Ermənistan Su-30SM qırıcılarının təkmilləşdirilməsi üçün Hindistandan kömək istəyir

Ermənistan Su-30SM qırıcılarının təkmilləşdirilməsi üçün Hindistandan kömək istəyir

Ermənistan Rusiya istehsalı olan Su-30SM qırıcılarından ibarət (4 ədəd) kiçik aviasiya parkını təkmilləşdirmək üçün Hindistandan kömək istəyir.

“Poliqon” “Hindustian Times” nəşrinə istinadən xəbər verir ki, Su-30SM-lərin təkmilləşdirilməsinə avionika, elektron müharibə və silah sistemləri daxildir.

“Biz Su-30-larımızı “Hindustan Aeronautics Limited” (HAL) şirkətinin köməyi ilə modernləşdirməyə çalışırıq, çünki o, bu sahədə böyük təcrübəyə malikdir”, – deyə Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin rəisi Hovhannes Vardanyan bildirib.

Eyni zamanda, Hindistanın yüksək səviyyəli rəsmisi də HAL tərəfindən bu təkmilləşdirmənin həyata keçirilməsində tərəflərin maraqlı olduğunu təsdiqləyib.

Hindistanlı rəsminin sözlərinə görə, məsələ ilə bağlı bir sıra danışıqlar gedir, lakin bu, hələlik ilkin mərhələdədir. O, Ermənistanın istifadə etdiyi Su-30SM qırıcılarının Hindistan Hərbi Hava Qüvvələrinin xidmətindəki Su-30MKI-lərdən fərqləndiyini də əlavə edib.

Həmçinin Ermənistan Su-30SM-lərin təkmilləşdirilməsi ilə yanaşı, onların silah arsenalının genişləndirilməsi üçün də danışıqlar aparır. Bu çərçivədə Ermənistan Hindistandan “hava-hava” tipli “Astra” raketlərini almaq istəyir.

Bütün bunlardan əlavə, Su-30SM pilotlarının və qırıcılara qulluq göstərəcək texniki işçilərin hazırlanması üçün Hindistan tərəfindən ermənistanlı heyətə təlimlərin keçirilməsi də nəzərdə tutulur.

CATEGORIES