
ƏÜO-da növbəti zabit heyətinin təkmilləşdirilməsi kursu başa çatıb – VİDEO
Əlahiddə Ümumqoşun Orduda növbəti dəfə təşkil edilmiş zabit heyətinin təkmilləşdirmə kursunu uğurla bitirən məzunlar yuxarı vəzifələrə təyin olunublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə bu münasibətlə təntənəli mərasim keçirilib.
Mərasimdə əvvəlcə şəhidlərin əziz xatirəsi yad edilib və Azərbaycan Dövlət Himni səsləndirilib.
Polkovnik Mübariz Rzayev kurs zamanı keçirilmiş məşğələlərdə əsas diqqətin 44 günlük Vətən müharibəsində qazanılan təcrübənin öyrənilməsinə yönəldildiyini, silahlanmaya yeni daxil edilmiş ən müasir silah və hərbi texnika nümunələrinin real döyüş şəraitində tətbiq edildiyini qeyd edib.
Məzunlar adından çıxış edən mayor Amil Tağıyev kursda qazandıqları yeni taktiki bilikləri, eləcə də idarəçilik və təşkilatçılıq bacarıqlarını xidmət yerlərində uğurla tətbiq edəcəklərinə söz verib.
Məzunları təbrik edən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində formalaşmış peşəkar Azərbaycan Ordusu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin Aprel və 2018-ci ilin Günnüt zəfərlərini qazandı, 2020-ci ildə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu. Vətən Müharibəsi Azərbaycan Ordusunun gücünü, milli iradəsini və birliyini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi ruhla, peşəkarlıq və qəhrəmanlıqla şərəfli missiyanı yerinə yetirdi, doğma torpaqlar işğaldan azad edildi.
General-polkovnik Kərəm Mustafayev qeyd edib ki, Azərbaycanın dinamik inkişafı nəticə etibarı ilə Əlahiddə Ümumqoşun Ordunun döyüş arsenalının ən müasir silah və texnika təminatına, bütün parametrlər üzrə müasir standartlar səviyyəsinə yüksəlməsinə şərait yaradıb. Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı sayəsində hərbi infrastrukturun müasirləşdirilməsi, şəxsi heyətin nümunəvi xidməti və döyüş qabiliyyətinin artırılması üçün mühüm işlər görülür. Peşəkar hərbçilərin yetişdirilməsi məqsədilə Əlahiddə Ümumqoşun Orduda təşkil edilən kurslar ordu quruculuğu istiqamətində görülən işlərin məntiqi davamıdır.
Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib.
Kurs birincisi xatirə lövhəsinə buraxılış emblemini vurub və məzunların yeni vəzifələrə təyin olunmaları ilə bağlı əmrlər mərasim iştirakçılarına çatdırılıb.
Əmrlər oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.