AnalizXəbərlər

Ermənistanın hərbi paradda nümayiş etdirdiyi yeni silah və texnikalar – TƏHLİL

Mayın 28-də Ermənistanın paytaxtı İrəvanda Respublika Gününə həsr olunan hərbi parad keçirilib. 1918-ci ildə Ermənistanın Birinci Respublikasının elan edilməsinin 108-ci ildönümünə təsadüf edən tədbir son 10 ildə ölkədə keçirilən ilk genişmiqyaslı hərbi parad olub.

“Poliqon”un məlumatına görə, parad Ermənistan Ordusunun son illərdə həyata keçirdiyi silahlanma və modernizasiya proqramlarının nümayişi baxımından diqqət çəkib. Tədbirdə həm xaricdən alınmış yeni silah sistemləri, həm də Ermənistanın yerli müdafiə sənayesi tərəfindən hazırlandığı bildirilən məhsullar təqdim olunub.

Parad zamanı İran, Fransa, Hindistan, Çin və Rusiya istehsalı olan müxtəlif silah və texnikalar nümayiş etdirilib. Bununla yanaşı, Ermənistanın pilotsuz sistemlər, radioelektron mübarizə vasitələri və yerli istehsal PUA-ları sahəsində fəaliyyətini genişləndirməyə çalışdığı da müşahidə olunub.

Ermənistanın Baş naziri Nikol Paşinyan çıxışında ordunun əsas vəzifəsinin ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin müdafiəsi olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan Ordusu beynəlxalq müqavilələr çərçivəsində həyata keçirilən sülhməramlı missiyalar istisna olmaqla ölkə sərhədlərindən kənarda istifadə edilməməlidir.

N.Paşinyan həmçinin qeyd edib ki, 2022-ci ilə qədər Ermənistanın beynəlxalq silah bazarına çıxışı məhdud olub. Baş nazir iddia edib ki, Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanımasından sonra beynəlxalq silah bazarı İrəvan üçün daha əlçatan olub.

Baş nazir parad zamanı nümayiş etdirilən silahların yeddi ölkədə istehsal olunduğunu vurğulayıb. O əlavə edib ki, Ermənistan müdafiə sənayesi də beynəlxalq bazara çıxmaq istiqamətində fəaliyyətini genişləndirməyə çalışır.

Paradın ən çox diqqət çəkən sistemlərindən biri İran istehsalı olan AD-08 “Majid” qısa mənzilli hava hücumundan müdafiə sistemi olub. Ermənistan Ordusunda “Scorpion” adı ilə təqdim edilən kompleks əvvəlki “Majid” versiyalarından fərqli olaraq radar inteqrasiyalı konfiqurasiyada nümayiş etdirilib.

Paradda Fransa istehsalı olan 155 mm-lik CAESAR özüyeriyən artilleriya qurğuları da ilk dəfə ictimaiyyət qarşısında nümayiş etdirilib. Ermənistanın bu sistemlərin alınmasına dair müqaviləni 2024-cü ildə imzalayıb. Parad zamanı CAESAR sistemləri “Aramazd” adı altında təqdim olunub.

Fransa istehsalı olan “Bastion” zirehli maşınları da nümayiş etdirilən texnikalar sırasında yer alıb. Ermənistanın bu platformaları 2023-cü ilin sonlarından etibarən əldə edib. Bundan əlavə, “Bastion” maşınlarının üzərində Belçika istehsalı “M2 Browning” ağır pulemyotlarının quraşdırıldığı diqqət çəkib.

Hindistan istehsalı olan silah sistemləri paradın əsas komponentlərindən birini təşkil edib. Ermənistan “Akash” zenit-raket kompleksini “Lusan”, “Pinaka” yaylım atəşli reaktiv sistemini isə “Şant” adı altında təqdim edib. Bundan başqa, “Swathi” radiolokasiya sistemləri (“Paylatsu”), ATAGS və “Trajan” haubitsaları, eləcə də “MArG” özüyeriyən artilleriya qurğuları nümayiş etdirilib.

Parad zamanı Hindistan istehsalı “Tata” zirehli maşınları da nümayiş olunub. Bununla yanaşı, “Shchit-200” radiolokasiya sistemi və pilotsuz uçuş aparatlarının peyk siqnallarını boğmaq üçün nəzərdə tutulduğu bildirilən “Tuman” radioelektron mübarizə sistemi də təqdim edilib.

Çin istehsalı olan CH-4B pilotsuz uçuş aparatı və “Wolf” robotlaşdırılmış platforması da paradda yer alıb. Ermənistan Ordusunda “Agegh” adı ilə təqdim olunan CH-4B PUA həm kəşfiyyat, həm də zərbə əməliyyatları üçün istifadə oluna bilir. Ermənistan həmçinin Çin istehsalı olduğu ehtimal edilən GAM-102LR tank əleyhinə raket kompleksini “Nizak” adı ilə nümayiş etdirib.

Paradın diqqət çəkən istiqamətlərindən biri də pilotsuz sistemlər olub. Ermənistan yerli istehsal olduğu bildirilən müxtəlif kəşfiyyat və zərbə PUA-larını nümayiş etdirib. Bunlar arasında “Megu-1”, “Megu-5”, “Dev-1-1”, “Dev-4”, “Dev-K”, “Vorot-1”, “Molniya”, “DDS-3 Dragonfly”, “Vorot-2”, “Ştorm”, “BIP-10”, “UL-450”, “AW-5A” və “SBN-1” aparatları yer alıb.

Parad zamanı Rusiya istehsalı olan “Tor-M2KM” HHM sistemləri, “TOS-1A Solntsepyok” ağır odsaçan sistemi, “Kornet-M” tank əleyhinə raket kompleksi və D-30 haubitsaları da nümayiş olunub.

Tədbirin sonunda Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 helikopterləri, Su-30SM qırıcıları və Su-25 hücum təyyarələri uçuş həyata keçirib. Ermənistan tərəfi Su-30SM təyyarələrinin artıq hava-hava tipli raketlər və planlaşdırılan aviasiya bombaları ilə silahlandırıldığını açıqlayıb.

Diqqət çəkən məqamlardan biri isə Ermənistan Ordusunun arsenalında ən mühüm sistemlərdən hesab edilən “İsgəndər-E” operativ-taktiki raket komplekslərinin və S-300 HHM sistemlərinin paradda nümayiş etdirilməməsi olub. Eyni zamanda, ABŞ istehsalı V-BAT kəşfiyyat dronları da tədbirdə görünməyib.

Ümumilikdə, 28 May hərbi paradı Ermənistanın son illərdə həyata keçirdiyi hərbi modernizasiya siyasətinin nümayişi kimi qiymətləndirilə bilər. Parad göstərdi ki, İrəvan silah tədarükü sahəsində Rusiyadan asılılığı azaltmağa və Fransa, Hindistan, İran və Çin kimi ölkələrlə hərbi-texniki əməkdaşlığı genişləndirməyə çalışır.

Bununla yanaşı, nümayiş etdirilən sistemlər Ermənistanın xüsusilə pilotsuz uçuş aparatları, qısa mənzilli hava hücumundan müdafiə vasitələri, radioelektron mübarizə sistemləri və uzaqmənzilli artilleriya imkanlarını inkişaf etdirməyə prioritet verdiyini göstərir.

Back to top button