Ermənistanla sərhəddə qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağı qaldırılıb – FOTO/VİDEO
Azərbaycanın Ermənistanla sərhədində qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.
“Poliqon” xəbər verir ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının polkovniki, Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov sərhəd-buraxılış məntəqəsində bayrağın qaldırılması barədə Prezident İlham Əliyevə məruzə edib.
“Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, məruzə edirəm ki, tapşırığınıza uyğun olaraq, Azərbaycan-Ermənistan dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan üç rəngli dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur.
Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”, – deyə məruzədə bildirilib.
Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.