QuruXəbərlər

Ermənistanın Fransadan aldığı CAESAR-lar ilk dəfə görüntüləndi – VİDEO

Ermənistan Fransadan aldığı CAESAR özüyeriyən artilleriya qurğularını (ÖAQ) mayın 28-də keçiriləcək hərbi paradda geniş ictimaiyyətə nümayiş etdirəcək.

“Poliqon” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Instagram” hesabında videogörüntü paylaşıb.

Yayımlanan videoda mayın 28-də Respublika Günü münasibətilə Yerevan şəhərinin mərkəzində keçiriləcək hərbi paradın məşqləri əks olunub. Məşqlər zamanı Ermənistan Ordusunun Fransa istehsalı olan CAESAR özüyeriyən artilleriya qurğuları ilk dəfə görüntülənib.

Həmçinin paradda Ermənistan istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) da keçid edəcəyi bildirilib.

Qeyd edək ki, CAESAR (Camion équipé d’un système d’artillerie) Fransanın “KNDS France” (əvvəlki adı “Nexter”) şirkəti tərəfindən istehsal edilən 155 mm-lik özüyeriyən artilleriya qurğusudur. 2024-cü ilin iyun ayında Fransa və Ermənistan arasında CAESAR ÖAQ-ların satın alınması üçün müqavilə imzalanıb.

Zirehli kabinaya malik 6×6 təkər formullu “Renault Sherpa 10” şassisində quraşdırılmış ÖAQ-ın artilleriya hissəsi 155/52 çap uzunluğunda lüləyə malik TR F1 haubitsasının təkmilləşdirilmiş variantıdır.

Haubitsadan ERFB mərmilərlə elan edilmiş atış məsafəsi 41 km, M982 “Excalibur” aktiv-reaktiv mərmilərlə 46-49 km, М2005 V-LAP mərmilərlə isə 54 km-dir. Atəş tezliyi 6 saniyədə 3 atış, daşınan döyüş dəsti 18 atəş yığımıdır. Gövdə uzunluğu 10500 mm, eni 2500 mm və hündürlüyü 3260 mm-dir. Döyüş vəziyyətində çəkisi 17,7 ton, heyəti 4-5 nəfərdir.

Back to top button