.
“Poliqon” NUHÇIXAN İnformasiya Agentliyinə istinadən xəbər verir ki, son günlər düşmən Ermənistan tərəfi yerli media orqanlarının və ermənilərə himayədarlıq edən xarici kütləvi informasiya vasitələrinin köməyi ilə Naxçıvanın həmsərhəd olduğu ərazilərin, xüsusilə də Arazdəyən yaşayış məntəqəsinin Azərbaycan hərbçiləri tərəfindən atəşə tutulması dezinformasiyalarını yaymaqla məşğuldur.
44 günlük Vətən müharibəsi ilə məğlubedilməzlik mifi darmadağın edilən və bu gün xaosun hökm sürdüyü erməni ordusunda qeyri-döyüş şəraitində baş verən itkilərin, xüsusilə də intihar hallarının ört-basdır edilməsi üçün güya müxtəlif mənbələrdən alınmış yalan məlumatların yayılması ilə Azərbaycan Ordusu haqqında mənfi düşüncələrin yaradılmasına çalışılır, Azərbaycan mövqeləri atəşə tutularaq vəziyyət gərginləşdirilir.
Ermənistan-Azərbaycan dövlət sərhəddinin Arazdəyən-Sədərək istiqamətində həm şəxsi heyətə, silah və texnikaya qarşı düşmən təxribatlar törədir, həm də ərazilərə ekoloji ziyanın vurulması üçün mütəmadi olaraq müxtəlif üsullara əl atılır. Düşmənin bu təxribatlarının qarşısı Azərbaycan bölmələri tərəfindən qətiyyətlə alınır.
Ermənistan-Azərbaycan dövlət sərhəddinin Arazdəyən-Sədərək istiqamətində çəkilişlər aparan zaman erməni hərbçilərinin Azərbaycan mövqelərini atəşə tutması ilə bərabər törətdikləri ekoloji terrorun da şahidi olduq. Revanşizm xülyaları ilə yaşayan düşmən əlindən bir iş gəlmədiyində müxtəlif üsullarla mövqelər arasındakı neytral əraziləri və əkin sahələrini yandırmağa cəhd edir. İnsanlığa faydalı bir iş görə bilməyən erməni vandallarının törətdikləri yanğınlar elə öz mövqelərinə od salıb. Kadrlardan da gördüyünüz kimi Azərbaycan əsgərləri ərazilərdəki yanğını söndürüblər. Düşmən komandanlığının öz əsgərinə etmədiyi yaxşılığı və insanpərvərliyi edən Azərbaycan tərəfi hümanist addım ataraq yanğının söndürülməsi üçün şərait yaradıb. Amma bir neçə gün əvvəl Naxçıvan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğınları söndürərkən ermənilər tərəfindən atəşə tutublar və nazirliyin bir nəfər yanğınsöndürən zabiti güllə yarası alıb.
Dezinformasiyalarla öz əhalisini və dünya ictimaiyyətini aldatmağa davam edən düşmən tərəfi güya İrəvan-Arazdəyən-Kərki istiqamətindəki yolun da atəşə tutulduğu yalanını tirajlayır. Arazdəyən istiqamətində çəkilişlər aparan zaman həmin yolun tam işlək vəziyyətdə olduğunu gördük.
Çəkilişlər zamanı qarşı tərəfin mövqeləri arasında mülki geyimdə bir neçə nəfərin gəzişdiyinin şahidi olduq. Əgər atəşkəs Azərbaycan tərəfindən pozulursa və ilk atəşi Azərbaycan Ordusu açırsa o zaman düşmən əsgərləri niyə bu cür rahat hərəkət edirlər? Çünki, erməni tərəfi Azərbaycan Ordusunun hərbi qulluqçularının heç vaxt mülki əhaliyə atəş açmadığını yaxşı bilir. Məhz ona görə də erməni komandanlığı öz hərbçilərini qəsdən mülki geyimdə ön xətt boyu təxribatlara cəlb edir.
Çəkiliş müddətində görüb şahidi olduq ki, əməliyyat şəraiti Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin tam nəzarətindədir və Naxçıvan sərhəddi boyu erməni vandallarının törədə biləcəyi təxribatlarının qarşısı qətiyyətlə alınır və alınacaqdır.