
Estoniya Cənubi Koreyanın “Hanwha Aerospace” şirkəti tərəfindən istehsal edilən əlavə üç ədəd “Chunmoo” yaylım atəşli reaktiv sistem (YARS) alır.
“Poliqon” Estoniya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunun üçün Estoniya Müdafiə İnvestisiyaları Mərkəzi (ECDI) ilə Cənubi Koreyanın KOTRA satınalma qurumu arasında müqavilə imzalanıb.
“Chunmoo” yüksək mobillik, sürətli və dəqiq atəş gücü təmin etmək üçün hazırlanmış müasir yaylım atəşli reaktiv sistemdir. Sistem yüksək hərəkət qabiliyyətinə malik 8×8 təkər formullu taktiki yük maşınının şassisi üzərində qurulub. YARS 80 kilometrədək mənzilə malik 239 mm-lik idarəolunan raketlər, həmçinin 290 kilometrədək mənzilə malik CTM-290 taktiki ballistik raketlərini buraxa bilir.
Xatırladaq ki, “Chunmoo” YARS-ların tədarükünə dair ECDI “Hanwha Aerospace” şirkəti ilə 290 milyon ABŞ dolları dəyərindəki ilk müqaviləni 2025-ci ilin dekabr ayında imzalayıb. Həmin müqaviləyə altı buraxıcı qurğunun və üç növ raketin (CGR-080, CTM-MR və CTM-290) tədarükü, habelə əməliyyat və təlim dəstəyi daxil idi. İlk sifariş üzrə “Chunmoo” YARS-ların birinci partiyasının 2027-ci ilin ikinci yarısında Estoniyaya çatdırılması planlaşdırılıb.




