
Almaniyanın “Diehl Defence” şirkəti ilk IRIS-T SLM hava hücumundan müdafiə (HHM) sistemini Estoniya Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verib.
“Poliqon” “Diehl Defence”yə istinadən xəbər verir ki, bununla Estoniya öz hava məkanının qorunması üçün döyüş şəraitində sınaqdan çıxmış IRIS-T SLM sistemindən istifadə edən növbəti NATO ölkəsinə çevrilib.
Çatdırılma həmçinin Almaniyanın təşəbbüsü ilə 2022-ci ildə yaradılan “European Sky Shield Initiative” (ESSI) proqramının əhəmiyyətini də ön plana çıxarır. Hazırda 23 ölkənin qoşulduğu proqram çərçivəsində Almaniya, Estoniya, Latviya, Sloveniya, Bolqarıstan, İsveç, Danimarka və İsveçrə IRIS-T SLM sistemini satın alıb.
IRIS-T SLM hərbi qüvvələri, mülki əhalini və kritik infrastrukturu təyyarələr, helikopterlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarından qorumaq üçün nəzərdə tutulub. HHM sistemi 40 km-ə qədər məsafədə və 20 km hündürlükdə hədəfləri məhv edə bilir.
Bir atəş bölməsinə buraxılış qurğusu, radar və döyüş idarəetmə məntəqəsi daxildir. Sistem yüksək taktiki mobillik, 360 dərəcə əhatə imkanları və eyni anda bir neçə hədəfə qarşı fəaliyyət qabiliyyəti ilə seçilir.
Şirkətin məlumatına görə, Ukraynada əməliyyat istifadəsi zamanı sistem 95 faizdən çox uğurlu məhvetmə göstəricisi nümayiş etdirib.




