Xəbərlər

Etibar Mirzəyev: Vətən müharibəsində FHN-in üzərinə düşən vəzifələr şərəflə yerinə yetirilib

Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Ordumuz cəmi 44 gün ərzində tarixdə misli görünməmiş qəhrəmanlıq göstərərək 30 ilə yaxın müddətdə düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etdi.

“Poliqon”un məlumatına görə, bu fikirləri fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev FHN-in Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş mərasimdə deyib.

Bu günün tarixi əhəmiyyətindən danışan E.Mirzəyev qeyd edib ki, Vətən yolunda canlarını fəda etmiş şəhidlərimizin yenilməz iradəsi və qəhrəmanlıqları sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

“Böyük Zəfərlə bitmiş Vətən müharibəsində Fövqəladə Hallar Nazirliyinin də şəxsi heyəti üzərinə düşən vəzifələri şərəflə yerinə yetirib, xüsusilə düşmənin mülki obyektlərə endirdiyi zərbələr nəticəsində baş vermiş yanğınların söndürülməsi, dağıntılar altından insanların xilas edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülüb”, – deyə general-leytenant Etibar Mirzəyev vurğulayıb.

Həmçinin, FHN-in bir qrup əməkdaşının müharibədə Ordu sıralarında döyüşdüyünü xatırladan nazir müavini təəssüflə qeyd edib ki, müharibə günlərində oktyabrın 28-də Ermənistan tərəfindən döyüş bölgəsindən kənarda yerləşən Bərdə şəhərinə endirilmiş raket zərbələri nəticəsində Nazirliyin Mülki müdafiə qoşunlarının 1 hərbi qulluqçusu xidməti vəzifələrini yerinə yetirərkən şəhid olub.

Poliqon.az

Back to top button