Ermənistanın Baş Qərargah rəisi və yüksək rütbəli zabitləri vəzifəsindən kənarlaşdırılıb

Ermənistanın Baş Qərargah rəisi və yüksək rütbəli zabitləri vəzifəsindən kənarlaşdırılıb

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan vəzifəsindən azad edilib.

“Poliqon” xəbər verir ki, bu barədə Ermənistan prezidentinin vəzifəsini icra edən Alen Simonyan sərəncam imzalayıb.

Alen Simonyanın başqa sərəncamları ilə Ermənistanın Baş Qərargah rəisinin müavini və Baş Kəşfiyyat İdarəsinin rəisi Arayik Arutyunyan, Silahlı Qüvvələrin Arxa Cəbhə rəisi Romik Marqaryan, Silahlı Qüvvələrin Təlim Baş İdarəsinin rəisi – Baş Qərargah rəisinin müavini Andranik Makaryan, Raket Qoşunlarının və Silahlı Qüvvələrin Artilleriya İdarəsinin rəisi Armen Arutyunyan, Mühəndis Qoşunları İdarəsinin rəisi Armen Aruşanyan və başqaları tutduqları vəzifədən azad edilib.

Ermənistan hökuməti yüksək rütbəli zabitlərin Silahlı Qüvvələrdən kənarlaşdırılmasının səbəbini açıqlamayıb.

Qeyd edək ki, bir neçə ay bundan əvvəl Ermənistan mediası Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Artak Davtyanın həbs ediləcəyini bildirmişdi: “Ermənistanın yeni təyin edilən müdafiə naziri Suren Papikyan Müdafiə Nazirliyindəki bütün kadrları silkələmək və təşəbbüsü ələ almaq üçün gətirilib. Təmizliyə başlamaq üçün uyğun kadrlar axtarır. Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın da tutduğu vəzifədən azad edilməsi üçün siyasi qərar qəbul olunub. Ancaq yeni nazir hələ ki tələsmir. Çünki onu əvəz edəcək uyğun heyət yoxdur. Baş Qərargah rəisi iki səbəbə görə işdən çıxarıla bilər: silahlı qüvvələrin döyüş qabiliyyəti və mütəşəkkiliyi lazımi səviyyədə deyil. Buna Baş Qərargah rəisi cavabdehdir. Yaxın günlərdə Artak Davtyanın həbs ediləcəyi də istisna edilmir. Bu həm də onun əvəz edilməsi ilə bağlı siyasi qərarın qəbul olunmasından irəli gəlir”.

Poliqon.az

CATEGORIES
TAGS